Bu gün:


Taksi xidməti bahalaşıb - Komitə təsdiqlədi

Tarix: 12.07.2023 / 14:53  •   Oxundu: 73 dəfə  •  

2023-cü ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-iyun aylarına nisbətən 112,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 115,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 111,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,5 faiz təşkil edib.

İDEALMedia.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, 2023-cü ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,1 faiz, əvvəlki ilin iyun ayına nisbətən 110,6 faiz təşkil edib.
2023-cü ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 97,9 faiz, əvvəlki ilin iyun ayına nisbətən 111,5 faiz təşkil edib.
Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, çörəyin, unun, təzə balığın, sterilizə olunmuş üzlü südün, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, əriyin, gilasın, çiyələyin, bananın, xiyarın, pomidorun, bibərin, badımсanın, göy lobyanın, sarımsağın, soğanın, kartofun, yerkökünün, mərcinin, bahalaşma isə əsasən yumru düyünün, mal və qoyun ətinin, xamanın, zeytun yağının, limonun, kələmin, çuğundurun, şəkər və şəkər tozunun, kola içkisinin, limonadın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2023-cü ilin iyun ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin iyun ayına nisbətən 110,3 faiz təşkil edib. İyun ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından bahalaşma əsasən velosipedlərin, sabunların, şampunların, ucuzlaşma isə kəsilmiş taxtaların, yazı kağızlarının və planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunub.
Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2023-cü ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin iyun ayına nisbətən 109,8 faiz təşkil edib.
İyun ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma və minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi xidmətlərinin qiymətlərində, ucuzlaşma isə respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib