Bu gün:


Maksim Şevçenko: “Paris Ermənistanla Azərbaycan arasında yeni müharibə yaradır”

Tarix: 29.10.2022 / 19:37  •   Oxundu: 97 dəfə  •  

“Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası barədə danışır. Eyni zamanda Kremlin təbliğatçıları “Qarabağ Ermənistandır” deyə şivən salırlar. Necə istəyirsinizsə, elə də anlayın. Mənə elə gəlir ki, burada Karl Qustav Yunq lazımdır (məşhur isveçrəli psixiatr, analitik psixologiyanın banisi – red.)”.
 
Bunu tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Soçidə keçiriləcək mühüm görüş öncəsi Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesini şərh edərkən bildirib:
 
O, mətbuatda geniş işıqlandırılan daha bir hadisəyə - Fransa Prezidenti Makronun Azərbaycana faktiki olaraq müharibə elan etməsinə diqqət çəkib və onun çıxışını dəhşətli adlandırıb.
 
“Noyabrın 15-də isə Fransa Senatı Azərbaycana qarşı sanksiyaları müzakirə edəcək. Bu anti-Türkiyə və anti-Azərbaycan sənədin qəbul ediləcəyinə şübhə edənlər azdır. Bəzi məlumatlara görə, orada “Qarabağ Ermənistandır” və s. bunun kimi şeylər deyiləcək”, - deyə ekspert bildirib.
 
Şevçenkonun sözlərinə görə, Paris Ermənistanla Azərbaycan arasında yeni müharibə yaradır. Ekspert bildirib ki, Fransa alyansların qurulduğu Aralıq dənizinin cənub-şərqindəki qaz ehtiyatlarına görə Türkiyə ilə həlledici qarşıdurmaya girib:
 
“Birincisi Fransa-Yunanıstan-Yunan Kipri-Misir-Liviya generalı Haftardır. İkincisi, Türkiyə-Azərbaycan-Pakistan (Aralıq dənizindən uzaqda olsa da) - Liviya Milli Şurasıdır. Aralıq dənizində Türkiyənin mövqeyini zəiflətmək üçün Fransa Ermənistanla Azərbaycan arasında yeni müharibəni alovlandırmalıdır. Vəzifə Bakı ilə Ankaranın diqqətini yayındırmaq və Aralıq dənizində qaz yataqlarının ələ keçirilməsi məsələsini həll etməkdir. Qaz və uranla təminat məsələsi (Fransada 50-dən çox nüvə reaktoru işləyir - red.) Paris üçün strateji məsələdir”.
 
O, yeri gəlmişkən xatırladıb ki, bu gün Azərbaycan qazının Avropada əsas distribütoru İtaliyadır və onu Türkiyə vasitəsilə alır.
 
“İtaliyada, Aİ-nin prinsiplərini, yumşaq desək, tənqid edən hökumət hakimiyyətə gəlib. Eyni zamanda, İtaliya Avropada Türkiyə, Azərbaycan və hətta müəyyən qədər Rusiyanın müttəfiqidir. Mənə deyə bilərlər ki, mən 19-cu əsrin hansısa dərsliyindən sitat gətirirəm, amma dünya yenidən dəyişib. Açıq sərhədlər, yeni siyasi düşüncə prinsipləri işləmir, bunu başa düşmək lazımdır. Köhnə dünyanın dəyişdiyini ilk dərk edən siyasətçilərdən biri də Azərbaycan Prezidenti İlham Əliyev olub”, - deyə politoloq bildirib.
 
O, ölkələrin imperialist müharibələr dövrünə qayıtdığını, başqa sözlə, yeni mərhələnin başladığını vurğulayıb.
 
“Sizi əmin edirəm ki, Ermənistan indi partlayıcılar doldurulan detonatora çevrilə bilər. Artıq vahid Qərb yoxdur və burada, Cənubi Qafqaz regionunda Fransa, İran və qismən də ABŞ-ın mövqeləri təəccüblü şəkildə üst-üstə düşür (Vaşinqton sadəcə olaraq bu xaosu idarə etmək istəyir). İndi İran həmçinin xalqın İslam rejimindən yorulmasından, İslam İnqilabı Keşikçiləri Korpusunun sərtliyindən və s. istifadə edən Qərb kəşfiyyat orqanlarının hücumlarına məruz qalır. İslam rejimi modernləşməyə məcbur olsa da, sağ qalacaq. İstənilən halda İran Ermənistanın müttəfiqi olaraq qalacaq. Tehran Türkiyə-Azərbaycan tərəfdaşlığından qorxur. Təsadüfi deyil ki, Hindistan silahlarının İran vasitəsilə Ermənistana çatdırılması ehtimalı barədə məlumatlar var”, - deyə Şevçenko əlavə edib.
 
Gürcüstan məsələsinə də toxunan rusiyalı ictimai xadim onun prezidenti, fransalı Salome Zurabişvilinin Fransa Xarici İşlər Nazirliyində çalışdığını vurğulayıb.
 
“Gürcüstan hökumətində çoxlu keçmiş Fransa vətəndaşları var (“keçmiş” isə ümumiyyətlə olmur). Gürcüstan elitası “Fransa klubları” ilə sıx bağlıdır. Gürcüstan Prezidenti Salome Zurabişvili bu yaxınlarda Rumıniyaya rəsmi səfəri zamanı Konstansa - Batumi - Poti limanları arasında müntəzəm bərə reyslərinin açılması məsələsini müzakirə edib”, - deyə ekspert qeyd edib.
 
Onun sözlərinə görə, bu, “partlayıcılarla doldurulan” Ermənistana Qərb silahlarının çatdırılması ehtimalıdır.
 
“Azərbaycan bunu gözdən qaçıra bilərdi, çünki böyük şeyləri uzaqdan görmək mümkündür, siz isə Gürcüstanın yanındasınız. Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Tbilisiyə səfəri də bu məqamla bağlı ola bilər”, - deyə Şevçenko sözlərini yekunlaşdırıb.