Bu gün:


Azərbaycan Ordusunda türk modelinin tətbiqi...

Tarix: 13.03.2021 / 10:25  •   Oxundu: 585 dəfə  •  

Müstəqilliyimizin ilk günlərindən bizə ən böyük mənəvi dəstəyi göstərən Türkiyənin müasir ordu modelinin Azərbaycanda tətbiqi barədə Prezident İ.Əliyevin bəyanatı ordu ilə əlaqəsi olmayan kontingentin belə tam dəstəyini qazandı. Təbii ki, Silahlı Qüvvələrimizin birlik, birləşmə, hissə və bölmələrinin ştat üzrə tərkibi və onların silahlanması məxfi məlumatlardır. Lakin biz açıq mənbələrdə mövcud olan məlumatlar vasitəsilə “Azərbaycan Ordusunda türk modelinin tətbiqi hansı prosesləri nəzərdə tuta bilər?” sualına cavab verməyə cəhd edəcəyik. Bunun üçün əvvəlcə qədim türk ordusunun qısa tarixinə, müasir türk ordusunun fəaliyyətlərinə, əldə etdiyi nailiyyətlərə qısaca nəzər salmalıyıq.
 
Türkiyə Silahlı Qüvvələri
 
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) funksiyaları Türkiyə Respublikası Konstitusiyası ilə təyin edilib və ölkənin qurudan, havadan və dənizdən təhlükəsizliyini təmin etməkdən ibarətdir. Türkiyə Silahlı Qüvvələrinin Ali Baş Komandanı Türkiyə Prezidentidir. TSQ Türkiyə Quru Qüvvələri, Türkiyə Dəniz Qüvvələri və Türkiyə Hava Qüvvələrindən ibarətdir. Toplam gücünə və sayına görə dünyada 8-ci, NATO-da isə 2-ci ən böyük ordudur. 
 
Yaranma tarixi və müasir Türk Ordusu
 
Türk ordusunun qurulma tarixi Hun İmperatoru Mete Xanın taxta çıxması tarixi, yəni e.ə 209-cu il olaraq qəbul edilib. Türk ordusunun kökləri Hun imperiyasına, Böyük Səlcuqlu İmparatorluğuna və Osmanlı İmparatorluğuna qədər uzanır. Həmin imperiyaların əksər ordu ənənələri inkişaf etdirilməklə bu günə qədər Türkiyə Silahlı Qüvvələrində qorunmaqdadır. Türkiyə Silahlı Qüvvələrinin müasirləşməsində marşal Mustafa Kamal Atatürk tərəfindən həyata keçirilib. 
 
Birinci Dünya Müharibəsində Osmanlı İmperiyasının məğlubiyyətindən sonra Antanta Dövlətləri türk ordularını dağıdaraq Anadolunu işğal etməyə başladılar. Ali Baş Komandan Mustafa Kamal Atatürk yenidən ordu toplayaraq Anadoluda “Qurtuluş Savaşı”na başladı və müasir Türkiyə ordusunun Antanta Dövlətlərinə qarşı ilk Qələbəsini təmin etdi. 
 
Müasir Türkiyə ordusu daha sonra 1950-ci ildə "Şimal Yıldızı" adlı bir briqada ilə Koreya müharibəsinə qoşularaq ABŞ-ın 8-ci Ordusunun Çin ordusu tərəfindən tamamilə məhv edilməsinin qarşısını aldı. 1960-cı illərdə Kiprdə türklərə qarşı hücumlar başladığında, TSQ Kipr əməliyyatı üçün hazırlıqlara başladı və 1974-cü ildə “Kipr Barış Əməliyyatı” həyata keçirdi. 
 
1980-ci illərdə Türkiyə sərhədləri daxilində PKK terror qruplaşması ilə mübarizəyə başladı. 1990-cı illərdə Türkiyə terrorla mübarizəsini Şimali İraq ərazisində bir çox uğurlu əməliyyatlar həyata keçirməklə davam etdirdi.
 
