Bu gün:


ERMƏNİZMİN SİFƏTLƏRİ ...

Tarix: 24.05.2021 / 17:47  •   Oxundu: 387 dəfə  •  

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Konslagerində  girov  saxlanılan  İDEAL  MEDİA  GROUP-un  Yaradıcısı, Məşhur və Cəsur  Qələm Sahibi  NAZİM  İDEAL  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri cənab Robert Sekutaya, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri cənab Mixael Kindsgraba, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri cənab Erkan Özorala, Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşezə, Müstəqil Milli və Xarici Media qurumlarına   MÜRACİƏT  ünvanlayıb:

Nazim  İdealın  müraciətini bəzi ixtisarla diqqətinizə çatdırıram:
Mafiyanın dövlət aparatında kök saldığı, banditizmin idarəçilik formasına çevrildiyi, qanun və hüququn öldürüldüyü Vətəndaşı olduğum avtoritar Azərbaycan Respublikasında müraciət etməli müvafiq dövlət qurumlarının missiyası dövlətçilik ideallarına, insanlığa xəyanət, zərər, vəhşilik etməklə yanaşı, fundamental konstitusion hüquqlarım, insan hüquq və əsas azadlıqlarım mövcud “kardinal” konsentrik dairələrin siyasi məfkurəsinə uyğun gəlmədiyindən və “al-ver” predmetinə çevrildiyindən sizlərə müraciət etməyi tərcih etdim. 

Ümid edirəm ki, təmsil etdiyiniz media quruluşunun mahiyyətinə, siyasi kimliyinizə yaraşan mövqe sərgiləyəcəksiniz!

28 oktyabr 2008-ci il tarixdə oğlum Nihadın toy mərasiminə 1(bir) gün qalmış prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kardinal sifarişi ilə (bunu sifarişi icra etməyə məsul edilmiş Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin sədri Ağamalı Qafarov dəfələrlə etiraf etməkdədir), barəmdə Nəsimi rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-148-ci maddələri (diffamasiya) üzrə həbs-axtarış qərarı seçilmişdir.

Dövlət adından qərar qəbul edən məhkəmənin marionetka, lakey, satellit sifətlərini görüb, məzhəkə qərarına tabe olmadım.

24 aprel 2009-cu ildə 700 (yeddi yüz)nəfərdən ibarət Daxili İşlər Nazirliyi Baş Cinayət axtarış idarəsi, Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə baş idarəsi (“banditizm”) və Abşeron rayon polis idarəsindən ibarət silahlı birləşmələr məni həbs edərək banditizmə apardılar.

Baxmayaraq ki, 28.10.2008-ci il tarixli, Nəsimi rayon məhkəməsinin qərarına əsasən, Mən həbs olunub 1 saylı Bayıl istintaq təcridxanasına aparılmalı idim.

Cəzam 6 aydan 13 il 3 aya necə çıxarıldı?

20 may 2009-cu il tarixdə, iş №1 (006)-12/2009 saylı iş üzrə (hakimi Əhmədov Elman Məmməd oğlu) Bakı şəhəri Nəsimi rayon məhkəməsində, Azəri-Türk Qadınlar Cəmiyyətinin sədri və “Azərittifaq”ın İdarə Heyətinin sədr müavini, deputat Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Yolçu qızı Rüstəmxanlının iddiası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci (diffamasiya) maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan girov götürüldüm.

Cəzamın bitməsinə 02 (iki) ay qalmış sifarişçi arsenalındakı Tənzilə Rüstəmxanlı və bir neçə qadından bir dəstə düzəldərək azadlıqdakı pencəyimin cibindən narkotika, reket, xuliqanlıq maddələri emal etdirməklə bu qondarma, blef, iftiralar sayəsində girovluq müddətim 13 il 3 ay müddətinə uzadıldı.

20 avqust 2010-cu il tarixindən, sahibsiz insanların və ruhların dolaşdığı, vəhşi cəngəllik qaydalarının hökmran olduğu, insan hüquq və əsas azadlıqlarının alınıb-satıldığı, zombi-quldarların rəis təyin olunduğu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı konslagerində girov saxlanılıram!..

