Bu gün:


Rusiya günahkardırsa, Ermənistan niyə cəzasızdır? - İrəvanın əməlləri görməzdən gəlinir

Tarix: 06.05.2022 / 16:50  •   Oxundu: 147 dəfə  •  

Bu gün ABŞ və Qərb Ukraynadakı müharibə fonunda özünü olduqca ədalətli, haqqın müdafiəçisi mövqeyindən göstərmək niyyətindədir. Lakin bir məsələ hər zaman olduğu kimi indi də öz aktuallığını qoruyur.
Aydın məsələdir ki, Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibədə ABŞ və Qərb ölkələrinin Kiyevə verdiyi iqtisadi-siyasi, hərbi dəstək kifayət qədərdir. Amma o yardım bununla yekunlaşmır. Bu gün sözügedən dövlətlərin Rusiyaya tətbiq etdiyi sanksiyaların da Moskvanın əlini-qolunu bağlamaq, onu daha məhdud bir çevrəyə salaraq, hərəkət trayektoriyasını qısaltmağa yönəldiyini nəzərə alsaq, o zaman sözügedən misli görünməyən sanksiyaların da Ukraynaya dolayısı ilə bir yardım olduğunu düşünmək olar.
Amma bu gün Ukrayna ilə müharibə edən tək Rusiyadırmı?
İndiki məqamda Kremlin işğalçı siyasətini açıqca dəstəkləyən, bu ölkəyə hərbi, informasiya, humanitar dəstək verən ölkələr haqda da kifayət qədər məlumatlar dolaşır. Belə dövlətlərdən biri də təbii ki, Ermənistandır.
Rəsmi İrəvanın Ukraynaya dəstək verirmiş kimi yaratdığı eyforiya sözsüz ki, özünü aldatmaqdan başqa bir şey deyil. Çox güman ki, Qərb də, ABŞ da, məlumatlıdır ki, artıq iki aydan çox davam edən müharibənin ilk günündən etibarən Ermənistan Rusiyaya hər mənada dəstək verməkdə davam edir. Ermənilər hətta o qədər azğınlaşıblar ki, onlar bu dəstəyi Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasındakı Azərbaycan ərazilərində də müxtəlif formalarda nümayiş etdirməklə Rusiyaya Cənubi Qafqazda Ermənistanın onlar üçün nə qədər əhəmiyyətli bir dövlət olduğunu anlatmış olsunlar.
Biraz keçmişə, hətta bir əsr öncəyə kimi də tarixə nəzər salsaq maraqlı faktlarla qarşı-qarşıya qala bilərik. Bir daha aydın olar ki, Ermənistanın hazırda rəsmi Moskvaya dəstək verməsi ilk belə hal deyil. Çünki tarixə nəzər saldıqda rus-erməni işğalına dair onlarla faktla qarşılaşmaq mümkündür.
Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin başqa coğrafiyalardan Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. 
Elə bunun nəticəsi idi ki, Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40 min erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90 min erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar.
Rusiya imperiyasının İrandakı səfiri, ermənilərin cənubi Qafqaza köçürülməsində aktiv iştirak etmiş məşhur rus diplomatı (rus diplomatı və yazıçısı) Aleksandr Qriboyedov xatirlərində yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər ... onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar".
Amerikalı alim Castin Makkartinin yazılarında da Cənubi Qafqazda, daha doğrusu rusların Azərbaycanda erməni koloniyalarının yaradılması haqqında bunları demişdir: "1828 və 1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibini ermənilərin xeyirinə dəyişmək siyasəti nəticəsində iki milyondan çox müsəlman məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edilmiş, və dəqiq məlum olmayan sayda insan isə qətlə yetirişmişdir....Ruslar iki dəfə 1828 və 1854-cü illərdə Şərqi Anadoluya hücum etmiş, lakin hər iki halda geri çəkilməyə məcbur olmuşlar. Geri çəkilərkən onlar özləri ilə 100 min ermənini də Qafqaza gətirmiş və yurdlarından qovulmuş və məhv edilmiş türklərin yerlərində yerləşdirmişdilər".
