Bu gün:


Xankəndidə üçtərəfli mesaj: İran, Azərbaycan, Türkiyə yaxınlaşması

Tarix: 07.07.2025 / 15:33  •   Oxundu: 0 dəfə  •  

Xankəndidə üçtərəfli diplomatik mesaj: Bakı-Tehran-Ankara xətti yenidən formalaşır

İran Prezidenti Məsud Pəzeşkianın Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə fəal iştirakı və Azərbaycan, Türkiyə liderləri ilə səmimi görüntüləri beynəlxalq siyasi gündəmdə geniş rezonans doğurub. Prezident Pəzeşkianın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbəti, eləcə də Xankəndidən yayılan birgə görüntülər ekspertlər tərəfindən yeni geosiyasi reallıqlar fonunda mühüm siqnal kimi dəyərləndirilir.

Məsələ ilə bağlı fikirlərini Globalinfo.az-a bölüşən Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, İran Prezidentinin Azərbaycana, xüsusilə Qarabağa səfəri və burada Prezident İlham Əliyev, eləcə də Prezident Rəcəb Tayyib Ərdoğanla birgə rəmzi görüntüləri regional diplomatiyada mühüm hadisə kimi qiymətləndirilməlidir.

“Görünən odur ki, Tehran yeni bir ünsiyyət dili ilə meydana çıxmaq niyyətindədir. Lakin bu ritorikanın real siyasətə çevrilməsi həm daxili institutların səlahiyyət bölgüsündən, həm də İranın dəyişən xarici mühitə necə reaksiya verəcəyindən asılı olacaq.

Əgər bu səfər sadəcə bir jest deyil, real siyasətə transformasiya edilərsə, Azərbaycanla İran arasında enerji, logistika, sərhəd təhlükəsizliyi və Araz vadisində birgə layihələr üzrə ciddi əməkdaşlıq platforması formalaşa bilər. Bunun üçün isə təkcə prezidentin iradəsi kifayət etmir”, – deyə deputat vurğulayıb.

Mirzəbəylinin sözlərinə görə, İranın son illərdə açıq şəkildə narahatlıq ifadə etdiyi məsələlərdən biri də Zəngəzur dəhlizi layihəsidir. Bu dəhliz Azərbaycanın Naxçıvanla birbaşa quru bağlantısını təmin etməklə yanaşı, Türkiyəni Orta Asiya ilə birləşdirən yeni geosiyasi arteriya rolunu oynayacaq. İran isə bu marşrutun öz ərazisindən keçməməsini regiondakı təsir imkanlarına və tranzit roluna təhlükə kimi dəyərləndirir.

“Tehranın qənaətinə görə, Çin və Mərkəzi Asiya ölkələrinin ‘Orta Dəhliz’ə meyli İranı geoiqtisadi layihələrin kənarında saxlaya bilər.

Həmçinin nəzərə almaq lazımdır ki, İran Türkiyə və Azərbaycanın Türk Dövlətləri Təşkilatı vasitəsilə bölgədə artan rolunun özünün dini-ideoloji doktrinası ilə ziddiyyət təşkil etdiyini düşünür.

Pəzeşkian administrasiyası bu həssas mövzuda kompromis axtarışına girsə belə, İranın ali lideri və SEPAH məsələ ilə bağlı sərt yanaşmanı davam etdirə bilər”, – deputat bildirib.

E.Mirzəbəyli əlavə edib ki, son aylarda İran-Rusiya münasibətlərində də gərginlik hiss olunur. Onun sözlərinə görə, artıq İranda Rusiyaya etibarsız müttəfiq kimi yanaşanların sayı artmaqdadır. Eyni zamanda, Kreml daxilində də Tehrana qarşı skeptik yanaşan dairələr mövcuddur.

“Bu kontekstdə, Tehranın Bakı ilə münasibətləri normallaşdırması, həm də Moskva ilə münasibətlərdə müəyyən balans yaratmaq niyyəti daşıya bilər.

Unutmaq lazım deyil ki, İranın teokratik idarəetmə sistemində prezident məhdud icra səlahiyyətlərinə malikdir. Xarici siyasət və milli təhlükəsizlik kursunu ali lider və ona bağlı qurumlar, həmçinin SEPAH müəyyən edir”, – deyə o əlavə edib.

Deputat hesab edir ki, Pəzeşkianın islahatçı və türk olması, eyni zamanda Azərbaycana bağlılığı ilə tanınması müsbət siqnallar yaratsa da, o, sistemin sərhədləri daxilində hərəkət etməyə məcburdur.

“Onun əsas rolu diplomatik ritorikanı yumşaltmaq, texniki əməkdaşlığı bərpa etmək və ictimai imic üzərindən gərginliyi azaltmaq olacaq.

Bu baxımdan, İran prezidentinin Qarabağa səfəri və üçtərəfli görüşlər müsbət diplomatik jestlər kimi qiymətləndirilsə də, onların dayanıqlı strateji əməkdaşlığa çevrilməsi üçün bir sıra şərtlərin nəzərə alınması vacibdir.

Bütövlükdə proses İran daxilində ali liderin siyasi iradəsi ilə dəstəklənən real dəyişiklikdən, Zəngəzur dəhlizi ilə bağlı kompromisli və qarşılıqlı faydalı razılaşmaların əldə olunmasından, Rusiya ilə münasibətlərdə gərginliyin artması fonunda İranın yeni regional balans siyasəti formalaşdırmasından asılıdır”, – deyə Elçin Mirzəbəyli qeyd edib.

Nəticə etibarilə, regionda olduqca həssas və həlledici mərhələ başlanıb. Bu mərhələnin uğuru təkcə liderlərin diplomatik jestlərindən deyil, həm də onların idarə etdiyi sistemlərin çevikliyindən və strateji maraqların üst-üstə düşməsindən asılı olacaq.