Bu gün:


Sumqayıtda Azərbaycan ədliyyə sisteminin bədii portreti

Tarix: 10.06.2022 / 22:33  •   Oxundu: 242 dəfə  •  

(Felyeton)

Mən müşahidə etdiklərimi felyeton şəklində yazmağı bəlkə də heç vact düşünməzdim. Lakin yolum bir işdən ötrü təsadüfən Sumqayıt Şəhər İcra Şöbəsinə düşdü. İdarənin binasında iç-içə çoxlu xırda otaqlar vardı. Qapısını açdığım hər bir otaq hətta stullara qədər üst-üstə qalaqlanmış kağız qovluqlarla dolu idi. Qovluqların bəzilərinin içi o qədər basırıq idi ki, kağızlar sıxıb saxlayan qaytan güclə tab gətirirdi. "Allah heç kimin işini məhkəməyə salmasın" sözlərini pıçıldayaraq otaqdakılardan birindən öz işimlə bağlı kimə müraciət etməli olduğumu soruşdum. "Şirəli müəllimə" deyə bir qız mənə baxmadan əli ilə yuxarı işarə etdi. Mən yuxarı çıxa-çıxa "Bir halda ki xanım barmağını qaldırıb  yuxarını nişan verdisə, yəqin Şirəli müəllim rəisdir, ya da ən azından rəis müavini" deyə fikirləşdim. Bu düşüncələrlə qapıya çatdım. Özümü qaydaya salıb böyük hərflərlə onun adı yazılmış qapını döydüm. "Gəl" sözündən sonra içəri daxil oldum. Lakin gözlədiyimin əksinə olaraq  məni bir qadın qarşıladı. Salamlaşıb ona Şirəli müəllimi görmək istədiyimi bildirdim. Qadın gözlərini süzdürüb "cibinizdəkiləri boşaldın" deyə əmr etdi. Onun amiranə tərzi məni bir qədər təəccübləndirdi. Adətən ciblərimin boşaldılmasını məndə sərhəddən keçəndə, hava limanında tələb edirlər. Ona görə də soruşdum. 
- Xanım, ciblərimdən məhz nəyi boşaltmalıyam? 
- Əsas telefonunuzu qoyun. Bu, kifayətdir. 
- Mobil telefonumu? 
- Yox, ev telefonunuzu... Əlbəttə mobil. 
- Mən axı bir kəlmə... 
- İstəyir bir kəlmə, istəyir on kəlmə. Bir saniyəlik də Şirəli müəllimin yanına keçməli olsanız, telefonu mənə təhvil verməlisiniz. Əmr belədir. 
- Əmr hardandır? 
- Fikrət müəllimin göstərişidir.
- Fikrət müəllim tapşırıb ki Şirəli müəllimin yanına...
- Ay adam, vətəndaşlara icra məmurunun yanına telefonla giriş qadağan olunub. Yoxsa Şirəli müəllimin səsini telefona yazırlar. Olmaz. 
Onun belə sərt münasibəti məni mübahisənin artıq olduğunu anlatdı. Amma maraqlı idi. Axı Şirəli müəllim vətəndaşlara nə deyə, yaxud nə təklif edə bilərdi ki, vətəndaşlar da onun səsini telefonlarına yazmağa məcbur olsun. O da səsinin yazılmasından ehtiyat etsin. Həm də görəsən Fikrət müəllimin bu göstərişi bütüb icra məmurlarına aiddir yoxsa təkcə Şirəli müəllimə şamil edilib? Bunları fikrimdə götür-qoy edə-edə telefonumu çıxarıb stolun üstünə qoydum.
- İndi keçmək olar?
- Gözləyin, özünə xəbər verim, sonra.
Xanım içəri keçməzdən əvvəl güzgüdə gözlərini süzdürüb saçlarına əl gəzdirdi və içəri daxil olub arxasınca qapını bağladı. Sonra yenidən qapını açıb mənə diqqətlə baxdı. Daha sonra yenidən qapını bağlayıb içəri keçdi. Bütün bunlar mənə çox mənasız gəldiyi üçün bu bir neçə dəqiqə mənə bir il kimi uzun göründü. Nəhayət xanım içəridən çıxdı. 
