Bu gün:


Şuşa şəhərində Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində 10 bina inşa edilir

Tarix: 28.03.2025 / 23:33  •   Oxundu: 0 dəfə  •  

Şuşa şəhərinin Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində müxtəlif məqsədlər üçün nəzərdə tutulmuş 10 binanın tikintisi həyata keçirilir.


Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktorunun müavini Vüqar Məhərrəmov Azərtac-a məlumat verib.


O bildirib ki, inşa edilən binalar sırasında mehmanxana, ofislər, ictimai-iaşə obyektləri və Şuşa Qoruq İdarəsinin sifarişi əsasında tikilən iki bina da var. Tikinti işləri yüksək standartlara uyğun şəkildə və şəhərin ümumi memarlıq üslubuna əsasən aparılır. Binaların inşasında Şuşa daşlarından istifadə edilir və şəhərin tarixi-mədəni irsinə uyğunluq qorunur. Bu layihələr Şuşanın inkişafına yönəlmiş strateji addımlardan biridir.


V. Məhərrəmov əlavə edib ki, Qarabağ küçəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin sifarişi ilə tikilən binanın birinci və ikinci mərtəbəsində yerləşəcək ictimai-iaşə obyektində qədim Qarabağ mətbəxinin unudulmuş nümunələri təqdim olunacaq. Bu isə Şuşaya gələn ziyarətçilər üçün xüsusi maraq doğuracaq.


Qeyd edək ki, martın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya səfər edərək Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən tikinti işlərinin və yaradılan şəraitin vəziyyəti ilə tanış olublar.