
Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü qardaşlığın təntənəsidir – Deputat Laçında keçirilən sammitin əhəmiyyətindən danışdı
Mayın 28-də, Azərbaycanın Müstəqillik Günündə keçirilən Azərbaycan-Türkiyə-Pakistan ikinci Zirvə görüşü üç ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin sarsılmazlığının bariz nümunəsidir. Bu mötəbər tədbirin 30 illik erməni işğalından azad olunaraq yenidən qurulan və sürətlə inkişaf edən Laçında baş tutması isə xüsusi siyasi və mənəvi əhəmiyyət daşıyır.
İdealmedia.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib.
Deputat qeyd edib ki, sammitdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin çıxışları üç qardaş ölkə arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi:
“Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkələrimizin və xalqlarımızın birliyinin təməlində ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər dayanır. Bu isə əsl qardaşlıq münasibətlərinin formalaşmasında əsas rol oynayır. Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı Türkiyə və Pakistanın göstərdiyi siyasi və mənəvi dəstəyi heç vaxt unutmayacaq. Azərbaycan da hər zaman bu iki qardaş ölkənin yanında olub və olacaq. Türkiyədə PKK terror təşkilatının özünü buraxması və tərksilah qərarı yalnız Türkiyə üçün deyil, bütövlükdə regionun sabitliyi və sülhü baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan bu qərara sevinən ilk ölkələrdən biridir. Həmçinin Pakistanla Hindistan arasında son gərginlik bizi narahat etdi və Azərbaycan ilk gündən etibarən Pakistanla həmrəyliyini açıq şəkildə ifadə etdi.”
Kamaləddin Qafarov həmçinin vurğulayıb ki, Azərbaycan, Türkiyə və Pakistan arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadi əməkdaşlıq istiqamətində böyük potensial mövcuddur:
“Cənab Prezident İlham Əliyev Azərbaycanın artıq Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə yatırdığını, Pakistan iqtisadiyyatına isə 2 milyard ABŞ dolları həcmində sərmayə qoymağa hazır olduğunu bəyan etdi. Bu, iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini və bu istiqamətdə geniş imkanların olduğunu göstərir. Xüsusilə müdafiə sahəsində əməkdaşlıq ölkələrimiz arasındakı tərəfdaşlığın əsas istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki layihələr hər üç ölkənin silahlı qüvvələrinin güclənməsinə xidmət edir. Bu isə regionda sülh və sabitliyin qorunmasına töhfə verir."