Bu gün:


YARALI "QARANQUŞ"UN ÇIRPINTILARI

Tarix: 03.11.2020 / 12:48  •   Oxundu: 1 010 dəfə  •  

31 illik ömürlük məhbusla siz də tanış olun

31ildir ki ömürlük azadlıqdan mərhum edilmiş İntiqam Qayıbov “İDEAL” Media Groupa və ölkə başısısı İlham Əliyevə müraciət etmişdir.

 Müraciətdə deyilir:

         “Cənab Prezident! Hörmətli Ali Baş Komandan!

     Mən pedaqoji təhsil almışam. Əmək fəaliyyətinə müəllimlikdən başlamışam. Erməni ekstremistlərinin torpaqlarımıza təcavüzü başlandığı vaxtlarda dostum və silahdaşım, Milli Qəhrəman Əliyar Əliyevin rəhbərliyi altında ov tüfəngləri ilə silahlanaraq torpaqlarımızın müdafiəsinə qalxmışıq. Üzvü olduğum səkkiz nəfərdən ibarət “Qaranquş” kəşfiyyat qrupu 1989-cu ildə idmançı gənclərdən, qorxubilməz  cəsur ərənlərdən yaradılmışdır.

         Könüllü gənclərdən ibarət kəşfiyyat qrupunun yarandığı gündən sonunadək cəmi 8 nəfər üzvü olmuşdur.

         Biz Qubadlıda Peyğəmbərimizin nəslindən olan Mir Sədi Ağanın ocağında, onların məzarları önündə and içdik ki, Vətənimizin hər bir qarış torpağının müdafiəsi uğrunda, Vətən naminə hər an canımızdan keçməyə hazır olacağıq. 

         Quş tüfəngləri ilə torpaqlarımızın müdafiəsinə başladığımız ilk gündən son anadək andımıza sadiq qaldıq və düşmənə qarşı amansız bir müharibəyə başladıq.

         1991-ci ildə respublikada Milli Ordu yaradıldı. Səkkiz nəfərdən ibarət olan “Qaranquş” kəşfiyyat qrupu, Qubadlı rayonunda yaradılmaqda olan 1-ci batalyonun ilk əsgərləri oldu. Biz 5 il fasiləsiz olaraq torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda Qubadlı, Laçın, Cəbrayıl, Zəngilan, Füzuli rayonlarında gedən ən ağır   döyüşlərdə öndə getmişik, qəhrəmanlıqlar göstərmişik, bizə verilən kəşfiyyat və döyüş tapşırıqlarını uğurla həyata keçirmişik, düşmənin onlarla canlı qüvvəsini məhv etmişik, əsirlər götürmüşük, onların hərbi texnikalarını, silah-sürsatlarını ələ keçirmişik, strateji əhəmiyyətə malik olan mühüm obyektlərini məhv etmişik.         1992-ci ilin 6 avqust tarixində Laçın rayonu ərazisində “Laçın koridorunun” təhlükəsizliyini təmin edən, düşmənin hərbi qüvvələrinin və hərbi texnikasının yerləşdirildiyi, ən təhlükəli mövqeləri olan “Susuz dağ” və “Qızartı” adlanan yülsəkliklərində biz “xüsusilə mühüm tapşırığı” yerinə yetirib qayıdarkən düşmənin hərbi qüvvələrinin mühasirəsinə düşdük. Sayca bizdən dəfələrlə çox olan düşmənin canlı qüvvəsini və hərbi texnikasını yararaq mühasirədən çıxa bildik. Qeyri-bərabər döyüşdə “Qaranquş”lardan biri Aqil Səməd oğlu Məmmədov qəhrəmancasına şəhid oldu. Ölümündən sonra Aqil Məmmədova Azərbaycan Respublikası Prezidentinin 05 fevral 1993-cü il tarixli fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verildi. Qubadlı rayonunun mərkəzində, Qubadlı rayon İcra Hakimiyyətinin yanında A.Məmmədovun abidə kompleksi ucaldıldı və onun büstü qoyuldu. Şəhərin mərkəzi küçəsinə və onun təhsil aldığı şəhər orta məktəbinə Aqil Məmmədovun adı verildi, məktəbin qarşısında onun abidəsi ucaldıldı. Gəncə şəhərində A.Məmmədovun adını daşıyan park salınmış, Bakı və Gəncə şəhərlərinin küçələrindən biri onun adını daşıyır. Respublikada A.Məmmədovdan başqa elə bir Milli Qəhrəmanımız yoxdur ki, bir küçədə, iki yerdə camaat tərəfindən abidəsi qaldırılsın.

