Bu gün:


31 İLLİK ÖMÜRLÜK MƏHKUM PREZİDENTDƏN NƏ İSTƏDİ ?!

Tarix: 02.09.2020 / 13:42  •   Oxundu: 319 dəfə  •  


31 ildir ki,Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Quliyev Əli Cahangir oğlu  Prezident İlham Əliyevə  və  İDEAL MEDİA  GROUP-a müraciət etmişdir.
Müraciəti olduğu kimi diqqətinizə çatdırırıq :
Hörmətli cənab Prezident !
Mən 31 ildir ki,məhkumluq həyatı yaşayıram.
Sizin şəxsi təşəbbüsünüzlə-"cəza siyasətinin humanistləşdirilməsi" ilə əlaqədar imzaladığınız 10 fevral 2017-ci il tarixli, sərəncam əsasında Milli Məclis AR-sı CM və CİM-nə bir sira əlavələr edərək qanun qəbul etmiş və həmin Qanun 1 dekabr 2017-ci il tarixindən qüvvəyə minmişdir.
Yeni qanunvericiliyə görə ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən hər bir məhkum cəzanın 25 ilini çəkdikdən sonra,cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmaları və ya müəyyən müddətə- (10 ilə qədər) azadlıqdan məhrumetmə ilə əvəz olunmaları üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər.(AR-sı CM,maddə 57.3)
Həmçinin, yeni cinayət qanunvericiliyinə görə məhkum şərti olaraq vaxtından əvvəl azad olunması üçün,onun təqdim etdiyi ərizəyə məhkəmələr tərəfindən baxılarkən həbsxana rəhbərliyi və ƏN-yi nəzdində yaradılmış komissiya tərəfindən təqdim olunan rəy və mülahizələrində məhkumun cəza çəkdiyi müddətin son 5 ilinin davranışları əsas götürülməlidir.
Hazırda ömürlük həbs cəzası rejimində cəzasının 25 ilini tamamlayan və hətta 31 il cəza çəkmiş 40 nəfər məhkum vardır.
Onların hər biri qanunvericiliklə nəzərdə tutulmuş qaydada Məhkəməyə müraciət edirlər.
Lakin Məhkəmələr yeni qanunun humanistləşdirilmiş müddəalarına tamamilə zidd olaraq, müraciətlərə qərəzli şəkildə və məhkumlara aidiyyatı olmayan,ağıla sığmaz fərziyələrə əsaslanaraq ömürlük cəzanı qüvvədə saxlayırlar və edilən müraciətin heç biri təmin edilmir.
 Bütün bunlarda ona dəlalət edir ki,Prezidentin göstərişi olmadan Cəza siyasətinin humanistləşdirilməsini həyata keçirmək qeyri mümkündür.
Cənab Prezident !
Mərhum Prezident Heydər Əliyevin təşəbbüsü sayəsində Azərbaycanda ölüm cəzasının ləğv olunması ilə əlaqədar Milli Məclis 10 fevral 1998-ci il tarixli Qanun qəbul etmiş və həmin Qanunun 4-cü hissəsi ilə ölüm cəzasına məhkum edilmiş 128 nəfərə qeyri məhkəmə qaydasında ömürlük həbs cəzası təyin edilmişdir.
Bu hal həm Azərbaycan Qanunvericiliyinə,Konstitusitasına,həm də tərəfdar olduğumuz Avropa qaydalarına və Konvensiyasına tamamilə ziddir.
10 fevral 1998-ci il tarixli qanunun 4-cü hissəsində deyilir:"Bu qanun qüvvəyə mindiyi günədək ölüm cəzasına məhkum edilmiş şəxslərin cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin".
Adı çəkilən Qanun 11 gündən sonra,yəni 21 fevral 1998-ci il tarixində qüvvəyə minmişdir.
Buda o deməkdir ki, 11 gündən sonra ömürlük həbs cəzası üzərimizdən götürülmüşdür.
Bu günə kimi Mənim ömürlük həbs cəzasına məhkum olunmağıma dair,hər hansı bir məhkəmə qərarı yoxdur !
Məni ömürlük həbs cəzası rejimində 10 fevral 1998-ci il tarixli Qanunun qüvvədən düşmüş 4-cü hissəsi əsasında saxlayırlar.
Belə ki,AR-sı Ali Məhkəməsinin plenumuna ünvanladığım şikayət ərizəmə plenum 24.10.2005-ci il tarixli qərar qəbul etmişdir.
