Bu gün:


Nazirlər iki ölkə arasında yeni su elektrik stansiyalarının inşasını müzakirə edib

Tarix: 23.12.2020 / 10:26  •   Oxundu: 142 dəfə  •  

Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazovla qonşu ölkənin energetika naziri Rza Ərdakanian arasında görüş keçirilib.

Bu barədə Azərbaycanın Energetika Nazirliyindən verilən məlumatda bildirilib.

Məlumatda qeyd edilir ki, görüşdə iki ölkə arasında elektroenergetika sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib, həyata keçirilən layihələrin sürətləndirilməsi istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə görülən işlər, o cümlədən cəlb edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması məsələləri nəzərdən keçirilib.
Həmçinin Azərbaycan, İran və Türkiyə arasında elektrik enerjisi ticarəti məsələləri də görüşdə müzakirə edilib, bu formatda əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Görüşdə iki ölkə arasında imzalanmış sazişlər çərçivəsində Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının, habelə “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi məsələlərinə də toxunulub, Araz çayının su və enerji potensialından səmərəli istifadə edilməsi üçün layihələrin önəmi bir daha vurğulanıb. Energetika nazirləri tərəfindən stansiya və hidroqovşaqların tikintisinin başa çatdırlmasının vacibliyi qeyd olunub və bu istiqamətdə atılacaq növbəti addımlar, o cümlədən layihələrin icrası məqsədilə yaradılmış komissiyalar və işçi qrupları tərəfindən keçirilən görüşlər və onların nəticələri müzakirə edilib.
Görüş zamanı Azərbaycandan İrana elektrik enerjisinin ixracı və Azərbaycanda İranla sərhəd ərazidə İran qazından istifadə edilməklə elektrik enerjisi istehsalı üçün stansiyanın tikintisi və bu stansiyada istehsal edilmiş elektrik enerjisinin İrana və üçüncü ölkələrə ötürülməsi, eləcə də, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektroenergetika sahəsi üzrə aparılacaq bərpa-yenidənqurma işlərində İran şirkətlərinin iştirakı məsələləri barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində P.Şahbazov İranın neft naziri Bijan Namdar Zəngənə ilə də görüşüb. Görüşdə azərbaycanlı nazir Naxçıvan MR-nın təbii qaza olan tələbatını ödəmək məqsədilə 2004-cü ildə imzalanmış “Təbii Qazın Mübadiləsi” müqaviləsi üzrə səmərəli və etibarlı əməkdaşlığa görə iranlı nazirə təşəkkürünü bildirib. Bununla yanaşı görüş çərçivəsində OPEC+ üzrə əməkdaşlığın vəziyyəti və neft bazarının inkişafına dair müzakirələr aparılıb. Həmçinin neft qiymətlərinin sabitləşməsi prosesində birgə mövqedən çıxış edilməsinin vacibliyi və neft bazarının sabitliyinin davamlılığının hasilatın tənzimlənməsinin uzunmüddətli olmasını tələb etdiyi bildirilib.
Görüşdə ölkəmizdə İranla sərhəd ərazidə İran qazından istifadə edilməklə elektrik enerjisi istehsalı üçün stansiyanın tikintisi məsələsi ilə bağlı da fikir mübadiləsi aparılıb.