TSQ-nin 1998-ci ildən sonra Şimali İraqda, Suriyada və son illərdə isə Liviyada həm PKK/YPG-yə, həm də İŞİD-ə qarşı mübarizəsini davam etdirdi.
 
2018-ci ildə Afrində TSQ “Sülh Çeşməsi” əməliyyat keçirməklə 8 gündə 4820 kvadrat kilometr ərazidən terror qruplaşmalarını təmizlədi. Rusiya Silahlı Qüvvələri Suriyada Əsəd ordusu ilə birlikdə Türkiyə  birliklərinə hücumlarından sonra TSQ İdlibdə “Bahar Qalxanı” əməliyyatı həyata keçirildi.
 
Qısaca olaraq fikrimizi ifadə etmək istəsək, o zaman deyə bilərik ki, Türkiyə Silahlı Qüvvələri yarandığı gündən kiçik fasilələri nəzərə almasaq, bu günə qədər daim döyüşlərdə olub. Türk əsgəri tarixində bir dəfə də olsun düşmənə arxa çevirməyib. Son əsrdə TSQ “İstiqlal Savaşında”, “Şeyx Səid”, “Ağrı” və “Dersim” üsyanlarında, Koreya müharibəsində, Kipr əməliyyatında, Müttəfiq qüvvələr əməliyyatında, Əfqanıstan müharibəsində, “Günəş” əməliyyatında, İraq əməliyyatında, “Şah Fərat” əməliyyatında, “Xəndək” əməliyyatında, 2015-16 Şırnak münaqişələrində, “Fərat Qalxanı”, “Zeytun Budağı”, “Sülh Çeşməsi”, “Bahar Qalxan”, “Pəncə” və s. kimi əməliyyatlarda uğurla iştirak edib. Bu əməliyyatlarda türk Əsgəri bir dəfə də olsun döyüş meydanında geri addım atmayıb. Azərbaycanın da Qarabağda Qələbəsinin təmin edilməsində Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə bərabər, Türkiyədə hərbi təhsil alan zabitlərimizin və qardaş ölkədən əldə etdiyimiz silah sistemlərinin əvəzsiz xidmətləri olub. Belə olan halda Azərbaycanın türk ordu modelinə üstünlük verməsinin əsas səbəbləri məlum olur. 
 
Əslində Qarabağda Ermənistan və Azərbaycan arasında gedən döyüş əməliyyatları göründüyündən daha böyük miqyasa malik idi. Burada silah bazarlarına nəzarətdən tutmuş qlobal güclərin təsir zonalarının yeni sərhədlərinin “demarkasiyasına” qədər proseslər diqqəti cəlb edirdi. Proseslərə rəsmi Bakının təsir imkanları Ermənistanı vəziyətə müdaxilə imkanlarından məhrum etdiyini də vurğulamalıyıq. Beləliklə əsas mövzuya qayıdaq. 
 
Azərbaycan Ordusunda türk modelinin tətbiqi barədə məlumat ilk dəfə Prezident İ.Əliyevin dilindən səslənib. Türkiyə Silahlı Qüvvələri isə NATO-nun əsas güc mərkəzlərindən biri olaraq, ordu quruculuğunda həm özünün tarixi zəfərlərinin təcrübəsindən, həm də Şimali Alyansın imkanlarından yararlanıb. Nəticədə yüksək döyüş potensialına malik türk Ordusu həm ölkənin milli maraqlarının, həm də NATO-nun əvvəllər Varşava Paktı, sonra isə KTMT ilə sərhəddində təhlükəsizliyinin təmin edilməsində böyük əhəmiyyət kəsb etməyə başlayıb. Türkiyə zaman zaman bəzi müttəfiqləri tərəfindən ikili standartlara məruz qalsa da, NATO-nun cənub qanadında ondan üstün və real güc hələ ki, mövcud deyil. Dolayısı ilə Türkiyə NATO üçün çox böyük əhəmiyyətə malikdir. Azərbaycan da NATO-ya ilk addımlarını 1997-ci ildən atmağa başlayıb. Bu müddət ərzində bəzi struktur dəyişiklikləri də aparılıb. Lakin bunları heç də qənaətbəxş hesab etmək olmazdı. 
 
