Bu gün:


Məhkəmə-Hüquq Şurasının tərkibi ilə bağlı YENİ QANUN

Tarix: 14.06.2023 / 18:06  •   Oxundu: 146 dəfə  •  

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
İDEAL xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliyə əsasən, 6.2-ci maddə aşağıdakı redaksiyada verilib:
“6.2. Məhkəmə-Hüquq Şurasının tərkibi aşağıdakı şəxslərdən təşkil olunur:
6.2.1. hakimlərin konfransı tərəfindən seçilən kassasiya instansiyası məhkəməsinin üç hakimi;
6.2.2. hakimlərin konfransı tərəfindən seçilən apellyasiya instansiyası məhkəmələrinin üç hakimi;
6.2.3. hakimlərin konfransı tərəfindən seçilən birinci instansiya məhkəmələrinin üç hakimi;
6.2.4. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim;
6.2.5. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən şəxs;
6.2.6. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs;
6.2.7. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təyin edilən vəkil;
6.2.8. Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təyin edilən hüquqşünas alim;
6.2.9. hüquq ictimaiyyətinin hakimlərin konfransı tərəfindən seçilən nümayəndəsi”.
Bundan sonra Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri və Ali Məhkəmənin sədri vəzifəyə görə Məhkəmə-Hüquq Şurasının üzvləri hesab edilməyəcəklər.
Dəyişikliklə Məhkəmə-Hüquq Şurasına üzv seçilən (təyin edilən) şəxslər ali hüquq təhsilinə və hüquqşünas ixtisası üzrə on ildən artıq iş stajına malik olmalıdırlar. Buna qədər bu staj beş il müəyyən edilmişdi.
Bundan başqa, aşağıdakı məzmunda 6-1-ci maddə əlavə edilib:
“Maddə 6-1. Hakimlərin konfransı
6-1.1. Hakimlərin konfransı Məhkəmə-Hüquq Şurasının bu Qanunun 6.2.1 - 6.2.3-cü və 6.2.9-cu maddələrində göstərilən üzvlərinin seçilməsi üçün keçirilir.
6-1.2. Hakimlərin konfransında kassasiya, apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri aşağıdakı qaydada təmsil olunurlar:
6-1.2.1. Azərbaycan Respublikasının Ali Məhkəməsindən 5 hakim;
6-1.2.2. hər apellyasiya instansiyası məhkəməsindən 3 hakim;
6-1.2.3. hər ixtisaslaşdırılmış birinci instansiya məhkəməsindən 1 hakim;
6-1.2.4. hər rayon (şəhər) məhkəməsindən 1 hakim.
6-1.3. Hakimlərin konfransı bu Qanunun 6-1.2-ci maddəsində nəzərdə tutulan hakimlərin dörddə üçü iştirak etdikdə səlahiyyətlidir.
6-1.4. Hakimlərin konfransı Məhkəmə-Hüquq Şurasının bu Qanunun 6.2.1 – 6.2.3-cü və 6.2.9-cu maddələrində göstərilən üzvlərini açıq səsvermə yolu ilə, iştirakçılarının sadə səs çoxluğu ilə seçir”.
Eyni zamanda, dövlət başçısı “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 905-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman imzalayıb.