Bu gün:


Elbrus şəhid oldu, amma əşyası döyüş yoldaşını xilas etdi

Tarix: 27.09.2022 / 17:09  •   Oxundu: 78 dəfə  •  

"Elbrusun motorola deyilən hərbi rabitə vasitəsi mənim həyatımı qurtardı".
Bunu Vətən müharibəsi döyüşçüsü Türkan Cəfərov deyib. O bildirib ki, döyüşlərdə qəhrəmanlıqla şəhid olan Elbrus Bayramovun hərbi rabitə vasitəsi ona verilib. Cəfərov Qaraxanbəylidə mühasirəyə düşəndə onun həyatını bu motorola xilas edib:
"Düşmən 70-80 metrlik məsafədə idi. 40 dəqiqə mühasirədə qaldım. Çıxış yolum yox idi ki, yuxarılardan dəstək ala bilim. Sonra Elbrusun motorolası yadıma düşdü. Onunla mən xəbər göndərdim. Çox keçmədi ki, qüvvələrimiz düşməni atəşə tutdu və mən qurtuldum. Bu gün mən ürəyimdə Elbrusa sağ ol deyirəm".
Qeyd edək ki, Azərbaycan Ordusunun mayoru olan Elbrus Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elbrus Bayramov oktyabrın 2-də Füzuli döyüşləri zamanı Qərvənd istiqamətində şəhid olub. Ailəli idi. 2 övladı Vətənə yadigar qalıb.
Elbrus "Vətən Müharibəsi Qəhrəmanı" adını alıb. Həmçinin şəhid Elbrus Bayramov "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.