Güzlənilən türk ordu modelində ilk öncə Azərbaycan Silahlı Qüvvələrində Quru qoşunlarının yaradılması gözlənilir. Yəni hazırda birbaşa Müdafiə Nazirinə tabe olan əlahiddə ordu və ordu korpusları quru qoşunlarının yaradılması ilə digər qoşun növlərində olduğu kimi, öz qoşularının komandanlığına tabe olacaqlar. Bu mərkəzi idaretmə aparatının yükünü azaltmaqla, operativ idarəetmənin təmin edilməsində müsbət rol oynaya bilər. 
 
Korpusların malik olduğu hissələrin sayında və tərkibində ciddi dəyişikliklər gözləniləndir. Türkiyə Ordusunda geniş tətbiq edilən komandos hissələrinin Azərbaycanda yaradılması da məqsəduyğun olacaq. 44 günlük əməliyyatlarda əldə olunan uğurların əksəriyyəti xüsusi təyinatlı bölmələrin fəaliyyəti ilə bağlı olduğundan, korpusların da malik olduğu xüsusi təyinatlı bölüklərin gözlədiyimizdən də artıq miqyasda genişləndirilməsi labüd olacaq. Korpuslarda mövcud olan kəşfiyyat taborlarının ştat strukturunun tamailə dəyişdirilməsi ilə onların xüsusi təyinatlı dağ komando briqadasına çevrilməsi də mümkündur. Çoxdan gözlənilən dəyişikliklərdən biri də birliklərin reaktiv yaylım atəşli sistemlərə malik divizionlara malik olmasıdır. Dolayısı ilə birliklər yaxın və uzaq vəzifələrini icra edəcək dərinliyi sıx artilleriya atəşi altında saxlamaq imkanına malik olmalıdır. Qarabağla əlaqəsi olmayan rayonların, xüsusilə də Tər-Tər ərazisinin düşmən tərəfindən müharibənin son gününə qədər atəş altında saxlaması və korpusun 10-15 km-də yerləşən Agdərə ərazisindəki yerləşən bu hədəflərin uzun müddət susdurulmamasını hamımız yaxşı xatırlayırıq. 
 
Türkiyədə zabit heyətinin vəzifələrdə yerləşdirilməsində yaş və təhsil ilə bərabər subordinasiyanın gözlənilməsində, xidmət illərinin və keçirilən atestasiyaların nəticələrinin nəzərə alınmasında ciddi standartlar tətbiq edilir. Hərbçilər hansı bölgədə nə qədər xidmət edəcəyini əvvəlcədən təxmin edə bilir. 
 
Zabit və general rütbələrində TSQ ilə Azərbaycan Ordusu arasında fərq yoxdur, lakin çavuş və gizir rütbələrinin uyğunlaşdırılması məqsədəuyğun olardı. Məsələn on illərlə orduda xidmət edən gizir, hazırda cəmi bir dəfə, çavuş isə iki dəfə növbəti rütbə ala bilir. Bu isə həmin heyətin daha uzun müddət orduda xidmət etməsi üçün motivasiyanı aradan qaldırır. Azərbaycan Ordusunda SSRİ-də olduğu kimi gizirlər üçün 2 müxtəlif rütbə nəzərdə tutulduğu halda Türkiyə Ordusunda bu kateqoriyadan olan hərbi qulluqçular üçün 7 müxtəlif rütbə nəzərdə tutulur. Düşünürəm ki, burada əlavə şərhə ehtiyac qalmır.  
 