28 mart 2016-cı il tarixdən başlayaraq, girov saxlanıldığım 8 saylı konslagerin inkvizitoru, Ədliyyə polkovniki Aslanov Qaçay Əvəz oğlu yaramaz narkomanlarla əməkdaşlıq edərək, mənə qarşı nəinki insanlığa, heç heyvanlığa belə yaraşmayan intensiv təxribatlar törətməkdədir!

Bitməyən təxribatlar silsiləsi…

Təxribat-təcavüzlərin annotasiyasını diqqətinizə çatdırıram:
28.03.2016-cı il tarixdə, Penitensiar Xidmətin Müalicə Müəssisəsindən müalicəm bitməmiş, yarımçıq girov saxlanıldığım 8 saylı konslagerə fors-major “yatab” edildim.

Məni ilk dəfə görən despot Qaçay Aslanov (25.XII.2015-ci il tarixdə Müalicə Müəssisəsinə göndərilən zaman 8 saylı CÇM-in rəisi Ədliyyə polkovniki Süleyman Süleymanov idi) hədə-qorxu gəlməyə, məni məhv edəcəyinə və fərmanımın verildiyinə and-aman etdi.

 Cəzamın 1/3 hissəsini bitirdiyim üçün ümumi yaşayış binasına keçirilmişdim. Formalı quldurun hədə-qorxusu bitdikdən sonra, qaldığım baraka göndərildim.

Qaçay Aslanov məni prezidentin adından təhdid edir:

DOĞRU  SÖZ  ATƏŞ  ALTINDA....
28.03.2016-06.04.2016-cı il tarixlərdə, hər gün məni çağırıb prezidentin adından təhdid edir və tələb edirdi ki, barəmdə internetdəki materialları, o cümlədən expromt.az və İdealPress.az saytlarını ləğv edim. Bu adama başa sala bilmirdim ki, onları yaratmaq və ya ləğv etmək iradəmdən asılı deyil. Bunları silmək, ləğv etmək yalnız onları yaradan və yerləşdirənlərdən asılıdır.

06.04.2016-cı il tarixdə Qaçay Aslanov və 30 nəfər bandası yaşadığım ümumi yaşayış binasına soxulub, kitab-dəftərlərimi (əlyazmalarımı), şəxsi əşyalarımı müsadirə edib, ev döşəyimi və ədyalı doğrayaraq axtarış apardı və özümə də 15 (on beş) sutka karser verildi.

Hansı səbəbə görə karserə salındığımı demədilər və barəmdə tərtib edilmiş “akt”la tanış olarkən, məlum oldu ki, guya “sostav” axtarış-baxış keçirmək istərkən, onları təhqir edib qovmuşam, “akt”la tanış olmaqdan imtina etmişəm və s.

Aktla tanış olub imza etməkdən ötrü rəisin növbətçi köməkçisi (“depenka”) Ədliyyə mayoru İsgəndər Bəgalıyevdən qələm istədim. O, rəisə məruzə edib qələm gətirəcəyinə söz versə də, qayıtmadı. Özbaşınalıqlarla bağlı 10 (on) gün quru aclıq keçirdim və tələb etdim ki, Ədliyyə Nazirliyinin, Ombudsmanın nümayəndəsi ilə görüşüm təşkil edilsin və vəkilim məlumatlandırılsın.

Rəis müavini “Penitensiar sistemdə hər gün 10-dan çox məhkum fiziki işgəncə nəticəsində öldürülür” dedi:
Rəis müavini, Ədliyyə mayoru Çingiz Hadeyev karsa gəlib bildirdi ki, – “Penitensiar sistemdə hər gün 10-dan çox məhkum təkcə fiziki işgəncə nəticəsində öldürülür. Mənası yoxdur…”

16 aprel 2016-cı il tarixdə, karserdə növbədə olan Ədliyyə çavuşu Elturan İbrahimov bildirdi ki, “KQB”-dən və “Banditizm”dən qonaqların gəlib, hazırlaş, indi gəlib aparacaqlar. 

