Bu gün:


Slavyan Universitetində baş verənlər qürbətdəkiləri də dilə gətirdi

Tarix: 05.06.2021 / 12:50  •   Oxundu: 614 dəfə  •  

Dünyanın hər yerində, xüsusilə Rusiyada qürbətdə yaşayan azərbaycanlılar hər zaman xoş və sevindirici xəbər almaq ümidi ilə daim Vətəndən yayımlanan televiziya verilişlərinə baxar, sosial şəbəkələrə nəzər salar və saytları ziyarət edərlər. Şəxsən mən də beləyəm. Bir gün Azərbaycandan məlumatlı olmasam sanki havasız-susuz qalmış kimi hiss edirəm özümü. Əlbəttə ki, Vətənə qayıda, orada yaşaya bilərəm, amma ta burada güzəranı qurmuşuq, övladlarım təhsil alır, böyüyü artıq işləyir. Burnumun ucu Vətən üçün nə qədər göynəsə də balalarımdan ayrı düşmək istəmirəm. Qoy hamısı təhsillərini bitirsinlər sonra. Çünki tələbə həyatının nə demək olduğunu gözəl bilirəm.

Mən Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu bitirmişəm. O vaxt hər kəs qeyri-rəsmi şəkildə "APİ Axundov" deyərdi. Keçmiş Basin küçəsində kirayədə qalırdım. İnstituta piyada gedib-gələrdim. O vaxt bunu tələbə qənaətcilliyi ilə səbəbindən etsəm də indi bunun peşmanlığını çəkmirəm. Nə yaxşı ki ayaqla gedib-gəlmişəm deyirəm. Xatirələrimdə o günləri canlandıranda sanki Bakının yandırıcı günəşini, burnuma dolan tozlu havasını, dalanlarda o yan-bu yana qaçan uşaqların çığırtısını indi də qulaqlarımda hiss edirəm. Yenə o günlərə, tələbə həyatına qayıtmaq istəyirəm.

Amma indi düşünürəm, görəsən indiki tələbələr də oxuduğu bu institutu bitirəndən sonra mənim kimi belə həsrət çəkərlərmi? Ürəkləri qubar bağlayarmı? Düşünürəm və öz-özümə də cavab verirəm: "çətin!". Ona görə ki, mən təhsil aldığım illərdə institutda sözün əsil mənasında ziyalı ordusu var idi. Daha çox intizam var idi, daha çox təhsil var idi, daha çox qarşılıqlı hörmət, ehtiram var idi. APİ Axundov deyəndə paytaxtdan əyalətlərə kimi hər kəs hörmət və ehtiramla başını tərpədərdi ki, bəli, filankəs oranın məzunudursa, demək layiqli kadrdır, təcrübəli, əsil müəllim adına layiq olan vətəndaşdır. Bütün qapılar bu institutu bitirənlərin üzünə açıq idi. Əyalətlərdə rus dilində "yuxarılara" ərizə yazdıran kim, rəsmi sənədləri, qapıya gələn və poçtdan yola salınan müxtəlif mövzulu məktubları, teleqramları tərcümə etdirmək istəyən kim. Hətta kinoteatrlarda rusca filmlərə baxarkən belə biz xüsusi iftixar hissi keçirirdik, çünki rus dilində danışmağı bacarmaq, rus dilini akademik səviyyədə bilməklə eyni deyildi. Rus dilində səlis danışmağı bacaranlar da həmin instituta gəlib professional ali təhsil almaqda maraqlı idilər. Bəli, biz məhz akademik təhsil alanlardan olduğumuz üçün bu iftixar hissini keçirirdik (bildiyim qədər indi oranın məzunları rus dilində hətta sözləri belə tələffüz edə bilmir). Bu iftixar hissi təkcə tədrislə bağlı deyildi. Dediyim kimi, əsil ziyalıların, dəyərli alim və pedaqoqların ocağı idi APİ Axundov. Müəllimlərə familiyaları ilə müraciət edərdik. Bizə kimlər dərs deməmişdi, məşhur filmdə deyildiyi kimi, respublikanın qaymaqları. Rəşid müəllim, Sabir müəllim, Mamed müəllim.

İndi baxırıq saytlara, adı Slavyan Universiteti kimi dəyişdirilən APİ Axundovun heç quru adı da qalmayıb. Adını çəkdiklərimdən bəlkə də əksəriyyəti dünyasını dəyişib. Bəs onun yerinə kimlər yetişib? Bu institut niyə bərbad günə qalıb? Hanı o müəllimlər? Nə vaxt saytları açıb oxuyuruq, institutun qədim fasadı dağıdıldı, tələbələr imtahan prosesindən şikayət etdi, Dürdanə Əliyeva tələbələrin təhsil haqqını mənimsədi... Başqa heç nə ilə bu institut yadda qalmır. İşin gülməli tərəfi odur ki, bu adamlar həm də alimdirlər. Özləri bir-birinə: qohum qonşusuna, bibi bacısına alimlik dərəcəsi verir. Sonra da özlərini peşəkar pedaqoq, müəllim adlandırırlar. Əslində isə biznesmendirlər. Valeh müəllim professor, Cavanşir müəllim dosent idi. Hər ikisi qız tələbəsinə intim mesaj yazdığı üçün biabırcasına Bakı Slavyan Universitetindən qovuldu. İndi də növbəti fiqur. Kimdir axı bu Dürdanə Əliyeva? Qaytaracaqmı tələbələrin pullarını? Əgər alıbsa yəqin ki, qaytaracaq. Yox, əgər şəriklə işləyibsə, məslələ uzun çəkəcək.