         “Qaranquş” kəşfiyyat qrupunun daha bir döyüşçüsü Qabil Hüseyn oğlu Muradov Laçın rayonu uğrunda gedən qanlı döyüşlərin birində ağır yaralanaraq gözləri kor, əlləri və ayağı şikəst oldu. Hal-hazırda I qrup Qarabağ əlilidir.

         “Qaranquş” kəşfiyyat qrupunun döyüşçüləri olaraq dəfələrlə dövlət rəsmiləri tərəfindən mükafatlandırılmışıq. Bizim haqqımızda KİV-lərdə, televiziya və radioda verilişlər verilib, silsilə məqalələr yazılıb. Qısa bir zamanda 8 nəfərlik bir qrupla döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə “Qaranquş” respublkada ad çıxarmışdır.

         1992-ci ilin sentyabr ayında mənə - Qayıbov İntiqam Yusif oğluna “Milli Qəhrəman” fəxri adının verilməsi üçün 706 saylı hərbi briqadanın komandiri, polkovnik Nüsrət Namazov və rayon İcra Hakimiyyəti tərəfindən Respublikanın Müdafiə Nazirliyinə təqdimat verilmişdir. 1993-cü il avqust ayının 31-də Qubadlı rayonu respublıikada baş verən siyasi çəkişmələrin, Surət Hüseynov və başqa səriştəsiz məmurların təxribatlarının qurbanı oldu.

         Dəfələrlə S.Hüseynov, Rəhim Qazıyev, Şahin Musayev kimi satqın təxribatçıların qarşısında sipər olan Qubadlı rayonu sonda təxribatların, xəyanətlərin qarşısında tab gətirmədi. Vahid komandanlığın olmaması, ordunun pərakəndə halda döyüşlərə atılması, siyasi qüvvələr arasında olan çəkişmələrin orduya nüfuz etməsi, orduda nizam-intizamın çox aşağı səviyyədə olmasının da rayonıların tez bir zamanda işğalına təsiri olmuşdur. 

         5 il ərzində Ermənistanın Gorus, Qafan kimi böyük şəhərlərini, onlarca kəndini altını üstünə çevirən, 128 km uzunluğunda Ermənistanla sərhəd zolağında yerləşən və cəmi 27 min əhalisi olan qubadlılılara ermənilərin şəhər və kəndlərinə divan tutması, gecə-gündüz başlarına od ələməsi respublikanın başqa bölgələrində bir əfsanəyə çevrilmişdir. Qubadlı igidlərinin qorxusundan tir-tir əsən ermənilər, həmin vaxtlarda xəyanət, təxribat, siyasi çəkişmələr olmasa idi, heç bir vaxt bir neçə günün içərisində Qaçaq Nəbinin, Həcərin yurd-yuvasını işğal edə bilməzdilər!

         5 il ərzində düşmənə bir qarış da torpaq verməyən və düşmən tərəfində bir nəfər də olsa əsiri, itkini olmayan Qubadlı, sonda xəyanətin qurbanı oldu.

         Qubadlı rayonunun rəhbər şəxslərindən ibarət olan rayonun Müdafiə Şurasının üzvləri rayonun müdafiəsi üçün, rayonun əhalisinin təhlükəsizliyini təmin etmək üçün heç bir tədbir görmədilər. Bunun əksinə olaraq rayonun və kəndlərin işğal olunması üçün şərait yaradaraq dinc əhalini qırğına verdilər. Bunun da nəticəsində 300 nəfərdən artıq dinc sakin həlak oldu, 270 nəfər dinc sakin əsir və itkin düşdü. Bunlar da əsasən uşaqlar, qaadınlar və qocalardır. Baxmayaraq ki, həmin ərəfədə rayonun komendantı, Əfqanıstan müharibəsindən böyük təcrübəyə malik olan cəsur polkovnik Nüsrət Namazov Qubadlı rayonunun ağsaqqalları ilə birlikdə Qubadlı rayon Müdafiə Şurasının üzvləri olan rayonun rəhbər şəxsləri ilə 3 dəfə dalbadal görüşərək danışıqlar apardı və təkidlə tələb etdilər ki, “rayon Müdafiə Şurasının Nizamnaməsinə uyğun olaraq rayonun dinc əhalisinin təhlükəsizliyi mütləq şəkildə təmin olunmalı, ilk növbədə uşaqları, qadınları, qocaları döyüş bölgəsindən 60 km təhlükəsiz əraziyə çıxarmaq lazımdır. Onlar bizə yalnız mane olurlar. Uşaqların, qadın və qocaların təhlükəsizliyini təcili olaraq təmin etmək lazımdır!”

         Lakin bütün deyilənlərin tam əksinə olaraq Müdafiə Şurasının üzvləri Qubadlı rayonunun çıxacağında yerləşən polis postları daha da gücləndirildi. Dinc əhalinin çıxamasına, əhalinin əmlaklarını, mal-qaralarını təhlükəsiz əraziyə çıxarmağa imkan vermədilər. Bundan sonra baş verən hadisələr çox ağır nəticələrə gətirib çıxardı və qubadlılılar 2-ci Xocalı faciəsini yaşadılar. Erməni quldurları tərəfindən uşaqlar, qadınlar, qocalar, ailələr vəhşicəsinə qətlə yetirildi. Bir faktı misal üçün göstərirəm: 1993-cü il avqust ayının 30-da Qubadlı rayonunun Xəndək kəndindən bir ailədən 4 nəfər – Eyvaz Əvəz oğlu Cavadov, həyat yoldaşı, oğlu və qızı ilə birlikdə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi. Rayonun Müdafiə Şurasının üzvləri dinc əhalini təhlükəsiz əraziyə çıxarmağa borclu idilər. Məhkəmədə və ibtidai istintaqda ifadə verən Milli Təhlükəsizlik Nazirliyinin Qubadlı rayon şöbəsinin müdiri Zakir müəllimin dediklərindən: “Qubadlı rayonunun rəhbərlikdə olan şəxsləri rayonun ərazisində təxribatlar aparırdılar. Bizdə olan məlumatlara, faktlara əsasən deyə bilərəm ki, bu şəxslər Qubadlıda 2-ci Xocalı faciəsini yaratmaq istəyirdilər, buna da qismən nail oldular. Hakimin “Siz rayonda rəhbər şəxslər tərəfindən aparılan təxribatlar haqqında kimlərə məlumat vermisiniz?” sualına cavab olaraq bildirdi ki, “Bizim tərəfimizdən MTN-nin rəhbərinə bütün məlumatlar vaxtında çatdırılıbdır. Əgər istəsəniz rəhbərlikdən dəqiq məlumatları ala bilərsiniz. Mən təlimata uyğun olaraq açıq məhkəmə prosesində bu hadisələr haqqında açıqlama verə bilmərəm”.

         Qubadlının işğalından 25 il keçməsinə baxmayaraq bir nəfər də olsun bu faciələrə görə məsuliyyətə cəlb olunmayıbdır. 

         1993-cü il avqust ayının 31- də, Qubadlı rayonu erməni işğalçılarına təhvil verilən ərəfədə, rayonu tərk edib qaçan rayonun rəhbər şəxsləri, rayonun Müdafiə Şurasının üzvləri, rayonun çıxacağında “beşmərtəbə” adlanan binanın qadınları, qocaları tərəfindən maşınları saxlanılaraq ağacla, daşla döyülürlər. Rayonun rəhbərlərini xəyanətdə, dinc əhalini top-tüfəngin, od-alovun içində qoyub qaçdıqlarına görə söyərək günahlandırılar. Həmin vaxt “Qaz-66” markalı maşını ilə hadisə yerinə gəlib çıxan Mayis Məhərrəmov vəziyyətə müdaxilə edir. Polis rəisi Evaris Paşayevin “Qaz-31” markalı maşınından xarici estrada musiqisinin sədalarını eşidən M.Məhərrəmov daha da qəzəblənir, sonra onları yerə uzadır və deyir ki, “siz bu torpağa xəyanət etmisiniz, yeyin bu torpağı. Qadınları, uşaqları qoyub hara qaçırsınız?” və s. Şahidlərin verdiyi ifadələrə əsasən bu vəziyyəti rayon İcra Hakimiyyətinin qarşısından izləyən İcra Hakimiyyətinin başçısı Hüseyn Əsədov belə deyir: “Axır ki, təxribatçıların tutulduğunu öz gözlərimlə gördüm. Vətən xainlərinin axırı belə olmalıdır!” Onun yanında duran müavinləri də onun sözlərinə qüvvət verərək, tutulub yerə uzadılan şəxsləri lənətləyiblər. Bütün bunları həmin vaxt İcra Hakimiyyəti qarşısında onlarla birlikdə dayanan MTN-nin Qubadlı rayon şöbəsinin müavini Zakir müəllim (əslən Naxçıvanlıdır) də məhkəmədə və ibtidai istintaqda verdiyi ifadələrdə, İcra Hakimiyyətinin başçısı və müavinləri ilə üzləşmədə bunları tam olaraq təsdiq edibdir.

