Bu gün:


Bakı yenə də budka zibilliyində...

Tarix: 15.06.2021 / 14:42  •   Oxundu: 140 dəfə  •  

Bakı şəhərinin mərkəzi küçələrinə gül dibçəkləri düzməklə gözəlliyə nail olmaq üçün çəkilən xərci və sərf edilən zəhməti yerlə bir edən baş verən səhlənkar təşəbbüslər artıq vətəndaşlarla yanaşı turistləri də zinhara gətirib.

Bakının ilk meri Hacıbala Abutalıbovun zəhmətkeş, kasıb vətəndaşların yeganə gəlir mənbəyi olan "budka"lara qarşı "müharibə" elan etməsi, bu prosesə qanuni və hüquqi don geyindirməklə və bu addımı Bakını gözəlləşdirməklə əlaqələndirməsi istər-istəməz vətəndaş cəmiyyəti tərəfindən paytaxtın abadlaşması naminə qəbul olunmuşdu.

Yaxşı, bəs indi nə baş verdi? Nə dəyişdi? Qanunlaramı dəyişiklik oldu bizdən xəbərsiz yoxsa hüquqlardamı bərabərsizlik yarandı?

Deyəsən elə ehtimal etdiyimiz kimidir. Çünki metroların önündə yağışdan çıxmış göbələklər kimi artmağa başlayan "budka"lar artıq kasıbların deyil, hansısa məmurların himayədarlıq etdiyi hüquqi şəxslərin nəzarətində saat kimi işləyib vətəndaşların narahatlığı və paytaxtın eybəcərliyi fonunda sahiblərinə sel kimi pul qazandırır. Vergilərdən və gigiyenadan isə söhbət gedə bilməz.

Bəs görək bu "budka"larda nə satılır? İlk növbədə qəzet köşklərinə nəzər salaq. Adı qəzet köşkü olsa da mətbuatdan əsər-əlamət yoxdur. Qəzet və jurnallardan başqa nə desəniz buradan satın almaq olar. Vərəqləri günəşdən saralmış bir-iki tarixi keçmiş qəzet və dərgini gözdən pərdə asmaq üçün nümayş edilsə də belə "obyekt"lərdə əsasən xarici şirkətlərin içkilərindən, dondurmadan tutmuş qaçaqmal tütün məmulatlarına və qadın alt paltarlarına kimi hər şey satılır. 

Bu köşklərdə satılan içkilər, dondurmaların fiskal kodlu qəbzləri bir kənara, adi satış çeklərini də təqdim etməyən bu obyektlərin sahibləri külli-miqdarda pul qazanmaqla və vergidən yayınırlar, amma onlara gözün üstə qaşın var deyən olmur. Demək onlara "gözün üstə qaşın var" deməli olanların "dolyaları" büdcənin yerinə vaxtlı-vaxtında öz ciblərinə ünvanlanır.

Digər obyektlər isə ətir, eynək və sosis kimi "ixtisaslaşmış" məhsulların satışını həyata keçirməklə fəaliyyət göstərirlər. Heç biri də müştərilərə ödəniş qəbzi təqdim etmir. Heç birində gigiyena qaydalarına riayət olunmur. Heç birində satıcılar tibbi maskadan istifadə etmir və heç birində yanğın əleyhinə təhlükəsizlik tədbirləri alınmayıbır. Bəs bu məsuliyyəti və cavabdehliyi kim daşımalıdır? Vətəndaşlar? yoxsa turistlər?

Elə isə Bakı şəhər İcra Hakimiyyəti, Vergilər nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Bakı şəhər Metropliteni niyə məsələyə müdaxilə etmirlər? Sanki bura "Formula-1" və Futbol üzrə Avropa Çempionatına ev sahibliyi edən Bakı yox, Banqladeşin hansısa  sahibsiz qəsəbəsidir.

 

İnci Osmanqızı