Yəni rüşvəti alıb öz həmsoyadına veribsə, onda demək iş-işdən keçib. Bu xislətin sahibi olan insanlar dar ayaqda bir-birlərini satmağa, paxırlarını açmağa daim hazır olanlardı. O vaxt bank ödənişləri, plastik kartlar yox idi, indi şəffaflıq üçün dövlət hər şeyi edib, amma daha bəzi insanlar şəffaf deyil. Hanı o təhsil? Harda qaldı əzəlki keyfiyyət? Niyə bu bəd əməllərin əvəzinə tələbələrin təhsil keyfiyyətini yaxşılaşdırmağı düşünmürlər? Çünki sərf etmir. Yaxşı oxuyan tələbəni aldadıb pulunu əlindən almaq olmur axı. Bəs bu biçarə tələbə dərdini kimı desin? Rektora deyib, rektor deyib ödəməyəydilər, mən şəxsi məsələlərə qarışmıram. Nazirliyə şikayət ediblər, nazirlik müraciəti təkrar rektorun üstünə yönləndirib ki, məsələyə baxsın. Doğrudan da papaqaldıqaçdır. Bir-birlərinin eyibini ört-basdır etməkdə mahirdirlər. Sağ olsun, yaxşı ki, Baş Prokurorluq məsələyə ciddi reaksiya verib. Mətbuatda yazılmışdı ki, rektor bunu da öz adına çıxmaq istəyirmiş. Guya məsələdən xəbərdar olan Nurlana Əliyeva şəxsən özü əməkdaşının qanunsuz əməlinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa müraciət edibmiş. Gözünə döndüyüm Baş Prokurorluq da bunu yaxşıca ictimailəşdirdi.

Əziz qardaşlar, əziz bacılar, o vaxt müəllimlər imkansız tələbənin qolundan tutub özləri ilə yeməkxanaya aparar, yedirib-içirər, qarınlarını doyurardı. Hətta ciblərinə pul qoyan müəllimlər də olurdu. Peşman idi hansısa tələbə ya köhnə ayaqqabıda, ya nimdaş pencəkdə dərsə gələ idi, aparıb mağazada əyin-baş alan kişilər olmuşdu bu institutda. İndi professor Nurlana Əliyevanın, dosent Dürdanə Əliyevanın, dosent Sevil Hümmətovanın, dosent Valeh Nəsibovun və Cavanşir Əliyevin törətdiyi əməlləri oxuduqca dərin təəssüflə ah çəkib deyirəm, ey gidi dünya, kimlərə qaldın axı sən. Bu institutun sorağı əvvəl haralardan gələrdi, indi haralardan gəlir. İnstitutu tanıdan onun müəllimləri və məzunları olub həmişə.

Hardasan Məmməd Tağıyeveviç?! Hardasan gözəl rektorumuz Əliağa müəllim?! Həmin ziyalılardan indi orada tək-tük sayda qalıb.

İnstitutun təşkilatçılığı ilə Bakıda keçirilən H.Əliyevin 94-cü ildönümünə həsr olunmuş beynəlxalq konfransda iştirak edəndə belə ziyalılarımızdan olmuş Rafik müəllimlə görüşdüm. İllərin keşməkeşi sanki onun çiyinlərindən bir az da basıb belini əymişdi. Çox sınıxmışdı. Dəyişməyən təkcə gözlərindəki təbəssüm və nur idi. Belə vicdanlı insanlar indi orada necə baş çıxarır, sirrül-illahdır mənim üçün. Sonuncu mogikanlar da gedəndən sonra bəs nə olacaq?! İndi Dürdanə Əliyeva, Sevil Hümmətova kimi müəllimləri, Qiyas və Bayram kimi tələbələri ilə yaddaşlarda qalacaq bu təhsil mədəbi. O vaxt tələbələrin təhsili üçün yarışardı müəllimlər, indi tələbələri dərisini soymaq üçün yarışırlar. Özü də işin ən pis tərəfi budur ki, bu işlərə hüquqi don geyindirməyi bacarıblar. Niyə bacarıblar, çünki hüquq əməkdaşları da bu işin içindədirlər. Görün iş nə həddə gəlib, Daxili İşlər Nazirliyi də qatılıbmış bu biznesə. Allahverdiyev soyadlı yüksək rütbəli bir yol polisi zabiti xalasının nişan verdiyi pullu tələbələrin maşınlarından yaxşıca qazanıb. Biri qiymətdə kəsir, biri təhsil haqqını mənimsəyir, biri avtomobilini cərimələdir, lap başda oturan isə hər şeydən məhrum olmuş yanına şikayətə gələn tələbəni məcbur edir ki, təhsil haqqını bu dəfə "ağılla-başla" yenidən və tam ödəsin, amma bu dəfə banka. Sanki tələbə təhsil haqqını Dürdanə Əliyevaya borc veribmiş. Elə bil baş verən bu utancverici hadisə universitetə aid deyilmiş, Nurlana Əliyeva heç bir məsuliyyət daşımamamlı imiş. Nə gözəl məntiqdir. Onda bütün müəllimlər tələbələrdən təhsil haqqı adı ilə pul yığıb adını da "borc aldım" qoya bilərmiş və buna görə rəhbərlik məsuliyyət daşımayacaqmış. Bəs onda məsuliyyəti kim daşımalıdır? İnsanların qəpik-qəpik yığdığı, alın təri ilə qazanıb övladının təhsil xərci üçün qazandığını mənimsəmək hansı ziyalılığa, hansı humanizmə və vicdana sığır?

