Bu gün:


"Tezliklə Azərbaycan səmasında Pakistan qırıcılarının son versiyası görünəcək"

Tarix: 31.03.2021 / 10:36  •   Oxundu: 254 dəfə  •  

Pakistanın Azərbaycanın ənənəvi və strateji tərəfdaşlarından biridir. Müstəqilliyimizi tanlyan ilk ölkələrdən olan Pakistan ərazi bütövlüyümüzün bərpası uğrunda apardığımız haqlı mübarizədə birmənalı olaraq daim Azərbaycanın yanında oldu. İki qardaş ölkə arasında münasibətlər 30 ildir ki, artan dinamika üzrə inkişaf edir. İntensiv olaraq keçirilən yüksək səviyyəli görüşlər bu münasibətlərin təmaslar bu münasibətlərin göstəricisi hesab olunur. Belə görüşlər mart ayında artıq iki dəfə keçirilib. 
 
Xatırlayırsınızsa, 2021-ci il fevralın 25-də Pakistan İslam Respublikasının Sərhəd İşləri Təşkilatının Baş İcraçı Direktoru general-mayor Kamal Azfarın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdu. Bu görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirəsi ilə bərabər, azad edilən ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi işlərinə pakistanlı mütəxəssislərin də cəlb edilməsi məsələsi, ölkələrimiz arasında hərbi əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılmışdı.
 
Prezident İlham Əliyev martın əvvəlində Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən Azərbaycanın Pakistandan hərbi avadanlıq almağa davam etmək istədiyini bildirmişdi. 
 
Martın 29-da isə Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda işgüzar səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanının müavini aviasiya marşalı Aamir Məsudun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.
 
Bu görüşdə Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olundu və tərəflərin hərbi hava qüvvələri arasında hərbi, hərbi təhsil və hərbi-texniki əməkdaşlığının perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edildi. 
 
Göründüyü kimi, bu görüşlər kifayət qədər intensiv xarakter daşımaqla bərabər hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edən mövzuların müzakirəsini özündə ehtiva edib. 
 
Həyata keçirilən görüşlərin təbii ki, ictimaiyyətə açıqlanmayan detalları da mövcuddur. Böyük ehtimalla keçirilən son görüş, martın əvvəlində Prezident İlham Əliyevin Azərbaycanın Pakistandan hərbi avadanlıq almağa davam etmək istədiyini bildirməsi ilə əlaqədar olub. Başqa sözlə desək, general-leytenant Ramiz Tahirov ilə aviasiya marşalı Aamir Məsud arasında keçirilən görüşdə Pakistandan alınacaq hərbi avadanlıqlara dair müzakirələr daha detallı şəkildə, yəni onların istehsalı və çatdırılması ilə bağlı məsləhətləşmələr aparılıb. O zaman sual yaranır: Azərbaycanın hansı hərbi avadanlıqları Pakistandan əldə etməyə hazırlaşır?
 
Azərbaycan üçün Pakistan Türkiyədən sonra ikinci strateji tərəfdaşdır. İslamabadın istehsal etdiyi istənilən silah sistemi Bakı üçün əlçatandır. Pakistan malik olduğu texnologiyanı da Azərbaycana transfer etməyə də hazırdır. 
 
Nüvə dövlətləri arasında yeganə tərəfdaşımız olan Pakistan demək olar ki, hər ay hansısa yeni uzaqmənzilli ballistik raketin, reaktiv yaylım sisteminin, zenit və ya digər tip sursatların sınaqlarını keçirir. İslamabad pilotlu və pilotsuz aviasiya vasitələrinin istehsalında çox ciddi potensial əldə edib. Son görüşdə də əsasən müdafiə sənayesində əməkdaşlıq və hərbi satınalmalar mövzusu müzakirə edilib. Hərbi potensialının tərkib hissəsi olan silah sistemlərini, o cümlədən ağır zirehli, yühgül zirehli və zirehsiz texnikalarını, bütün artilleriya sistemlərini, nəqliyyat vasitələrini, PUA-larını, sahil mühafizə avadanlıqlarını və PUA-larını yeniləyən Azərbaycan HHQ tərəfindən istismar edilən qırıcı parkını da yeniləməyə hazırlaşdığı heç kim üçün sirr deyil. Bu istiqamətdə İtaliya ilə bəlli müqavilələr imzalanıb.
 
