
Xocalı, Xankəndi və Şuşada ilk dəfə buraxılış imtahanı keçiriləcək
Xankəndi şəhəri 4 nömrəli, Xocalı və Şuşa şəhəri 1 nömrəli tam orta məktəblərdə, eləcə də Laçın rayonunun Sus kənd tam orta məktəbində ilk dəfə buraxılış imtahanı təşkil olunacaq.
Bildirilib ki, martın 2-də işğaldan azad edilmiş Ağdərə, Şuşa, Laçın, Xankəndi və Xocalı rayonlarında tam orta təhsil səviyyəsi (11-ci sinif) üzrə buraxılış imtahanı baş tutacaq.
Bundan əlavə, Laçın rayonunun 2 nömrəli tam orta məktəbi, Zabux kənd tam orta məktəbi və Ağdərə rayonunun Talış kənd tam orta məktəbində də buraxılış imtahanları keçiriləcək. Qeyd olunan məktəblərdə bu, artıq ikinci belə imtahandır.
İşğaldan azad edilmiş rayonlarda buraxılış imtahanları ümumilikdə 7 binada təşkil olunacaq. İmtahan prosesinə nəzarət etmək üçün 7 bina nümayəndəsi və 7 imtahan rəhbəri təyin edilib.
Ümumilikdə, bu rayonlarda keçiriləcək imtahanlara 45 şagirdin qatılması nəzərdə tutulur. DİM-in əməkdaşları imtahan keçiriləcək binalara əvvəlcədən baxış keçirərək zəruri hazırlıq tədbirlərini həyata keçiriblər.
Qeyd edək ki, martın 2-də həmçinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Kürdəmir, Lənkəran, Cəlilabad, Yardımlı, Bərdə, Tərtər, Ağdam, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Şabran, Ağdərə (Talış kənd tam orta məktəbi), Çilov adasında yerləşən məktəblərdə və tədrisi ingilis və fransız dillərində aparılan məktəblərdə də buraxılış imtahanları təşkil olunacaq.