Qaçay Aslanovun kabinetində 2 nəfər mülki geyimli şəxs özlərini təqdim etmədən başıma “makar” tipli odlu silah dayayıb, ailə üzvlərimin və azyaşlı övladlarımın hərəkət trayektoriyalarını söyləməklə öldürüləcəklərini dedilər və “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlini xatırlatdılar. Sosial şəbəkələrdə həbsimə sifariş verən prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və arsenalında istifadə və istismar etdiyi onlarla adamın adlarını ifadə etməklə “Expromt.az” və “İdealPress.az” saytlarında, digər sosial şəbəkələrdə olanların silinməsini tələb etdilər.
Mən silahlı şəxslərə silahlarını yığışdırmalarını, konslagerdə nəinki internet, heç normal telefon rabitəsinin belə olmadığını qandıra bilmədim…
Konslagerin inkvizitoru Qaçay Aslanovdan silahlı şəxslərin hansı əsasla həbsxanaya daxil olub, girov saxlanılan şəxsin başına silah dayamasını soruşduqda 
o: “Deyəsən hansı ölkədə yaşadığını unutmusan. Bura Azərbaycandır, adamı öldürüb, qanında batırırlar…”  dedi.

21 aprel 2016-cı il tarixdə, 15 (on beş) günlük karserin vaxtı bitdi və məni yaşadığım ümumi yaşayış binasına deyil, SPİD, vərəm çöpləri ifraz edən vərəm, hepatit, narkotika və psixotrop maddələri mütəmadi özlərinə yeridən 50 m2-lıq bağlı kamerada 18 nəfərin saxlanıldığı 11-ci kameraya keçirdilər. Burada əvvəllər qatı düşmənçilik mövqeyində olduğum İlqar Cabbarov və digər cinayətkar aləmin “çürük”ləri vardır.

11 saylı kameradakı şəxslərin tibbi vəziyyəti belədir:

Elçin (Səlyan) – narkoman, spid, hepatit-c, vərəm və s.
Rəfail (Ramana) – narkoman, spid, hepatit-c, vərəm
İlqar (Yasamal) – narkoman, spid, hepatit-c, vərəm
İlqar (Füzuli) – narkoman, spid, hepatit-c, vərəm
Cəmaləddin (Biləsuvar) – narkoman, hepatit-c, vərəm
Habil (Füzuli) – vərəm, hepatit-c
İlham (ələt) – vərəm, şizofrenik, hepatit-c
Anar (Balakən) – vərəm, şizofrenik, hepatit-c
Elxan (Astara) – vərəm, şəkər, narkoman
Elşad – şizofrenik, narkoman
Əjdər (Zəngilan) – Onkoloji, şəkər
İsmət (Füzuli) – Onkoloji.
Digər beş nəfərin Ədliyyə Nazirliyinin təsdiq etdiyi “Tibbi kitabça”larındakı rəylərlə tanış deyiləm. On iki nəfər şəxs mənsub olduqları xəstəliklərinin ağrılarını kəsmək üçün, ölümə doğru, bütün uyuşdurucularla qeyri-legal təmin olunurlar.

Məhz bu cür yanaşmalar nəticəsində sonuncu öldürülən Zeynal (Kubinka) oldu. Diaqnozunu da “ürək çatışmazlığı” elan olundu.

09 may 2016-cı il tarixində, Qaçayın formalı bandası kameraya daxil olub, şəxsi əşyalarımı belə götürməyə imkan verməyib məni “voronok”a mindirdilər.

Marşrut Bakı İstintaq Təcridxanasına çatdıqdan sonra aydın olur ki, Yolçu qızı Tənzilə Rüstəmxanlı 2008-2010-cu illərdə olduğu kimi, yenidən PA-nın rəhbəri Ramiz Mehdiyevin və prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun adlarını rəhbər tutaraq tərtib etdirdiyi “xüsusi ittiham” qaydasında ərizə ilə məni yenə məhkəməyə verib.

CM-nin 148-ci maddəsi ilə daha 6 ay məhkum edildim!