İndi oxuyanda ki, qardaş Allahverdiyev bacı Allahverdiyevaya dissertasiya yazdıraraq onu Rusiyanın siyasi dövlət xadimlərini qınaq və gülüş obyekti etməklə elmi dərəcə verdirib, rəhmətlik jurnalist Alı Mustafayevin təbirincə desəm, "dəli bir ağlamaq keçdi könlümdən". V.V.Jirinovskini institutda qonaq edib, şəninə təriflər yağdırdıqdan sonra onu "kloun" kimi qiymətləndirmək hardasa başa düşüləndir. Yəqin rektor bununla Primakovun "qisasını" alıbmış Jirinovskidən. Bəs institutun fəxri doktoru V.V.Putin? Bəs Ramzan Kadırov? Onlar niyə açıq hədəfə alınıb? Millətlərarası nifaq salmaq Rusiyada yaşayan biz azərbaycanlılar üçün nə qədər qorxuludursa, Vətəndə yaşayanlar üçün də bir o qədər mehriban qonşuluq münasibətlərinə və dövlətin apardığı balanslaşdırılmış xarici siyasətini pozmağa hesablanmış təhlükəli plandır.

Başa düşmək olmur ki, o institut müəllimlik peşəsi verən təhsil ocağıdır yoxsa Azərbaycanın xarici siyasət kursunu müəyyən edən stareji araşdırma mərkəzi? Bunun bir neçə səbəbi ola bilər. Ya institutda anarxiya və hərc-mərclik hökm sürür (Ümummilli Liderin abidəsinə yazı yazanlar məhz bu institutun tələbələri olmuşdur, hansı ki yuxarıda adı çəkilən müəllimlərdən təlim-tərbiyə almışlar), ya kiminsə xüsusi tapşırığını həyata keçirilmişlər, ya da ki, rektorun başı pul yığmağa o qədər qarışıb ki, idarəçiliyi etibar edibdir silahdaşlarına. Bu silahdaşlardan biri də Ramiz adlı bir yol polisidir (Nurlana Əliyevanın yol polisləri ilə görünür sarsılmaz biznes əlaqələri mövcuddur) ki, rektor onu işə götürüb ki, institutda baş verənləri ona doğru-düzgün çatdırsın. Professorla dosentin (burada yadıma "Uğur centlemenleri" filmi düşür) intim məzmunlu mesajlarını rektora göstərdiyinə görə rektorun ona etibarı artımışdı. Çünki ötən il sosial şəbəkələrdə oxudum ki, tələbələrin cavablarını yoxlamağa gələn müəllimlərə qan uddurubmuş, hətta bir neçəsini ağladıbmış. Telefonlarına, çantalarına kimi alıb sonra buraxırmış yoxlama otağına ki, Təhsil nazirinin təlimatı bu yöndədir. Təhsil nazirinə də müəllimlər zəng edib şikayət edəndə cavab alıblar ki “universitetin daxili qaydalarına qarışa bilmərik”. Doğrudan da institut yox, elə bil qeyri-neft sektoruna aid ticarət şirkətidir. Müəllimlər də qısıla-qısıla onun hər bir əmrinə tabe olurmuş ki, birdən ya mesajları ya maşınlarının nömrəsi Allahverdiyevlərin "qara siyahı"sına düşər.

Dostoyevskinin "Alçaldılmışlar və təhqir olunmuşlar" əsərindən Katerina Fyodorovnanın sitatı yerinə düşdüyü üçün fikrimi məhz onunla bitirmək istəyirəm. Hadisələr inkişaf etdikcə arif adamlar nə dediyimi başa düşəcəklər.

" - Deyirlər ki, siz onlara bir milyon pul bağışlamaq istəyirsiniz, bu doğrudur?"