Mövcud MiQ-29 qırıcılarımız həm resurslarını başa vurmaq üzrədir, həm də qəza sayları getdikcə artmaqdadır. Digər tərəfdən isə aviasiya vasitələrinin əldə olunması zamanı, ən azı istehsalçı ilə yaxın 30 illik münasibətlərin perspektivləri zəmanət altına alınmalıdır. Belə olan halda isə Çin texnologiyası ilə Pakistan ərazisində istehsal edilən aviasiya vasitələri Azərbaycan üçün maraqlı olmaya bilməzdi.  
 
Azərbaycan gənc pilotların hazırlanmasında Pakistan istehsalı 10 ədəd təlim təyyarələrindən artıq istifadə edir. MFI-395 “Super Mushshak” təyyarəsinin alqı-satqısına dair müqavilə 2017-ci ilin iyul ayının 27-də İslamabadda Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov ilə “Pakistan Aeronautical Complex” rəhbərliyi arasında imzalanıb. 
 
İlk 5 ədəd təyyarə 2018-ci ilin noyabr ayında Azərbaycana təhvil verilib. Digərlərinin 2019-cu ilin əvvəlində təslim edildiyi ehtimal edilir. Əlavə olaraq birinci partiya ilə təyyarələrin məşq trenajorları da pilotların istifadəsi üçün təqdim edilib. Azərbaycanlı təlimatçı pilotların Pakistanda təlim keçməsi barədə məlumatlar da mövcuddur. Təyyarəyə müəyyən silah və kameraları inteqrasiya etmək imkanı mövcuddur. Müasir və təhlükəsiz olan təyyarə ilkin təlim-tədris və uçuş proqramının tələblərinə tam uyğundur. Bu təyyarələrdən 300 ədədi Pakistanda, 52 ədədi isə Türkiyədə istismar edilir. 
 
MFI-395 “Super Mushshak” təyyarəsinin texniki-uçuş xüsusiyyətləri
 
Ekipaj: 2-3 nəfər (müəllim, təlimatçı və öyrənən pilot);
Uzunluğu: 7.15 m;
Qanad uzunluğu: 8.85 m;
Hündürlüyü: 2.60 m;
Qanad sahəsi: 11.9 kv.m;
Boş kütləsi: 760 kq;
Maksimum qalxma kütləsi: 1250 kq;
Güc təminatçısı: 1 ədəd 6 silindrli “Textron Lycoming” IO-540 V4A5 mühərriki, 260 a.g;
Pərləri: 1 ədəd “McCauley” və ya “Hartzell”;
Maksimum sürət: 268 km/s;
Uçuş məsafəsi: 814 km;
Enmə sürəti: 96 km/s;
Havada qalma müddəti: 4 saat 15 dəqiqə;
Uçuş tavanı: 6700 m;
Dırmanma sürəti: 8.6 m/s.
 
Bundan başqa 2019-cu ildən mətbuatda Azərbaycanın Pakistandan JF-17 “Thunder” döyüş təyyarələrinin alınması barədə məlumatlar yayılır. Pakistandan 10 ədəd təlim təyyarəsinin alınması və Prezident İlham Əliyevin  martın əvvəlində Azərbaycanın Pakistandan hərbi avadanlıq almağa davam etmək niyyətində olduğunu bildirməsi, ölkəmizin ehtiyac duyduğu qırıcıları da eyni ölkədən əldə edəcəyinə dir ehtimalları daha da gücləndirir. 

Bu qırıcıların taktiki uçuş xüsusiyyətləri hələlik tam açıqlanmır, lakin onların baza versiyadan çox fərqlənəcəyi məlumdur. Jf-17 Blok III dəbilqədə quraşdırılan ekran, inkişaf etmiş avionika, AESA radarı, yeni mühərrik, iki oturacaqlı pilot kabinəsi kimi bir çox yeni funksiyalara malikdir. Onun sürətinin 2.0 Max-dan yüksək olacağı gözlənilir. Pakistan HHQ rəsmiləri bu təyyarəni “4+ nəsil” təyyarə adlandırır. Bu qırıcı keçən il Pakistan HHQ-də qoşun sınqlardan keçirilib və 2020-ci ilin dekabr ayından onun seriya  istehsalına başlanıb. Yeni versiyada təyyarənin informasiya mübadilə imkanları genişləndirilib. Silah sisteminə isə 150 km atşə məsafəsinə malik PL-15 raketləri əlavə edlib. Aktiv elektron tarama radarından (AESA) istifadə döyüş zamanı pilotun daha çox informasiya toplamasına, təyyarənin daha uzaq məsafələrə müşahidə etməsinə və eyni zamanda çoxsaylı hədəfə hücum etməsinə imkan verir. 
 