11 may-11 dekabr 2016-cı il tarixinədək, Tənzilə Rüstəmxanlının, Ramiz Mehdiyevin və Əli Həsənovun absurd iddiaları üzrə məhkəmə prosesinə sədrlik edən Mərkəzi Seçki Komissiyasınn sədri Məzahir Pənahovun qardaşı oğlu Pənahov Babək Əkbər oğlu 8 aylıq proses dönəmində əleyhimə sübutlar toplamağa çalışsa da, ortaya gələn arqumentlər birmənalı olaraq mənə qarşı böhtan atıldığını diktə etmişdir.

Tənzilə Yolçu qızının iddiası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildim.

Bakı İstintaq Təcridxanasında olarkən dövlət adından 8 saylı konslagerdə bir jurnalistə, bir Qarabağ Qazisinə, bir insana qarşı həyata keçirilən repressiyalarla bağlı ölkə başçısına və dövlətin bütün qurumlarına şikayət etdim. 

Faşizmə hüquqi qiymət verilsin!

Qaradağ Rayon Prokurorluğunun müstəntiqi Əlabbas Quliyev 2016-cı ilin iyun ayında Bakı İstintaq Təcridxanasında – 8 saylı konslagerdə mənə qarşı keçirilmiş repressiyalarla bağlı izahat asla da, bu günə kimi lehimə və ya əleyhimə çıxarılmış hər hansı bir qərarla tanış deyiləm!

Qanunvericiliyin tələblərinə görə, hər iki tərəf istintaq orqanının qəbul etdiyi qərarla tanış edilməlidir. Bürokratik sabotajlarla bağlı müvafiq dövlət qurumlarına etdiyim çoxsaylı müraciətlər isə cavabsız və nəticəsiz qalmaqdadır.

16 dekabr 2016-cı il tarixdə, 8 saylı konslagerə qaytarıldım və inkvizitor Qaçay Aslanovun despotiyası başladı. Qanunsuz olaraq 15 gün karantində saxladı. Qəbul edib sual etdi ki, “bəs niyə repressiyalara hüquqi qiymət verən tapılmadı?..”

Əlbəttə ki, Qaçay Aslanov təmsil olunduğu rejimin siyasi mahiyyətini, məfkurəsini yaxşı bildiyi üçün özünü tiran sayır…

Yenidən 11-ci kameraya göndərildim. Yeni il öncəsi Qaçayın 11-ci kameradaki narkoman emissarlarına dozadan artıq narkotika pay etməsi, onların burunları ilə döşəməyə mütəmadi kəllə atmaları Penitensiar Xidmətdə həyata keçirilən islahatların nümunələrindəndir.

Kamerada və anbarda qalmış bütün əşyalarım (yataq dəstlərim, geyimlərim, ərzaq məhsullarım) Qaçayın əsas moderatorluğu, əməkdaşları gizir Elnur Hüseynov, çavuş Elturan İbrahimov, hamamçı Mahir Əhmədov, Natiq Hüseynovun icraçılıqları ilə oğurlanmış və qaytarmaqdan imtina edir!
Hətta mənim susmağımdan ötrü vəziyyətə baxan (“polojenets”) Mikayıl Həmidovu minnətçi salmışdır. Qaçayın oğurladığı əşyaların maya dəyəri 3.000 (üç min) manat təşkil etsə də, qaytarılması vacib olan əlyazmalarımın yox edilməsi vandalizmdir.

Qobustan türməsində qiymətlər od tutub yanır!

Ölkə başçısının “penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi” və s. haqqında 10 fevral 2017-ci il tarixli sərəncamından sonra xaos qırmızı xətti də tapdalanmışdır. Keyfiyyətsiz və ya mənşəyi məlum olmayan, konslagerin 4/3 hissəsini fermada saxladığı donuzlar üçün hazırlanan “balanda”, bu gün adsız vəziyyətə düşüb əvvəllər ayda bir dəfə verilən yumurta indi verilmir. Əvvəl 200 manata yazdırılan görüş üçün “pooşireniya”nın qiyməti 300-350 manata, qısamüddətli görüş 50 manatdan 100 manata, 15 dəqiqə telefon danışığı 5 manatdan 10 manata, 4/3 hissəsi çatmış məhkum məhkəməyə təqdimat və “dobro” üçün bir ayı 200 manatdan 300 manata qaldırılmışdır və s.
Hörmətli media, əziz dostlar!

Mən Qarabağ qazisiyəm! 1989-1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda bədənimin müxtəlif nahiyələrindən, xüsusən də başımdan ağır yaralanmışam. Buna baxmayaraq, 1 (bir) ildir ki, xroniki xəstəliklərin yaratdığı fəsadların aradan qaldırılması məqsədilə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilməyim qadağan edilib?!

8 saylı konslagerin rəisi Qaçay Aslanov problemin öz həllini tapmasından ötrü məndən 2.000 (iki min) manat rüşvət tələb edir. Hansı ki, dövlətimiz Qarabağ qazisi olaraq ayda mənə 50 (əlli) manat müavinat ödəyir.

Sonuncu dəfə 25.12.2015-28.03.2016-cı il tarixdə müalicə müəssisəsində olmuşam.

De-fakto fiziki, mənəvi, tibbi həyatım çox ciddi islaha, təhsilə, əxlaqa, mənəviyyata, tərbiyəyə ehtiyacı olan simasız qanqsterlərin əsarətindədir.
Azərbaycan Respublikasının bütün qanunlarına, Konstitusiyasının 24, 25, 26, 27, 30, 31, 32, 39, 41, 46, 47, 50, 51, 54, 57, 60, 61, 68, 71-ci maddələrinə Qaçay Aslanov tərəfindən veto qoyulub.

Ünvanıma məhkəmədən və digər təşkilatlardan göndərilən məktublarla tanış edilmirəm. Göndərmək istədiklərim qəbul edilmir. Bir sözlə, 8 saylı konslagerdə Konstitusiyanın hörməti və nüfuzu tuvalet kağızından qat-qat hörmətsiz və aşağıdır. Sanki adsız səhraların sakiniyik, əsiriyik.

Azərbaycan Ədliyyəsində Qaçay Aslanovun despotizmini və anarxizmini kim, hansı dövlət durdurmalıdır?!

Öz ölkəsinin suverenliyi və ərazi bütovlüyü uğrunda vuruşmuş Qarabağ qazisinə qarşı bu qədər amansız, vəhşi repressiyalar sərgiləyənlər, beynəlxalq sferadan Qarabağ probleminə ədalət istəməkdə nə qədər səmimi ola bilərlər?

Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi yurisdiksiyası altında olan insanların konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir.

Eyni zamanda İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi nəzərdə tutulsa da, real faktlar bumeranq effekti verir!

Hörmətli Media, əziz dostlar!

Sizdən, insan, jurnalist, Qarabağ qazisi olaraq, vəhşi cəngərlik qanunları ilə dövlətə ayı xidməti göstərən, anarxizmi, despotizmi haqlı qəzəb kimi diktə edən, faciəvi sonluğu qabaqcadan bəyan edən, işgəncə və təxribatlar ssenarisinin lakey icraçısı, 8 saylı konslagerin rəisi Aslanov Qaçayın cinayətlərinə hüquqi qiymətin verilməsi; təhlükəsiz; müayinə-müalicə olunmaq; yazışmaq; ünvanıma gələn məktublarla tanış olmaq; müraciət-şikayət etmək; virussuz mühitdə cəza çəkmək; hüquqlarının bərqərar olub tanınması istiqamətində səlahiyyətləriniz və nüfuzunuzdan irəli gələn mövqe sərgiləməyi xahiş edirəm!

Hörmətlə: Nazim Quliyev

02 aprel 2017-ci il, 8 saylı cəzaçəkmə müəssisəsi.

Xüsusi qeyd: Məktubda qeyd olunanlara adı çəkilənlərin cavablarını da dərc etməyə hazırıq. 

(Material Xural qəzetindən götürülmüşdür.)