         Xatırladıram ki, bu hadisələr baş verən zaman mən orada iştirak etməmişəm və bunların mənə heç bir aidiyyatı olmayıbdır. Həmin ərəfədə mən Tarovlu kəndində düşmənlə qarşı-qarşıya olan döyüş mövqeyində olmuşam. Rayonda baş verən bu hadisələrdən heç bir xəbərimiz olmayıbdır. Bunları şahidlərin verdiyi ifadələr tam olaraq təsdiqləyirlər. Sonradan rayonun rəhbər olan şəxsləri M.Məhərrəmov tərəfindən Rövşən Əsədovun idarə etdiyi “Qaranquş”un “Qaz-66” markalı maşınına mindirilərək Tarovlu kəndində, döyüş mövqeyində yerləşən kazarmaya gətirilirlər. İttihamnaməyə əsasən orada güllələnirlər. Həmin vaxt kazarmada qırx nəfərdən artıq əsgər və bundan başqa kənd camaatı da olubdur. Onlardan bir nəfər də olsun ibtidai istintaqa və məhkəməyə verdiyi ifadələrində mənim kimləri isə öldürdüyümü və xəsarət yetirdiyimi deməmişdir. Mən ibtidai və məhkəmə istintaqında tam sübuta yetirmişəm ki, mənim bu şəxslərin öldürülməsində heç bir günahım yoxdur. İbtidai istintaq zamanı respublikanın ən təcrübəli ekspertlərinin - 18 və 28 il ekspert stajına malik olan ekspertlərin verdiyi rəylərinə görə hadisədə mənə məxsus silahdan atəş açılmamışdır və mənə qarşı ballistik ekspertiza tərəfindən heç bir ittiham irəli sürülməmişdir. Məhkəmədə mənə qarşı irəli sürülən ittihamlar heç bir fakta söykənmir, əsassızdır və sifarişlidir! Hətta məhkəmədə mən özümü öldümək üçün qol və boğaz damarlarımı ülgüclə kəsəndə, son anda dedim ki, bu adamların öldürülməsində mənim günahım yoxdur və mənə qarşı edilən haqsızlıqlara görə özümə qəsd edirəm. Bundan sonra isə mənim sağ qalmağım bir Allahın möcüzəsi oldu. Boğazıma 24, qoluma isə 36 tikiş qoyan həkimlər mənim həyatımı xilas etdi. Lakin mən bu haqsızlıqlara, bizə atılan yalan və böhtan dolu ittihamlara rəğmən ölmək istəyirdim...