Hərbi şəhərciklərin inşasında da Türkiyə təcrübəsi nəzərə alınmaqla, zabit ailələrinin məişəti üçün bütün zəruri infrastrukturun yaradılması ilə bərabər hər korpusun nəzdində “Ordu Evləri” inşa edilə bilər. Doğrudur, hazırda hər bir korpusda xidmət edən zabitlərin bir hissəsinin yaşadığı “Qonaq Evi” malikdir. Lakin mənim bəhs etdiyim Türkiyə Silahlı Qüvvələrinin “Ordu Evi” adlanan otel kompleksləri, zabit heyəti və onların ailələri təfərindən asudə vaxtlarını keçirmək üçün geniş istifadə olunur. Bu komplekslər təchizatına görə heç də birinci sinifə aid otellərdən geri qalmır. Bu “Ordu Evləri” adətən yüzlərlə yataq otağından, restorandan, çay salonundan, qapalı və açıq idman zallarından, tələbə zalından, toylar üçün şadlıq sarayından, müxtəlif dəvət və kokteyl salonlarından, uşaq oyun otaqlarından, butiklərdən, qadın və kişi bərbər salonlarından, hovuzdan, qapalı avtomobil dayanacağından, kitabxanadan və s. ibarət olur. Bu binalar dövlət qonaq evi kimi də istifadə oluna bilir. Xatırladıram ki, bu ərazidə yerləşən obyektlərdə xidmət və satış qiymətləri standart ölkə qiymətlərindən çox aşağı olur. Həmin ərazilərə mülki şəxslərin girişi yalnız xüsusi dəvət əsasında mümkündür. Mən vaxtilə 2 həftə İstanbuldakı “Ordu Evində” qalmaqla bu sistemi təqdir etmişəm və indi də bu fikirdəyəm. 
 
Ümumilikdə türk ordu modelinin qəbul edilməsi həm Milli Ordumuzun, həm də Silahlı Qüvvələrimizin tərkibinə daxil olan digər güc strukturlarını, məsələn Daxili Qoşunları, Dövlət Sərhəd Xidmətini və ya Sahil Mühafizə Xidmətini də əhatə edə bilər. Türkiyə təhlükəsizlik konsepsiyası Sərhəd Mühafizə Xidmətinin sülh dövründə Daxili İşlər Nazirliyi tərkibində fəaliyyətini nəzərdə tutur. Lakin real olaraq bu fəaliyyətlərin miqyası barədə rəsmi məlumatlar hələ ki, mövcud deyil. Onların açıq mətbuatda yayımlanacağı da gözlənilmir. Lakin məlum olan budur ki, Azərbaycan Prezidenti Milli Ordumuzda türk modelinin tətbiqi barədə qərar qəbul edib. Proseslərə də artıq başlanılıb. 
 
Xatırlayırsınızsa, 1995-ci ildə Yunanıstanla Kardak Böhranı zamanı Türkiyə komandoları adada bayraq qaldırdı və Yunanıstan Baş qərargah rəisi istefa verdi. Şüşada isə Xüsusi təyinatlılarımızın Azərbaycan Bayrağının qaldırılması, 30 illik Qarabağ münaqişəsinin həll etməklə işğal altında torpaqlarımızın 75 faizdən çoxunu nəzarətimizə qaytarmaqla Ermənistan hərbi-siyasi elitasını əksəriyyətini istefaya vadar etdi. Göründüyü kimi, dilimiz, dinimiz, tariximiz kimi Qələbələrimizin nəticələri də təxminən eynidir. Deməli Ordularımızın da eyni struktura, tərkibə və idarəetmə mexanizminə malik olması artıq zamanın tələbidir. Hər iki qardaş ölkənin Silahlı Qüvvələrinin eyni struktura malik olması və idarəetməsinin uyğunlaşdırılması birgə döyüş əməliyyatlarının koordinasiya edilməsində də mühüm əhəmiyyət daşıyacaq.