- Gəlin, keçin içəri. Şirəli müəllim Pirəliyev sizi gözləyir. 
"Maraqlı soyadı var", öz-özümə fikirləşdim. Yəqin ki adı ilə həmahəng təşkil etdiyi üçün belə çağırılması onun xoşuna gəlir. 
İçəridə tosqun, tösmərək, orata yaşlı bir kişi başını yuxarı qovzuyub oturmuşdu. Məni maraqla süzürdü. Üzünün əti göz ətrafını o qədər sıxmışdı ki, gözləri sanki bu dəqiqə pırtlayıb yerindən çıxacaqdı. Qaşları ilə mənə əyləşməyə yer göstərdi. Mən əyləşdim. Hava çox isti olsa da otaqda kopndisioner işlədiyi üçün boğucu bürküdən canımı qurtarıb rahat nəfəs almağa başlayıb problemimi ona izah etməyə başladım. Dodaqlarını bir-birinə sıxıb diqqətlə məni dinləyirdi. Get-gedə bu diqqəti laqeydlik, daha sonra səbirsizlik əvəz etməyə başladı. Qarnını sığallayıb tez-tez saata baxmasını nəzakətsizlik kimi qəbul etsəm də məni narahat edən məsələni ətraflı danışmağa davam etdim. O nəhayət dözmədi. 
- Müəllim, bildim məsələ nə yerdədir.
- Nə yerdədir?
O mənim sualıma əhəmiyyət verməyərək sözlərinə davam etdi. 
- Bunun bircə çıxış yolu var...
"Bircə" sözündən dalağım sancsa da soruşdum:
- Eləmi? Nədir o yol? 
- Al gülüm, ver gülüm. 
- Nə gül?
Gülümsədi. Üzünün bir tərəfi ciddiliyini qoruyub saxlasa da, digər tərəfi gülümsəyirdi. Bu təzadlı sima qədim maskaları xatırladırdı. Üzü sanki ikiyə bölünmüşdü. Gülümsəyən tərəfi ciddiliyi bərpa etdikdən sonra sözlərinə aramla davam etdi. 
- Polad Ələmdara baxmısınız?... Buludla... Məmatinin söhbəti.
Mən onun açıqlamasından bir pritça və ya ən azı atalar sözləri eşidəcəyim ilə bağlı ümidimə peşman oldum. 
- Adını eşitmişəm. Amma onların bu məsələyə nə dəxli var? 
- Dəxli olmasa demərəm ki. Biz burada boş-boşuna oturmamışıq ki gəlib gedənin ağzının iyini udaq. 
- Siz nə danışırsınız? 
Mən istədim deyim ki seçdiyiniz bu ifadə tərzi sizə yaraşmır, vətəndaşa qarşı hörmətsizlik və nəzakətsizlikdir, amma nədənsə bu sözlərin əvəzinə ağzımdan tamam başqa cümlələr çıxdı:
- Cənab Prezidentin portretinin altında siz bu nə... 
- Bir dəqiqə, cənab Prezidentin portretinin altında sizi döyüb söymədik ki. Çıxış yolu təklif etdik. Vətəndaşa kömək etmək, yol göstərmək bizim borcumuzdur. Qəbulunuzdursa məsələni belə həll edək, qəbulunuz deyilsə məsələynən bağlı icra öz qanuni qüvvəsini alacaq.
- Belə çıxır ki sizin təklif etdiyiniz çıxış yolunu seçsəm qanun öz qüvvəsini almayacaq? Amma mən bunun qanuni həll olunmasını istəyirəm.
- Yox, elə olanda da qanuni qüvvəsini alır, belə olanda da - o məni arxayın salmağa çalışdı, - fərq budur ki, indi sizə sərf edən şəkildə qanuni qüvvəsini alır, razılaşmasaq sizə sərf etməyən şəkildə qanuni qüvvəsinə minəcək.