         Qubadlının işğalından sonra Sumqayıt şəhərinə gəldik. Sentyabr ayının 4-də televiziya vasitəsilə elan olundu ki, Qubadlı rayon Polis Şöbəsinin əməkdaşları səhər saat 10-da Sumqayıt şəhər Polis İdarəsinin qarşısına gəlsinlər, cəbhə bölgəsinə gedəcəyik. 5 sentyabr 1993-cü il tarixdə biz 6 nəfərlə döyüş bölgəsinə qayıtmaq üçün Sumqayıt şəhər Polis İdarəsinə gedərkən, səhər saat 9 radələrində çayxananın qarşısında Sumqayıt şəhərinin polis əməkdaşları bizi mühasirəyə alaraq heç bir xəbərdarlıq etmədən hər bir tərəfdən atəş açmağa başladılar. Həmin vaxt 5 il Vətən uğrunda mübarizə aparan cəsur döyüşçü Fuad Şahmuradov başından güllə ilə vurularaq öldürüldü. Onu güllələyən isə Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini Rzayev Əbil idi (xatırladıram ki, Fuad Şahmuradov vaxtilə yüksək vəzifələrdə çalışan, SSRİ Həmkarlar İttifaqının sədr müavini olmuş, tanınmış dövlət xadimi, mərhum Kamran Hüseynovun qohumudur). Daha sonra isə Mayis Məhərrəmov “özümü Vətən uğrundan qurban verirəm” deyərək avtomat silahı ilə özünü güllələyərək öldürdü. Bizə atəş açan polislərin niyyətinin bizi ancaq öldürmək olduğunu görüb, mən oların mühasirəsindən çətinliklə çıxdım. Lakin dostlarımın faciəli ölümünə dözə bilmədim. Hadisədən 1 gün sonra Sumqayıt şəhərindəki N.Nərimanov adına klubun qarşısına gələrək, Qubadlı camaatının qarşısında son sözlərimi deyərək avtomat silahı ilə özümü güllələdim. 4 güllə yarası aldım və uzunmüddətli müalicədən sonra, həkimlərin gərgin səyləri nəticəsində sağ qaldım. Mənimlə birlikdə “Qaranquş”un sağ qalmış 3 nəfər üzvü də həbs edildi. Məni saxta ittihamlarla zindana atdılar və çox ağır işgəncələrə məruz qaldım. Mənə zindanda verilən işgəncələri hətta təsəvvür belə edə bilməzsiniz. Dəfələrlə mənim bədənimə elektrik cərəyanı qoşaraq, saatlarla işgəncələrə məruz qoyublar. Bayıl həbsxanasında məni qışın oğlan çağında karserdə 1 həftə suyun içində saxlayıblar. Sonra isə öldüyümü zənn   edərək karserdən çıxarıblar. Onların məqsədi yazdıqları yalan, saxta, böhtanla dolu olan ittihamlarının mənim tərəfimdən təsdiq olunması idi. Lakin onlar bu məkrli niyyətlərinə nail ola bilmədilər.

Qubadlının işğalını “ört-basdır” etmək üçün Rəsul Quliyevin, Əli Ömərovun başçılığı ilə bizə qarşı “siyasi şantaj” kompaniyasına başlanıldı (xatırladıram ki, Qubadlıda həlak olan rəhbər şəxslərdən biri sabiq spiker Rəsul Quliyevin qohumudur).

Cəmi 4 nəfər “Qaranquş”un döyüşçülərini həbs etdikləri halda, onlar kütləvi informasiya vasitələrində “hay-həşir”  saldılar ki, “Qaranquş” Xalq Cəbhəsinin batalyonu olubdur. Biz həbs olunduqdan sonra Baş Prokuror Əli Ömərov KİV-lərdə, televiziya və radio vasitəsilə çıxış edərək bizi ictimaiyyətə Xalq Cəbhəsinin batalyonu kimi təqdim etmişdir. Baş Prokuror Əli Ömərov 3 dəfə dövlət televiziyasında çıxış edərək demişdir ki, “Qaranquş” Xalq Cəbhəsinin batalyonu olubdur, Qubadlı rayonunda təxribat aparıb, əsgərləri postlardan çıxarıblar, evləri qarət ediblər, Sumqayıt şəhərinə 40 KAMAZ maşınında xalça gətiriblər. Onlardan külli miqdarda silah-sürsat müsadirə olunaraq götürülübdür. “Qaranquş” batalyonunun 40 nəfərdən artıq üzvü həbs olunmuş, qalanları isə axtarışdadır” və sairə... Daha sonra isə Ə.Ömərovun dediklərini Surət Hüseynovun digər əlaltısı olan sabiq Daxili İşlər Naziri Vaqif Novruzov KİV-lərə müsahibə verir və təbliğat apararaq bizi Xalq Cəbhəsinin batalyonu kimi ictimaiyyətə təqdim edirdi.

Xalq arasında belə bir rəy formalaşdırmağa çalışırdılar ki, “Qaranquş” Xalq Cəbhəsinin batalyonu olubdur və sərhəd kəndlərindəki postlardan əsgərləri çıxarıblar, bunun da nəticəsində Qubadlı işğal olunubdur və sairə. Əgər bunlar həqiqəti açıqlayıb və “Qaranquş”un cəmi 6 nəfər üzvü olduğunu, “Qaranquş”un yarandığı gündən sonadək 8 nəfərdən artıq üzvü olmadığını, hadisənin əsl motivini desəydilər, onda xalq bizi qəhrəman kimi tanıyaraq bir əfsanəyə çevirərdi!