2019-cu ildən mətbuatda geniş müzakirə edilən bu məsələnin indiyə qədər uzanması, Azərbayanın JF-17 qırıcılarının ən üstün və son Blok III veriyasının alınması ilə əlaqədər ola bilər.
 
Azərbaycanın Pakistanla aviasiya sahəsində əməkdaşlıq etməsi, xüsusilə JF-17 Blok III qırıcılarının əldə edilməsi Hərbi Hava Qüvvələrimizin havada üstünlüyü əminliklə təmin edə biləcək müasir stels texnologiyalı qırıcı parkına sahib olmasına, ehtimal oluna  rəqiblərin HHM sistemlərinə kifayət qədər ciddi problemlər yaradılmasına, ən yaxın tərəfdaşımızdan kifayət qədər münasib qiymətə müasir aviasiya vasitələri əldə edilməsinə, resursları və ya istismar müddəti başa çatan qırıcıların satılması ilə qəza risklərini azaldılmasına imkan verəcək. 
 
JF-17 qırıcısında F-35-də tətbiq olunan “soyuq füzelyaj” yeniliyi, pilotlarımıza döyüşdə daha uzun müddət qala bilən qırıcılarla çeniş çeşiddə raketlərdən həm quru, həm də dəniz hədəflərinə qarşı mübarizə aparmağa şərait yaradacaq. 
AMRAAM sinifinə aid raketlərlə eyni xüsusiyyətlərə malik PL-15 raketləri pilotlara eyni zamanda daha çox sayda düşmən hədəflərinə, onların məhvetmə zonasına daxil olmadan, daha uzaq məsafələrdən zərbə endirməyə imkan verəcək. 
Digər tərəfdan isə Azərbaycan HHQ-si daha uzun müddət təmirsiz istismar edilən və qırıcılara malik olacaq. Cələcəkdə servis xidməti, modernləşdirmə, ehtiyat hissələr,sursat və s. ilə bağlı problemlərin yaranması da istisna ediləcək. 
Pakistanla istənilən sahədə, o cümlədən aviasiya sahəsində sıx əməkdaşlıq hər iki tərəfin həm iqtisadi, həm siyasi, həm də hərbi maraqlarına tam uyğun olduğunu nəzərə alsaq, yaxın 2-3 ildə Pakistan istehsalı qırıcıların yəqin ki, son versiyası Azərbaycan səmasında görünəcək. 
 
Türkiyənin də iştirak etdiyi Azərbaycan-Pakistan hərbi və hərbi-texniki əməkdaşlığının keyfiyyətcə yeni müstəviyə çıxarılması üçün həm siyası, həm də hüquqi baza artıq yaradılıb. Azərbaycanda ordunun Türkiyə modelinə uyğunlaşdırılması əməkdaşlığın daha səmərəli olmasına imkan yaradacaq. Bunun üçün tərəflər zəruri olan potensiala da malikdir. Yaxın gələcəkdə Azərbaycan-Türkiyə-Pakistan hərbi hava qüvvələri arasında əməkdaşlığın inkişaf etdirilməsi və əlaqələrin daha da genişləndirilməsi, həmçinin birgə hərbi təlimlərin keçirilməsi də gözlənilir, bu isə regionda kifayət qədər geniş rezonansa səbəb olacaq. 
 
Azərbaycan, Türkiyə və Pakistan arasında siyasi və digər sahələrdə, o cümlədən müdafiə sahəsində üçtərəfli əməkdaşlıq formatı bu günə qədər də kifayət qədər aktiv fəaliyyət göstərib. İndi 3 ölkənin hərbi texniki imkanlarını birləşdirmək, yaranmaqda olan yeni ittifaqın potensialını və mövqelərini daha üstün bir səviyyəyə daşıyacaq.