Qərarda deyilir:"AR-sı MM-in 1998-ci il 10 fevral tarixli qanunun 4-cü hissəsinə görə,həmin qanun qüvvəyə minənədək,ölüm cəzasına məhkum olunmuş şəxslərin cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir.
Deməli həmin qanun qəbul edilənə qədər məhkəmə hökmləri ilə ölüm cəzasına məhkum olmuş başqa məhkumlar kimi Əli Quliyevin cəzasıda ömürlük azadlıqdan məhrumetmə cəzasl ilə əvəz edilmişdir. (Ali Məhkəmənin sədri,Ramiz Rzayev)
Bu kobud hüquq pozuntusuna dair, AŞPA-nın qəbul etdiyi 16 aprel 2007-ci il tarixli,1545 saylı Qətnaməsinin 8.9-cu bəndində hökumətimizə tövsiyyə olunur ki, "Ölüm hökmünün ləğv olunması ilə əlaqədar,yaranmış problemin həlli üçün hər bir məhkun işinə fərdi qaydada yenidən baxılsın və 2000-ci il tarixinə qəbul edilmiş qanunun ən yüngülləşdirici hallarının geriyə şamil edilməsi prinsipi tətbiq edilsin".
Ölüm cəzasının ləğv edilməsi ilə əlaqədar Heydər Əliyev demişdir:"Azərbaycanda ölüm hökmü bir cəza kimi ləğv olunmalıdır.Ölüm hökmünə məhkum olunmuş şəxslərin cəzası müvafiq qaydada uzunmüddətli cəza növü ilə əvəzlənə bilər."23.01.1998-ci il "Azərbaycan" qəzeti.
Ölüm cəzasının ləğv olunması ilə əlaqədar yaranmış problemlə bağlı,Konstitusiya Məhkəməsinin 28 iyul 2005-ci il tarixli qərardadı ilə münasibət bildirilmişdir:-"Presedent hüquqi baxımından 10 fevral 1998-ci il tarixli AR-sı Qanunu əsasında ölüm cəzasının daha yüngül cəza növü olan ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunmasının mümkünlüyü qəbul olunsada,bir cəza növünün başqa cəza növü ilə əvəz edilməsi Məhkəmə qaydasında Cinayət və Cinayət Prosessual qanunvericiliyinin müddəalarına mütənasib olaraq keçirilmədiyi üçün,hüquqi cəhətdən məsələ axıra qədər həll edilməyənə kimi qəbul olunmalıdır."
QƏRARA  ALINIR:
-"Ümumi yurisdiksiyalı Məhkəmələrə tövsiyyə olunsun ki,pz səlahiyyətləri daxilində ölüm cəzasının ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmasına dair müraciətlərə qanunvericilikdə müəyyən olunmuş qaydada baxılması təmin edilsin".
Buna baxmayaraq,Məhkəmələrə ünvanlanan müraciətlərin heç birinə baxılmır və ömürlük cəza qüvvədə saxlanılır.
Hazırda vaxtilə ölüm cəzasına məhkum olunmuş 128 nəfərdən yalnız 64 nəfəri ömürlük həbs cəzası rejimində cəza çəkir.
128 nəfərdən 9 nəfəri əfv olunub,2 nəfəri ekstradisiya edilib və 53 nəfəri uzun çəkən xəstəliklərdən sonra dünyalarını dəyişmişlər.
Azərbaycan Respublikasl Konstitusiyasının 8-ci maddəsini 4-cü bəndinə görə-"Prezident Məhkəmə Müstəqilliyinin təminatçısıdır".
113-cü maddəsinin 2-ci bəndinə görə,-"Prezidentin Fərman və Sərəncamları dərc edildiyi gündən qüvvəyə minir".
149-cu maddəsinin 3-cü bəndinə görə, "...Yalnız dərc edilmiş Qanunların tətbiqi və icrası Məhkəmə hakimiyyəti üçün məcburidir".
Cənab  Prezident !
"Güllə" hökmündən  qalan məhkumların və onların doğmalarının adından Sizdən Xahiş edirəm ki,
Yuxarıda qeyd etdiyim kobud hüquq pozuntularının aradan qaldırılması və ədalətin bərpa olunması üçün,  "Cəza siyasətinin hümanistləşdirilməsi" ilə əlaqədar,imzaladığınız Sərəncam əsasında qəbul olunmuş və 1 dekabr 2017-ci il tarixindən qüvvəyə minmiş Yeni Qanunun tezliklə icra olunmasına dair göstəriş verəsiniz !
Çox ümid edirəm ki, müraciətimə biganə qalmayacaqsınız və verəcəyiniz göstərişlə yüzlərlə Ailələri sevindirəcəksiniz !
Hörmətlə:  31 il məhkumluq həyatı yaşayan-Quliyev Əli Cahangir oğlu.