Cəmi 4 nəfər “Qaranquş”un sağ qalmış üzvlərini həbs edib, onların sayının 40 nəfərdən artıq göstərmək və batalyon adlandırmaq, bütün bunlara siyasi don geyindirərək hay-həşir qoparan Əli Ömərov kimi dövlət məmurlarından hər hansı bir namərdliyi, şər-böhtanı desəniz gözləmək olardı. Çünki bunların xəmiri belə yoğrulubdur (xatırladım ki, ibtidai və məhkəmə istintaqı zamanı Əli Ömərovun uydurduğu, yuxarıda göstərdiyim bu yalanlar haqqında bizə qarşı heç bir ittiham irəli sürülməmişdi. Bunlar haqqında bir dəfə də olsun danışılmamışdı. Məhkəmənin hökmü də buna əyani sübutdur). Hətta Prezident Aparatında qubadlılarla görüşlərinin birində mərhum Prezidentimiz, Ümummilli lider Heydər Əliyev demişdi ki, “Qaranquş” məsələsində Baş Prokuror Ə.Ömərov və Daxili İşlər Naziri V.Novruzov mənə də yanlış məlumatlar vermişdilər”. Dəfələrlə əsassız və yalan, şişirdilmiş məlumatlar verdiklərinə görə onlar tutduqları vəzifədən uzaqlaşdırılmışdır.

1993-cü ildə qarmaqarışıqlıq idi. Keçid dövründə Ə.Ömərov, V.Novruzov kimilər istədikləri məlumatları yaya bilərdilər, istədikləri məkrli əməlləri həyata keçirə bilərdilər.

1993-1994-cü illərdə Rəsul Quliyevin göstərişi ilə Baş Prokuror Ə.Ömərovun və Daxili İşlər Naziri V.Novruzovun xalqın qarşısında verdikləri illik hesabatlarına baxın: “Qaranquş” batalyonu Xalq Cəbhəsinin batalyonu olubdur. Qubadlıda təxribatlar aparmış, evləri qarət etmiş, rayonun rəhbər şəxslərini və onlarla adamı qətlə yetirmişdilər. Rayon ərazisindəki postlardan əsgərləri çıxarmışdılar. Onlardan 40 nəfərdən arıtq şəxs həbs olunmuşdur. Qalanları isə axtarışdadır”. Xatırladım ki, bütün bu yalanlar, iftiralar qanunların aliliyinin təminatçısı olan Respublikanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi rəhbərlərinin, Rəsul Quliyevin idarə etdiyi Milli Məclisin tribunasından xalqa verdikləri hesabatındandır. Daha doğrusu R.Quliyevin sifarişi ilə hazırlanmış hesabatıdır.

Həmin vaxtlar R.Quliyev, Surət Hüseynov, Ə.Ömərov, V.Novruzov kimi məmurlar yaranmış qarışıqlıqdan, müharibənin gedişatından və digər amillərdən istifadə edərək bizim kimi Vətən qeyrəti çəkən oğlanları öz çirkin siyasi maraqlarına qurban verirdilər.

İctimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə bizi şantaj etdilər və sonda haqqımızda sifarişli ölüm hökmü çıxardılar.

5 il “ölüm korpusu”nda ölüm cəzasının icrasını gözlədim! Ümummilli liderimiz H.Əliyevin 10 fevral 1998-ci il tarixli “Ölüm hökmünün ləğvi” haqqında tarixi qərarı ilə ölüm cəzası üzərimdən götürüldü.

Azərbaycan İnsan Hüquqları Müdafiəsi Təşkilatlarının Avropa Şurasının “Siyasi məhkumlar” siyahısında ilk ölüm cəzasına məhkum olunmuş siyasi məhkum kimi salınmağıma baxmayaraq, mən bir dəfə də olsun bu təşkilatlara müraciət etməmişəm, onlardan köməklik olunmasını istəməmişəm!

Mən, Azərbaycan tarixinə böyük, dahi tarixi şəxsiyyətlər bəxş edən Qayıbovlar nəslinin bir üzvü olaraq həmişə Vətənə, Dövlətə sədaqətlə xidmət etmişəm, Vətənin, Dövlətin mənafeyini hər bir şeydən uca tutmuşam!

Cənab Prezident! Mən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci (1960-cı il redaksiyası) maddəsi ilə ölüm cəzasına məhkum olunmuşam. Yeni, 2000-ci ilin 01 sentyabr tarixli Cinayət Məcəlləsində 70-ci maddə ilə ən yüksək cəza müddəti 15 il təyin edilibdir. Lakin bu günədək mənə 70-ci maddə ilə təyin edilmiş cəza yeni Cinayət Məcəlləsinin müddəalarına uyğunlaşdırılmamışdır.

