Bu gün:


İran ermənilərinin ən çox yaşadığı şəhər

Tarix: 14.11.2021 / 14:14  •   Oxundu: 141 dəfə  •  

İran İslam Respublikasının Konstitusiyası İslam, Xristianlıq, Yəhudilik və Zərdüştiliyi rəsmi dinlər kimi tanıyır.
 
İran mətbuatına istinadən verdiyi məlumata görə, yəhudilər qədim zamanlardan bu bölgədə yaşayıblar və İranın yəhudilik tarixində xüsusi yeri var. 1979-cu il inqilabından əvvəl bu ölkədə 80 minə yaxın yəhudi yaşayıb. O vaxtdan bəri onların sayı xeyli azalıb və hazırda 20 mindən aşağıdır.
 
İranda xristianlığın da kifayət qədər mürəkkəb tarixi olduğu bildirilir. Tarixi məlumatlara görə, III əsrə qədər bütün Sasani imperiyasında xristianlıq çiçəklənib və burada Şərq kilsəsi (Fars kilsəsi) adlanan kilsə yaranıb.
Tarixən İranda İslam dini yayıldıqdan sonra bölgədə xristianlığın varlığı getdikcə zəifləməyə başlayıb.
 
İrandakı qədim xristian icmasının qalıqları assuriyalılardır. İndi İranda onların 60 minə yaxın nümayəndəsi  var, Urmiya gölü ərazisində yaşayırlar. Onların yarısından bir qədər az hissəsi Nestorian teoloqu Teodor Mopsuestiyanın təlimlərinə əməl edən qədim Şərq kilsəsinə aiddir. Assuriyalıların digər yarısı 16-cı əsrdə Şərq kilsəsindən ayrılmış Şərqi katoliklərdir. Onlar Roma Katolik kilsəsinin təlimlərinə əməl edirlər. İki-üç min nəfər olmaqla qalan assuriyalılar protestantlardır.
 
Ermənilər müasir İranda xristianların digər ən böyük qrupunu təşkil edir. İranda ermənilərin sayının 250 min nəfərdən çox olduğu bildirilir.
 
Ermənistan Səfəvilərin hakimiyyəti altında olarkən I Şah Abbas ayrı-ayrı yerlərdən 300 minə yaxın ermənini paytaxt İsfahanın ətrafında salınmış Yeni Culfa yaşayış məntəqəsinə köçürmüşdü. Yeni Culfa indi də İranda erməni xristianlığının mərkəzi olaraq qalır.