
Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizm Komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin Azərbaycana girişinə qadağa qoyulub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli medianın Rusiyanın Dövlət Dumasının deputatının Azərbaycan əleyhinə fikirləri və ona qarşı atılacaq addımlarla bağlı sualına cavab olaraq bildirib.
Qeyd olunub ki, Nikolay Valuyevin Azərbaycan dövləti və xalqı barədə səsləndirdiyi təhqiramiz ifadələr və təhdid xarakterli fikirlər tamamilə qəbuledilməzdir. Bununla əlaqədar olaraq onun adı Azərbaycan Respublikasına girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edilib və ölkəmizə girişinə icazə verilməyəcək.
Bildirilib ki, bu, Rusiya Dövlət Dumasının deputatlarının “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsi ilə bağlı ilk hadisə deyil. Daha əvvəl də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərmiş Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB ilə İş Komitəsinin birinci müavini Konstantin Zatulin və Ailənin Müdafiəsi Komitəsinin sədr müavini Vitaliy Milonov “arzuolunmaz şəxslər” siyahısına daxil edilib.
Təəssüflə qeyd edilməlidir ki, ölkəmizə qarşı çıxış edən bu deputatların hamısı Rusiyanın hakim partiyası olan “Vahid Rusiya” (Yedinaya Rossiya) partiyasının üzvləridir.
Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı çıxan şəxslərə qarşı bundan sonra da ölkə qanunvericiliyi çərçivəsində müvafiq tədbirlər görüləcək.