Hal-hazırda mənim ömürlük həbs cəzası rejimində AR CM-nin 70-ci maddəsi ilə saxlanmağım qanunlara tam olaraq ziddir. Hüquqşünaslar da bunun qanuna zidd olmasını birmənalı olaraq təsdiq edirlər. 

Yeni qanun qüvvəyə minəndən sonra ömürlük həbs cəzasına məhkum olunanların 70-ci maddə ilə bağlı işlərinə məhkəmə tərəfindən yenidən baxılaraq tənzimləmə aparıldı və onlarla ömürlük məhkumların cəzaları yeni qanunvericiliyə uyğunlaşdırılaraq 12 ildən 15 ilədək həbs cəzası ilə əvəz olundu. Lakin mən dəfələrlə Qaradağ rayon Məhkəməsinə müraciət etsəm də, mənə heç bir cavab verilmədi. Həmin ərəfədə həbsxananın rəisi də mənim işimə CM-nin 70-ci maddəsi ilə baxılması üçün Qaradağ rayon Məhkəməsinə müraciət göndərdi. Ancaq məhkəmə tərəfindən heç bir cavab verilmədi. Mən yeganə məhkumam ki, hal-hazırda qüvvədə olmayan, tərkibindən ömürlük həbs cəzası ləğv olunan bir maddə ilə - 70-ci maddə ilə ömürlük həbs cəzası rejimində saxlanıram [yəqin, bu mənim Vətənim qarşısında göstərdiyim xidmətlərə, bədənimdə gəzdirdiyim qəlpə, güllə yaralarına Qaradağ rayon Məhkəməsinin verdiyi bir qiymətdir!]. 

Cənab Prezident! Hörmətli Ali Baş Komandan!

Mən 25 ildir həbsxanada dörd divar arasında saxlanıram. Bu illər ərzində çox əzablı günlər görmüşəm. Müxtəlif xəstəliklərdən əziyyət çəkirəm, dəfələrlə cərrahiyyə əməliyyatı olunmuşam, müharibədə 5 il ərzində dəfələrlə yaralanmışam, xəsarətlər almışam, güllə və qəlpə yaralarından çox əziyyət çəkirəm.

Qardaşım Qayıbov İlham müharibədə XTPD-nin sıralarında ağır döyüş yolları keçib.  Ağdərə uğrunda gedən döyüşlərdə 2 dəfə ağır yaralanmışdır. 1993-cü ildə ağır yaralanaraq II qrup əlil olmuşdur. Böyük qardaşım Q.Qayıbov Qarabağ müharibəsi veteranıdır. Qarabağ müharibəsində dostlarım,  yaxın qohumlarım şəhid olublar. Onlardan 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülübdür. 1993-cü ildə qardaşım İlham Qayıbova Milli Qəhrəman fəxri adının verilməsi üçün Daxili İşlər Naziri tərəfindən təqdimat verilib. Sizin tərəfinizdən də orden və medalla təltif olunub. Hal-hazırda Dövlətə, Vətəvə sədaqətlə xidmət edir.

Mən 2 uşaq atasıyam. Ailəm məcburi köçkündür, yataqxanada 25 ildir ağır bir şəraitdə yaşayırlar. Məhkəmə tərəfindən mənə ölüm hökmü oxunandan sonra anamın ürəyi tab gətirməyib dünyasını dəyişdi.

Cənab Prezident!

Mən 5 il Azərbaycan torpaqlarının bütövlüyü və azadlığı uğrunda döyüşən bir əsgər və Qarabağ qazisi kimi Sizdən, hörmətli Ali Baş Komandandan xahiş edirəm:

Mənə qarşı qaldırılan cinayət işinə yenidən ədalətlə baxılmasına, qanunvericiliyə uyğun olaraq yeni Cinayət Məcəlləsinin 70-ci (banditizm) maddəsi ilə üzərimdən ömürlük həbs cəzasının götürülməsinə köməklik göstərəsiniz!

Əvvəlcədən Sizə dərin minnətdarlığımı bildirirəm! Uca Allahdan Sizə can sağlığı arzulayıram!”

 

Hörmət və ehtiramla,                                  Qayıbov İntiqam Yusif oğlu



Çapa hazırladı: Orxan