Bu gün:


Afrikada nəhənglər mübarizəsi: Azərbaycan nə edir və nə edəcək?

Tarix: 13.04.2023 / 10:37  •   Oxundu: 100 dəfə  •  

ABŞ və Çinin Afrikada təsir imkanları, gəlirlər və siyasi nüfuz uğrunda gedən qarşıdurması daha da aktivləşib. Belə şəraitdə Azərbaycanın Afrika ölkələri ilə perspektivlərinin ciddi potensialı var.
... Cibuti. Afrikanın şərqində yerləşən, dünyanın ən yoxsul ölkələrindən biri olan bu dövlətin qərbində böyük hərbi şəhərcik var. Helikopter meydançaları, nəhəng aviadaşıyıcı gəmiləri qəbul edə biləcək liman, anbarlar, kazarmalar, motorlu qayıqlar, zirehli texnika və 2200 hərbçi.
6 il əvvəl inşası başa çatmış bu qapalı və çox ciddi qorunan tikililər komlpleksi Çin Xalq Respublikasının xaricdəki ilk hərbi bazasıdır.
Afrikada proseslər indiki kimi davam edərsə, Çin "qara qitə"də daha bir neçə hərbi baza yaradacaq.
ABŞ-ın Afrikadakı Mərkəzi Komandanlığının rəisi general Stiven Taunsend hesab edir ki, Çin yaxın vaxtlarda Anqolada, Seyşel adalarında, Keniyada və Tanzaniyada hərbi bazaların yaradılması üçün aktiv fəaliyyətə başlayacaq.
"Mavritaniyadan tutmuş, Namibiyaya qədər ən geniş arealda yerləşə biləcək belə bazalar Çinə artan hərbi qüdrətinin mövcudluğunu yalnız Sakit okeanda yox, Atlantik okeanda da təmin etməyə imkan verəcək", - S.Taunsend söyləyir.
Amerikalı generalın fikrincə, çinlilər Afrikanın bir çox ölkəsində amerikalıları qabaşlayıblar. Dəniz və okean limanlarının inşası, iqtisadi-maliyyə proqramları, infrastruktur layihələri və s. gələcəkdə Afrikada çinlilərin mövqelərini çox səbatlı edəcək.
Pentaqon mənsubu xəbərdarlığında, yumşaq desək, bir qədər gecikib, çünki Çin artıq illərdir ki, Afrika ölkələrinin ən böyük ticari və iqtisadi tərəfdaşıdır. "Səmaaltı imperiya" ilə "qara qitə" dövlətlərinin ticari dövriyyəsinin toplam illik həcmi arptıq 230 milyard dolları keçib. Afrika ölkələrində çinlilərin 14300-dən artıq şirkətləri fəaliyyət göstərir.
2020-ci ildə "Bir kəmər, bir yol" layihəsi çərçivəsində təsis edilmiş İnfrastruktur İnkişafı Fondunun büdcəsi 1 milyard dollar, Çinin Afrika ölkələrinə ünvanladığı güzəştli kreditlərin və maliyyə yardımlarının həcmi 63 milyard dollar təşkil edir.
Çin 2011-ci ildən bəri Afrikadakı infrastruktur layihələrinin əsas donoru və investoru olduğundan ABŞ-ın yaxın illərdə Pekini qabaqlaya biləcəyi real ehtimal təsiri bağışlamır.
Çini "neomüstəmləkə siysəti və borc girdabına salmaq siyasəti" yürütməkdə suçlayan Qərb propaqandasına rəğmən, Pekin indiyədə 11 Afrika ölkəsinin beynəlxalq öhdəliklər üzrə borclarını bağışladığından bu qərarlar Afrikada siyasi elitalarla yanaşı, sosium tərəfindən təqdirlə qarşılanıb.
Səbəb sadədir: Çinin xam neftə tələbatının 1/3 hissəsi Sudan, Anqola və Nigeriya kimi ölkələrdən alışlar hesabına əmin olunduğundan Pekin Afrikada uzunmüddətli stabilliyin bərqərarında maraqlıdır.
Çinin aldığı pambığın 20 faizi, meyvə-tərəvəzdən tutmuş, minerallara qədər geniş çeşiddə məhsulların əhəmiyyətli hissəsi də Afrikanın payına düşür.
Məhz bu səbəbdən Çin Afrikada təsir imkanlarını genişləndirməyə can atır.