"Minəcək" sözü məni lap təbdən çıxardı:
- Onda bunun harası qanun oldu?
- Qanunu biz müzakirə edə bilmərik. Onu icra etmık üçün yazırlar.
- Axı biz indicə qanuni müzakirə edirik. Müzakirə olunursa deməli onda qanunla işləmirik, elə deyil?
- Qanunla işləyirik. 
- Üzr istəyirəm, siz onda qanunla yox qaydalarla işləyirsiniz. Qaydalarınızı qanuniləşdirirsiniz, qanunu isə bayaq dediyiniz kimi "minirsiniz". 
- Yaxşı edirik. Çıxa bilərsiniz - qaşları ilə qapını işarə etdi.
- Siz axı... 
- Bayaqdam vaxtımı alırsınız, bir saatdır sizə söz başa sala bilmirəm, yenə öz bildiyinizi deyirsiniz. Çöldə nə qədər vətəndaş gözləyir. Mən sizin işinizi Tural İsayevə yönləndirəcəm. O sizin kimilərlə danışmağı yaxşı bacarır. 
"Mənim kimilərlə?! Yox. Daha bura gəlməyin, Tural İsayevlə görüşməyin də bir mənası qalamdı daha". Bir anda dövlət qulluğu və məmurların etik davranış qaydaları ilə bağlı hökumət tərəfindən qəbul edilən hüquqi aktlar gözümdə dəyərsizləşdi. "Bir halda ki onlar vəzifəyə bu qanunları öyrənib işə qəbul edilirlər, gör onda, öyrənməsələr nə olarlar", deyə mızıldanıb pərt halda Şirəli müəllimin kabinetindən çıxdım. Qəbul otağında bir vətəndaş xanımla söhbət edirdi.
- Hə.. Adınız necə oldu? 
- Deyin ki, Anar gəlib. Müəllim özü bilir. 
- Özü bilirsə onda, buyurun.
Xanım ayağa qalxıb vətəndaşı içəri yola saldı, qayıdıb elektrik çaydanın düyməsini sıxdı və yenə güzgünün qarşısına keçərək gözlərini qəribə tərzdə süzdürərək saçlarına sığal çəkdi. Görünür Şirəli müəllimin qonağına çay aparacaqdı. "Amma mənə heç olmasa nəzakət xatirinə çay təklif etmədilər" - ürəyimdə öz-özümə sual etdim. "Bəlkə də təklifinə razı olsam çay da, konfet də verərdilər" - düşüncəsi ilə telefonumu götürüb otaqdan çıxdım. Pərtliyim o qədər çox idi ki, vətəndaşın telefonla içəri keçdiyinə görə xanıma irad tutmağa da həvəsim qalmadı. Həm də irad tutmağa nə hacət. Onlar bu məkanın aslanları idi. Bu münbit məkanı isə onlara hökumət yaratmışdı. Mənim kimi vətəndaşlar onların ayağına gələn ov idik. Ədliyyə sistemi elə qurulmuşdur ki, artıq ovçunun ova çıxmasına ehtiyac qalmırdı. Şikar özü öz ayağı ilə yaxınlaşırdı. 

***

Şirəli müəllim Pirəliyevi, onun dəbdədbəli və rahat iş otağını, köməkçi rolunda rəsmiləşdirdiyi katibəsini gözlərimin önünə gətirdikcə Prezident İlham Əliyevin Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanının kağız üzərində qaldığına şahid olurdum. Sanki bu fərman şirəli müəllim pirəliyevlərin daha münbit şəraitdə inkişaf edib qol-budaq atması üçün parlamentdən keçmişdi. Onun arxayın siması, saymazyana hərəkətləri, kobud rəftarı vətəndaş pribleminə laqeyd münasibəti buna bariz sübut idi. O, Azərbaycanda harınlamış kiçik məmurların ümumiləşdirilmiş modelini uğurla təmsil edən sima idi. 

Fərhad Ağa