Xəzər dənizi seysmik baxımdan aktiv bölgələrdən biridir və bu ərazilərdə yeraltı təkanların baş verməsi təbii haldır.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı məlumat verib.
"Xəzər dənizində son iki gündə qeydə alınan (ml=3.1 və ml=3.5) hər iki zəlzələ zəif olub. Zəlzələ ocaqları sahil ərazilərimizdən uzaq məsafədə yerləşdiyi üçün quruda heç bir təsir hiss edilməyib. Bu baxımdan, həmin zəlzələlərlə bağlı narahatlığa əsas yoxdur," - deyə o bildirib.
Vüsalə Rafiqqızı qeyd edib ki, maqnitudası 3 və daha yuxarı olan zəlzələlərlə bağlı məlumatlar beynəlxalq seysmoloji təşkilatlarla razılaşdırılmış protokola uyğun olaraq ictimaiyyətə təqdim edilir.
Xatırladaq ki, son iki gündə Xəzər dənizində 3,1 və 3,5 maqnitudalı zəlzələlər qeydə alınıb.