Bu gün:


Vətəndaş müraciət edəcəyi ünvanı axtarır!

Tarix: 24.10.2021 / 21:21  •   Oxundu: 242 dəfə  •  

Tərtər rayon sakini məhkum anası Həsənova Alimə Əyyub qızı (050 459 28 83) Prezident İlham Əliyevə və İDEAL Media Group-a müraciət etmişdir.

Müraciətdə deyilir:

"Bir müddət bundan əvvəl Sizə və digər aiddiyyatı orqanlara müraciət edərək, oğlum Həsənov Şaiq Tahir oğlunun məhkəmənin hökmündə göstərilən cəzadan daha ağır cəza çəkməsini bildirmişdim. Belə ki, məhkəmənin hökmündə oğlumun cəzasının ilk 4 ilini həbsxanada çəkməsi göstərilmişdir. Oğlum 2016-cı ilin oktyabr ayından həbsdədir və artıq 5 ildən artıqdır ki, cəza çəkir. Həbsdə olduğu müddətin təxminən 4 ilə yaxınını istintaq təcridxanasında olmuşdur.

İstintaq təcridxanalarında olan rejim həbsxana rejimi ilə eynidir. Şəxsin istintaq təcridxanasında olduğu müddət həbsxanada olduğu müddətə bərabər tutulur. Hazırda oğlum özbaşınalıq nəticəsində növbəti 4 ili də həbsxanada çəkməlidir.

Qəribə eroniyadır, deyilmi?! Hüquqi dövlətdə hakim özbaşına olaraq cəzanı ağırlaşdırır və bu ağırlaşdırma hər hansısa bir qərar və hüquqi sənəd əsasında deyil, 12 saylı Cəzaçəkmə Müəssisəsinin Gəncə Apelyasiya Məhkəməsinə sorğuya cavab məktubu ilə edilmişdir.


Belə ki, Penitensiar Xidmət Həbsxanadan mənə göndərilən 20 sentyabr 2021-ci il tarixli17/35 2336 saylı məktubda göstərilmişdir ki, yuxarıda qeyd edilən sorğuya cavab olaraq Gəncə Apelyasiya Məhkəməsinin 05.07.2021-ci il tarixli 1(104)-15/21 saylı məktubunda məhkuma təyin edilmiş həbsxana müddətinin onun həbsxanaya daxil olduğu vaxtdan hesablanmalı olduğu qeyd edilmişdir. 

Hörmətli Prezident!
Oğlum haqqında olan cinayət işi 15 iyul 2021-ci il tarixli məktubla Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, lakin cinayət işi məhkəmələr arasında 150 metrlik məsafəni 28 iyul 2021-ci il tarixə qət edə bilmişdir. Hələ üstəlik, cinayət işi içərisində nə 12 saylı CÇM-nin sorğusu, nə də həmin sorğuya verilən 05.07.2021-ci il tarixli məktub yoxdur.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 518.0.1., 518.0.2. və 518.0.4. maddələrinə əsasən, hökmü və ya digər yekun qərarını çıxarmış məhkəmə onun icrası zamanı yaranan aşağıdakı - hökmlə müəyyən edilmədiyi halda cəzanın həddini, hüquqi şəxslərə təyin edilmiş cinayət-hüquqi tədbirlərin növlərini və həddini dəqiq müəyyən etmək;  hökmlə müəyyən edilmədiyi halda azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməli olduğu cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növünü müəyyən etmək; öz hökmünün və ya digər yekun qərarının başqa anlaşılmazlıqlarını aradan qaldırmaq - şübhə və anlaşılmazlıqları məhkumun və ya barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsinin ərizəsi, cəzanı və ya cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə və ya orqanın təqdimatı əsasında, habelə öz təşəbbüsü ilə həll etmək hüququna malikdir.

Həmin Məcəllənin 520.1. maddəsinə əsasən, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətlərə onlar məhkəməyə daxil olduqdan sonra 10 (on) gündən gec olmayaraq məhkəmə iclasında baxılır.

Belə olan halda, necə olur ki, hakim Salman Hüseynov sorğuya məktub yazır və bu məktubda da mənim oğlumun cəzasını hökmdə göstərilmədiyi halda daha da ağırlaşdırır və bunu suçlu insanlar kimi cinayət işinin içərisinə əlavə etmir?! Səbəbini mən Sizə deyim: mənim oğlum qeyd edilən cinayətlərdə bəraət almış şəxsdir (Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən oğluma 1 il davam edən məhkəmə mübahisəsindən sonra cinayət hadisəsi ilə heç bir əlaqəsinin olmaması sübut olunduğundan bəraət verilmişdir) və Gəncə Apelyasiya Məhkəməsinin hakimləri mənim oğlumun günahsızlığını bilirdilər, hazırda bizim mübarizə əzmimizi qırmaq və Gəncə Apelyasiya Məhkəməsinin hökmündəki qanunsuzluqlarla lazımi qaydada mübarizə apara bilməmək üçün ucuz yollara əl atırlar.

Hazırda oğlum ədalət adı altında işgəncəyə məruz qalır, çünki o cinayət etməmişdir ki, cəza çəksin, oğlum Həsənov Şaiq zülmə məruz qalır, mənəvi işgəncəyə məruz qalır və bu işgəncə də Gəncə Apelyasiya Məhkəməsinin Azərbaycan Dövlətinin adından qərar, hökm çıxaran hakimləri tərəfindən edilir. Və nə vaxtdan məktub “hökmün icrası ilə bağlı göstəriş” hesab edilir?  


Mənim bu qanunsuzluq qarşısında deyiləcək sözüm və həvəsim yoxdur. Hansı məmurun gedib sinəsindən tutub silkələyim, onu da bilmirəm. Odur ki, Sizə müraciət edirəm".