Bu sadalanan tarixi faktlardan da bir məsələnin günümzdə də aktuallığını qoruyub saxladığı aydın olur: Rus imperiyasının hakim dairələri Cənubi Qafqazda yeritdikləri müstəmləkə siyasətində ermənilərə çox bel bağlayırdılar.
Biz bu iki dövlət arasındakı bağlılığı 44 günlük İkinci Qarabağ müharibəsi zamanında da aydın şəkildə gördük. Rusiyanın müharibə vaxtı dayanmadan Ermənistanı silah-sursatla təmin etmək üçün müxtəlif marşurutlardan istifadə etdsiyi ilə bağlı faktı elə bir neçə gün öncə dövlət başçısı İlham Əliyev Bakıda  23 ölkədən 40 iştirakçının qatıldığı "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans çərçivəsində açıq şəkildə qeyd etdi: Hər kəsə məlumdur və biz 44 günlük müharibə zamanı bunu ictimai şəkildə dəfələrlə bəyan etdik ki, müntəzəm qaydada, gündə bir neçə dəfə Rusiyadan təyyarələr vasitəsilə Ermənistana silah daşınırdı. Biz bütün marşrutları izləyirdik - Rostovdan və Mozdokdan silah daşınırdı. Biz gürcüstanlı dostlarımızdan hava məkanını bağlamağı xahiş etdik və onlar bunu etdilər. Bundan əlavə, biz gürcüstanlı dostlarımızdan xahiş etdik ki, quru yolu vasitəsilə Rusiyadan Gürcüstan ərazisindən silahların daşınmasının qarşısını alsınlar və onlar belə də etdilər. Biz buna görə minnətdarıq. Biz bütün Xəzəryanı ölkələrə məktublar göndərdik ki, Rusiyadan Ermənistana silah daşıyan yük təyyarələrinə uçuş icazəsi verilməsin. Belə məktublar Qazaxıstan, Türkmənistan və İrana göndərildi. Təəssüf ki, bu təyyarələr həmin ölkələrin hava məkanından istifadə edərək Ermənistana daxil olurdu".
Hər iki dövlət Ukraynaya qarşı müharibəni münasibətlərinin daha da yaxınlaşması üçün bir fürsət gördüyü halda Ermənistanın bu gün Rusiyaya verdiyi dəstəyi nədənsə nə Qərb, nə də ABŞ görür. 
Ermənistanda Rusiya lehinə keçirilən saysız-hesabsız mitinqlərə, rəsmi İrəvanın müharibə başlayandan dəfələrlə Ukraynadakı separatçılara göndərdiyi humanitar yardımlara, eləcə də Rusiya ordusunun tərkibində bu gün Ukraynadakı işğalda iştirak edən yüzlərlə erməni könüllünün olması ilə bağlı faktlara, Moskvanın başlatdığı işğalçı müharibədə erməni informasiya propaqandası (Marqarita Simonyan olmaqla Keosanyan, Kurqinyan, Şahnazarov, Qabrielyanov, Babayan, Mirzayan, Baqdasarov - red) ən aktiv şəkildə iştiraklarına rast gəlinsə də, Qərb və ABŞ, ikili standartlardan çıxış etməklə, faktiki olaraq işğalçını qorumaq missiyasını üzərinə götürmüş sayılır. 
Bunu ancaq ABŞ Dövlət Departamentinin, Konqresinin çox ciddi şəkildə erməni lobbisinin təsiri altında olduğu ilə əlaqələndirmək istərdim. Çünki ABŞ iki üzlü siyasət yürüdərək Rusiyanın tərəfdarları olan Sudan, Eriteriya kimi ölkələrə təzyiqllər etdiyi halda maşası olan Ermənistanın başını sığallamaqla məşğuldur. O Ermənistan ki, hər cür dəstək verdiyi Rusiyaya qarşı Ağ Ev minlərlə sanksiya tətbiq edib və bunun davam edəcəyi istisna edilmir.