Bu gün:


“Ukraynanın qələbəsi tez olsa, bizim də Qarabağdakı yarımçıq işlərimiz həllini tapar…”

Tarix: 16.07.2022 / 13:35  •   Oxundu: 105 dəfə  •  

“…“Rusiya nüvə silahına əl ata bilər” xəbərlərini, sadəcə, Putin rejiminin Ukraynaya və dünyaya siyasi təhdidi kimi dəyərləndirirəm…”
“Hesab edirəm ki, Ukrayna ordusunun xüsusən son həftələrdə apardığı əməliyyatlar taktiki və strateji baxımdan doğru düşünülüb. Həmin əməliyyatlar nəticəsində “nəhəng və məğlubedilməz” sayılan Rusiya ordusu, demək olar ki, mənəvi cəhətdən sındırılıb və onun fiziki baxımdan da  çökməsi yaxındadır.  Yəni qələbə Ukrayna ilədir”.
 
Bu fikirləri İDEALMedia.az-a açıqlamasında sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev ifadə edib.
 
“Necə ki, Azərbaycanda son 30 il ərzində işğalçı Ermənistana, ona arxa duran Rusiya imperiyasına qarşı güclü nifrət hissi toplanmışdı, Ukrayna xalqında da azı son 8 ildə, yəni Krımın ilhaq ediıməsindən bəri Moskvaya hədsiz nifrət yaranmışdı.  Odur ki, Rusiyanın fevralın sonundakı məkrli təcavüzündən sonra, əksinə, bu xalqda imperiya qoşunlarını öz torpaqlarından birdəfəlk qovub çıxarmaq əzmi daha da gücləndi. Halbuki, Kremldəkilər elə hesab edirdi ki, Rusiya ordusunun genişmiqyaslı hücumundan, şəhərlərin bombardman edilməsindən sonra Ukrayna sakinlərində ruh düşkünlüyü yaranacaq və ölkədəki “5-ci kalon”un nümayəndələri sayəsində ukraynalılar onları gül-çiçəklə qarşılayacaq. Amma yanıldılar...
 
Ukrayna xalqı döyüşkən xalqdı. Əvvəlki söhbətimizdə dediyim kimi, mənimlə birgə hərbi məktəbdə, akademiyada bir çox ukrayınlar təhsil alıb və mən onların xarakterinə, cəsarətinə, hərbçilik qabiliyyətinə yaxşı bələdəm” -açıqlamasının ardında bunları söyləyən general Ukraynanın qələbəsinin labüd olduğunu və bunun Azərbaycan üçün də böyük əhəmiyyət daşıyacağını qeyd edib.
 
“İkincisi, dünyanın heç bir ölkəsi bütün dünyaya qarşı vuruşa bilməz. Son  6 aya yaxın dövrdə baş verənlər də göstərdi ki,  Ukrayna ilə savaşmaq bütün dünya ilə müharibə etmək deməkdir. Bu saat bütün planet Ukraynaya dəstək verir, kömək edir. Mən əminəm ki, bu xalqda olan əzm, cəsarət, ruh yüksəkliyi və birlik, həmçinin Türkiyənin verdiyi “Bayraktar”lar, Avropa və ABŞ-dan gələn yeni müasir silah və texnikalar bu savaşın taleyini Ukraynanın xeyrinə həll edəcək və Rusiya biabırcasına məğlub olacaq. Və Ukraynanın Rusiya üzərində qələbəsi nə qədər tez baş versə, bizim – Azərbaycanın da Qarabağ və Zəngəzurdakı yarımçıq işlərimiz də o qədər tez öz həllini tapar”- deyə sabiq nazir vurğulayıb.
 
“Putinin Rusiyanın məğlubiyyətinin artıq gerçək göründüyü son həddə nüvə düyməsinə basması ehtimalı nə qədərdir?” sualını isə general belə cavablandırıb:
 
“Mən Rusiya-Ukrayna savaşında  nüvə silahının işlənəcəyinə qətiyyən inanmıram. Bəlkə taktiki nüvə silahından istifadə oluna... Bu ehtimal da mümkün hesab etmirəm. Bu, bir daha Rusiyaya qarşı indikilərdən sanksiyalardan qat-qat güclü tədbirlərin tətbiq olunmasına gətirib çıxaracaq. İkincisi, Putin unutmasın ki, onun sərhədləri boyu Amerikanın, NATO-nun qoşunları, nüvə raketləri cəmlənib. İndi buraya, demək olar ki, daha iki ölkə əlavə olundu: İsveç və Finlandiya. Odur ki, Rusiya Amerikanı, Avropanı vurana qədər onlar Moskvanı on dəfə vura bilər. Bu mənada “Rusiya nüvə silahına əl ata bilər” xəbərlərini, sadəcə, Putin rejiminin Ukraynaya və dünyaya siyasi təhdidi kimi dəyərləndirirəm…”