Bu gün:


Putin dostunu Ermənistanda hakimiyyətə gətirir...?

Tarix: 29.01.2021 / 10:28  •   Oxundu: 170 dəfə  •  

"Moskva qayğılı günlərini yaşayır, Ermənistan da okeanda yelkənsiz qayıqdır, Azərbaycan yaranmış fürsəti vaxtında dəyərləndirməlidir"

Ermənistanın siyasi həyatı okeanda yelkənsiz qayığa bənzəyir.  Nə ağır məğlubiyyətə uğramış Paşinyan hakimiyyəti istefaya  gedir, nə də ölkənin ictimai-siyasi həyatında olub qalan bütün siyasi qüvvələr birləşsə belə onu istefaya göndərə bilmədilər. İndiki hakimiyyətin irəli sürdüyü növbədənkənar seçkidə heç bir siyasi qüvvə qalib gələcəyinə inamlı olmadığından, bu qanuni yolu da qəbul etmirlər, mütləq hakimiyyətin istefasından sonra seçki keçirilməsini tələb edir, amma bu israrın özündə də inamsız görünürlər.  Və belə bir situasiyada  ölkənin ikinci prezidenti Robert Koçaryan birdən çıxıb seçkidə “komandası ilə iştirak edəcəyini və qalib gələcəyini” bildirir. Su üzündə qalan erməni cəmiyyəti canlanaraq bir anlığa “millətin xilaskarını” gördümü?
 
Paşinyan demokratiyası müharibədən əvvəl erməni cəmiyyətinin üstünlük verdiyi dəyər idisə indiki durumda prioritet demokratiya deyil.  Baxmayaraq ki, Qarabağ klanının nümayəndəsi –ikinci prezident Robert Koçaryana İrəvan xalqının nifrəti hələ də davam edir, onun mətbuata söylədikləri erməni cəmiyyətinə təsirsiz ötüşmədi. 

Birmənalı demək olmaz ki, erməni cəmiyyətinin əksəriyyəti korrupsioner idarəetmənin əsasını qoyan birinə sabah səs verəcək, amma səs verənlər də az olmaya bilər. Əsas məsələ odur ki, Koçaryanın gücü Ermənistanda deyil, Kremldədir. Putin Koçaryan dostluğu hər iki ölkədə məşhurdur. Koçaryanın seçkidə iştirak edib qalib gəlmək ideyasının da şimaldan gəldiyi şübhə doğurmur. Onun son Moskva səfərində Putinlə birbaşa görüşü baş tutmasa da, 1 saatlıq telefon danışıqları geniş müzakirə olundu. 

Məqsədimiz Ermənistan siyasi həyatını analiz etməkdən çox, Koçaryan hakimiyyətə gələrsə (açığı, reallaşması böyük şübhə altındadır) bitməmiş Qarabağ münaqişəsinin hansı yeni çalar alacağını və Rusiya hakimiyyətə gətirdiyi adamın Qarabağ kartı ilə möhkəmlənməsinin Azərbaycana nə dərəcədə təhlükə yaradacağını hesablamaqdır. Bu günlərdə Vazgen Manukyan real bir fikir bildirdi ki, “Ermənistanı Rusiyaya bağlayan yeganə ip Artsaxdır” və əlavə etdi ki, Qarabağ olmayandan sonra nə Rusiya Ermənistana lazımdır, nə də Rusiyanın Cənubi Qafqazda qalması mümkündür. Bu, ermənilər arasında əvvəllər altda danışılıb üzə vurulmayan reallıq olsa da, onu daha yaxşı Rusiya özü bilir. Və bu məntiqlə Rusiya Koçaryanı hakimiyyətə gətirə bilsə, Qarabağda Azərbaycanın  suverenliyinin bərpa edilməsinə uzun müddət imkan verməyəcək, əksinə, ermənilərdə revanşist siyasəti gücləndirməklə əldə etdiyimiz nailiyyətlərə, azad edilmiş torpaqlara böyük təhlükə yaratmış olacaq. 

Azərbaycanın bu gün Rusiya sülhməramlılarının və Ermənistan silahlı qüvvələrinin nəzarət etdiyi ərazilərlə bağlı siyasəti demək olar ki, nəzərə çarpmır. Ermənistan rəsmilərinin Qarabağa səfərlərinə  və Rusiya sülhməramlların məhdud missiyasından kənara çıxmasına etirazdan başqa maraqlarımıza əks olan halların hər gün baş verməsinə indiyədək rəsmi münasibət bildirilməyib.  Azərbaycan tezliklə Dağlıq Qarabağ ərazisində suverenliyini bərpa etmək üçün zəruri olan addımları atmazsa və bu barədə ictimaiyyəti aydın şəkildə məlumatlandırmasa.., gərginlik artacaq. Koçaryanın isə hakimiyyətə gətirilməsi mümkünləşərsə, bu gərginlik təhlükəli həddə çata bilər. Nəzərə almaq lazımdır ki, Qarabağın status məsələsi bizim qaçqınlarımız Dağlıq Qarabağa qaytarılmamışdan əvvəl müzakirə predmetinə çevrilə bilər. Yenə qloballaşma, yenə atəşkəsə nəzarət edəcək Monitorinq Mərkəzi kimi vaxt uzadan qurumların fəaliyyəti bizi Xankəndidən uzaqlaşdıracaq.  

Koçaryanın hakimiyyətə gətirilməsi Kremlə nə qədər sərf edirsə, bizə bir o qədər zərərlidir. Ermənistanda növbədənkənar seçkilərin may ayında keçiriləcəyi haqqında xəbərlər dolaşır.  Çox iş görmək olar. Ən əsası, ermənilərin çəkindiyi addımdan - qaçqınların Dağlıq Qarabağa köçürülməsi ilə əlaqədar işlərə start verilməsi haqqında rəsmi mövqeni elan etməkdən başlamaq lazımdır.  Hələ ki, Moskva qayğılı günlərini yaşayır, Ermənistan da okeanda yelkənsiz qayıqdır.., Azərbaycan yaranmış fürsəti vaxtında dəyərləndirməlidir.