Bu gün:


Qarabağda kim qazandı ?

Tarix: 05.01.2021 / 18:39  •   Oxundu: 172 dəfə  •  

Araşdırmaçı jurnalist Saslanbek İsaev Türkiyənin Anadolu Agentliyində "Qarabağda kim qazandı?" başlıqlı analiz yazısı qələmə alıb.

Müəllif yazısında İkinci Qarabağ müharibəsi qalibinin Azərbaycan olduğunu, bununla yanaşı Qafqazda yeni geosiyasi vəziyyətin meydana gəldiyini bildirib.

"Şübhəsiz ki, 2020-ci ilin ən mühüm hadisəsi Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsi idi. Azərbaycanın 44 günlük bir əməliyyatla Ermənistanı öz ərazisindən çıxardığı ikinci Qarabağ müharibəsi, yalnız iki ölkə arasındakı müharibə deyil, eyni zamanda Qafqazın yeni geosiyasi vəziyyətində yeni bir mərhələ oldu. Beləliklə, Qafqazın keçmişi ilə gələcəyi arasında köklü bir dəyişiklik baş verdi. Regional güc dəyişikliyi və Qafqazdakı yeni geopolitik reallıq qlobal və regional güclər tərəfindən qəbul edilib. Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında söylədiyi tərif dolu sözlər bu gerçəkliyin altını cızırdı.

Astana ilə başlayan, Liviya və Qafqazda davam edən Rusiya-Türkiyə münasibətlərinin əslində bu bölgələrdəki digər qlobal və regional oyunçuların təsirini azaltdığını görməkdəyik. Rusiya və Türkiyənin əməkdaşlığından sonra masada uduzanların bu vəziyyətdən çox narahat olduqlarını açıq şəkildə müşahidə edirik. Bu iki ölkəyə qarşı edilən xarici hücumları artıq demokratiya bəhanələri ilə də pərdələyə bilmirlər. Türkiyə və Rusiya artıq yeni masa qurub və bu iki ölkənin iradəsi Qarabağda atəşkəsin qalıcı olmasına səbəb ola bilər.

Şübhəsiz ki, ikinci Qarabağ müharibəsinin birmənalı olaraq qazananı Azərbaycan oldu. İşğal altındakı 7 rayonu və mənəvi dəyəri böyük olan Şuşanı azad edən Azərbaycan həm də 30 illik sürgünə son qoydu. Azərbaycan xalqı 30 il öncə tərk etdiyi evlərinə dönmə imkanına sahib oldu.

Azərbaycan həm də Cənubi Qafqazda iqtisadi, hərbi və siyasi olaraq ən güclü dövlət olmasını isbatladı. Rusiya, İsrail və Türkiyədən aldığı silahlarla birlikdə öz istehsal etdiyi silahlardan da istifadə edən Azərbaycan, bacarıqlı bir türk ordusu olduğunu sübut etdi. Bu güc nümayişi bölgə dövlətlərinə və qlobal güclərə həm Azərbaycan, həm də Türkiyə ilə bağlı atılacaq ağılsız addımların nəylə nəticələnə biləcəyini göstərmiş oldu.

Müharibədən sonra, Azərbaycan xalqının Prezident İlham Əliyevə artan güvəni ilə Bakıda daxili siyasətin uzun müddətli istiqrarlı hala gəldiyini söyləmək mümkündür. Yeni status-kvo Azərbaycanı bölgənin ana tranzit ölkəsinə çevirir. Bakının Şərq-Qərb və Cənub-Şimal xətlərinin keçiş nöqtəsi halına gəlməsi, Azərbaycanın enerjidən aslılığını azaldacaq.

Qarabağda azad edilən ərazilərin kənd təsərüffatı üçün yararlı olması, uzun illər ermənilər tərəfindən qanunsuz şəkildə mənimsənilən qızıl mədənləri və hidroelektrik stansiyalar da Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək. Eyni zamanda Qarabağın yenidən inşası da Azərbaycan iqtisadiyyatına güc verəcək. Qarabağ üzərindən Naxçıvana gedəcək strateji koridorun da böyük iqtisadi dəyərə sahib olduğu ekspertlər tərəfindən dilə gətirilir. Sonuc olaraq, Qarabağ savaşının şübhəsiz qazananı Azərbaycandır", - müəllif yazısında qeyd edib.