Heydər Əliyev və medianın inkişafı müzakirə olundu
Tarix: 08.07.2025 / 13:26 •
Oxundu: 0 dəfə •
Heydər Əliyev Mərkəzində medianın inkişafına həsr olunan konfrans keçirilib.
Heydər Əliyev Mərkəzində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Medianın inkişafında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.
İdealmedia.az xəbər verir ki, tədbir ümummilli lider Heydər Əliyevin Azərbaycan mətbuatının tarixi inkişafı, gələcək perspektivləri, medianın cəmiyyətdə maarifləndirmə funksiyası və milli dəyərlərin təbliğindəki rolu barədə səsləndirdiyi fikirləri əks etdirən videoçarxla başlayıb.
Konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan media prinsipləri bu gün də dövlətin informasiya siyasətində və medianın fəaliyyətində öz əksini tapır və aktuallığını qoruyub saxlayır. O, həmçinin Azərbaycanda müstəqil mətbuatın formalaşması, bu sahədə qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması və medianın inkişafında ulu öndərin əvəzsiz rolunu vurğulayıb.
Konfrans çərçivəsində “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimovun moderatorluğu ilə “Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan media prinsipləri” mövzusunda panel sessiya keçirilib. Sessiyada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusman, YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Milli Məclisin deputatları - YAP İdarə Heyətinin üzvü Anar İsgəndərov və Əməkdar jurnalist Vüqar Rəhimzadə çıxış ediblər.
Panel iştirakçıları ümummilli liderin media sahəsində həyata keçirdiyi islahatlar, azad və peşəkar medianın formalaşmasında atdığı mühüm addımlar barədə danışıblar və həmin prinsiplərin bu gün də dövlətin media siyasətində əsas istiqamət kimi davam etdirildiyini bildiriblər.
Tədbirin sonunda “Heydər Əliyevin təhsil siyasəti: jurnalist peşəkarlığının artırılmasında təhsilin rolu” mövzusunda dəyirmi masa təşkil olunub. Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərovanın moderatorluğu ilə keçirilən müzakirələrdə jurnalistika və kommunikasiya sahəsində fəaliyyət göstərən akademik nümayəndələr iştirak ediblər.
Bildirilib ki, ulu öndərin təhsil strategiyası çərçivəsində jurnalistika sahəsində peşəkar kadr potensialının artırılması, ali təhsil müəssisələrində bu ixtisasın inkişafı və təkmilləşdirilməsi, eləcə də jurnalistikanın elmi əsaslara söykənən inkişafı üçün həyata keçirilən islahatlar medianın keyfiyyətinin yüksəldilməsinə töhfə verib.
