Bu gün:


Şıxlinskinin oğlu istintaqa cəlb olundu

Tarix: 15.07.2025 / 23:31  •   Oxundu: 0 dəfə  •  

Yekaterinburqda azərbaycanlı diaspor rəhbərinin oğlu saxlanılıb

Yekaterinburqda fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq Rusiya İstintaq Komitəsinə aparılıb.

İdealmedia.az xəbər verir ki, bu barədə APA-nın Rusiya bürosu məlumat yayıb. Hazırda Mutvalı Şıxlinski İstintaq Komitəsində dindirilməkdədir. Ondan iyulun 1-də “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında baş verən hadisə ilə bağlı ifadə alınır.

Qeyd edək ki, iyunun 27-də Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən xüsusi əməliyyatdan bir neçə gün sonra – iyulun 1-də yerli polis qüvvələri diaspor sədri Şahin Şıxlinskiyə qarşı da əməliyyat təşkil edib. Onun idarə etdiyi avtomobilin qarşısı xüsusi təyinatlılar tərəfindən kəsilib və güc tətbiq olunaraq həm Şahin Şıxlinski, həm də onun oğlu Mutvalı saxlanılıb. Həmin vaxt sükan arxasında olan Mutvalı Şıxlinski həyəcan içində maşını geri sürüb və bu zaman hüquq-mühafizə əməkdaşlarından biri avtomobilin dəyməsi nəticəsində yerə yıxılıb.

Məlumata əsasən, Mutvalı Şıxlinskinin bu gün sözügedən epizodla bağlı məsuliyyətə cəlb olunduğu və barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilib.