Bu gün:


Zəlzələnin ikinci günü: 23 milyona qədər insan...

Tarix: 07.02.2023 / 18:54  •   Oxundu: 126 dəfə  •  

Ötən gün Türkiyə və Suriyada baş verən silsilə zəlzələlərin nəticələri getdikcə daha da ağırlaşır. Qurbanların ümumi sayı artıq 5 mini ötüb. Çox sayda insanın dağıntılar altında qaldığını nəzərə alsaq, görünür, ölənlərin siyahı artmağa davam edəcək.
İDEAL təbii fəlakətin ikinci gününün təfərrüatını təqdim edir.
Bir həftəlik matəm
Bir gün əvvəl Türkiyə və Suriyada baş verən faciənin miqyasına nə ölkələrin özü, nə də dünya ictimaiyyəti tam qiymət verib. Ötən gündən Türkiyənin cənub-şərqi və Suriyanın şimal-qərbində başlayan zəlzələ dalğası bu gün də davam edir. Onlardan ən güclüsü ölkənin cənub-şərqində qeydə alınıb - 5,3 bal. Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələni respublika üçün 1939-cu ildən bəri ən böyük təbii fəlakət adlandırıb və 7 günlük milli matəm elan edib. Zəlzələ təkcə minlərlə yaşayış binasını deyil, həm də infrastrukturun və mədəni irsin dağılmasına səbəb olub.
Ümumdünya Səhiyyə Təşkilatının Avropa fövqəladə hallar üzrə yüksək səviyyəli əməkdaşı Ketrin Smolvudun sözlərinə görə, ölənlərin sayı 20 mindən çox ola bilər. Ölkədə hava şəraiti daha da pisləşib. Aktiv siklon səbəbindən, məsələn, Qaziantepdə temperatur gündüzlər təxminən 5 dərəcəyə qədər yüksəlir, gecələr isə 0-a yaxın və ya daha aşağı olur. Nottingem Trent Universitetinin təbii təhlükələr üzrə eksperti Stiven Qodbi bildirib ki, zəlzələ nəticəsində dağıntılar altında qalanlar donma təhlükəsi ilə üzləşirlər. Belə vəziyyətlərdə insanların çoxu adətən ilk 24-48 saat ərzində sağ qala bilər, lakin soyuq hava bu vaxtı qısaldır.
Artıq bir neçə ölkə: Azərbaycan, Rusiya, İsrail, Yaponiya, Özbəkistan zəlzələ bölgələrinə yardım göndərməyə başlayıb.
Dünya mediasının reaksiyası
Zəlzələ xəbərləri - “Qatil-fəlakət”, “Yerin yarıldığı gün”, “Cəhənnəm zəlzələsi” başlıqları ilə dünya mediasında gündəm olub. “Voll Strit Jurnal”, “Nyu York Tayms”, “Liberation”, “Tayms”, “Quardian”, “Qlobal Tayms”, “La Stampa” və s. kimi nüfuzlu media orqanları demək olar ki, əsas diqqətini Türkiyə və Suriyaya yönəldib. Mediada qeyd olunur ki, əgər 45 ölkə Ankaraya yardım təklif edibsə, Suriyanın çağırışına Rusiya reaksiya verib. Bir sıra ölkələr - Birləşmiş Ərəb Əmirlikləri, Fransa və Almaniya da Suriyaya yardım göstərmək niyyətindədir.
Son vəziyyət
Son məlumatlara görə, Türkiyədə zəlzələ bölgələrinə cəlb edilmiş axtarış-xilasetmə heyətinin ümumi sayı 25 693 nəfərdir. Nəqliyyat vasitələrinin sayına gəlincə, 360 maşın, 3361 ağır iş texnikası cəlb olunub. Təbii fəlakət bölgəsinə 65 ölkədən 2769 şəxsi heyət göndərilib. Zəlzələ Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniyə, Hatay, Kilis və Malatyada 3432 nəfərin ölümünə səbəb olub. 21 min 103 insan xilas edilib.
Suriyanın Hələb, Latakiya və Həma şəhərlərində 175 bina dağılıb. 1600-dən çox adam ölüb, 3548 nəfər yaralanıb. Təkcə Həma və Latakiyada yüzlərlə insan hələ də itkin hesab olunur.
Ümumilikdə isə Türkiyənin cənub-şərqində və Suriyanın şimalında baş verən güclü zəlzələ nəticəsində 23 milyona qədər insan, o cümlədən 5 milyon xüsusilə həssas insan zərər çəkib. Suriyada həm rəsmi Dəməşqin, həm də Azad Suriya Ordusunun nəzarətində olan ərazilər zərər görüb. Ölkənin hər iki bölgəsində yüzlərlə insan həlak olub. Hələb şəhərinə isə olduqca ciddi ziyan dəyib.
Türkiyənin Qaziantep vilayətində Xet çarlığı dövründə tikilmiş, Roma İmperiyası və Bizans dövründə yenidən inşa edilən tarixi qala zəlzələ nəticəsində dağılıb. Suriyada köhnə şəhərin digər yerləri ilə birlikdə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Hələb qalasına ziyan dəyib.