Bu gün:


Prezidident Ağdamda yaşayış komplekslərinin təməlini qoydu

Tarix: 24.12.2023 / 16:42  •   Oxundu: 89 dəfə  •  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq beşinci yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər.
İdealmedia.az xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına və birinci xanıma yaşayış kompleksi barədə məlumat verib.
Bildirilib ki, ümumi sahəsi 12 hektar olan yaşayış kompleksinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Kompleks şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu kompleksdə tikiləcək yaşayış binalarında ümumilikdə 1115 mənzil olacaq. Mənzillərdən 25-nin birotaqlı, 314-nün ikiotaqlı, 552-sinin üçotaqlı, 224-nün isə dördotaqlı olacaq.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaşayış kompleksi barədə videoçarxa baxıblar.
Qeyd edilib ki, kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.
Bütün binalar daimi su, elektrik enerjisi və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii inşaat materiallarından istifadə ediləcək.
Dövlət başçısı Ağdam şəhərində beşinci yaşayış kompleksinin təməlini qoyub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq dördüncü yaşayış kompleksinin təməlinin qoyulması mərasimində də iştirak ediblər.
Dövlət başçısına və birinci xanıma yaşayış kompleksi barədə məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksinin salınacağı ərazinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir. Bu kompleksdə tikiləcək yaşayış binalarında ümumi sahəsi 137 min kvadratmetr təşkil edən 1080, o cümlədən 36 birotaqlı, 363 ikiotaqlı, 484 üçotaqlı, 197 dördotaqlı mənzil olacaq.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaşayış kompleksi barədə videoçarxa baxıblar.
Qeyd edilib ki, yaşayış kompleksindəki binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq. Binalar daimi su, elektrik enerjisi və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək.
Kompleksdə, həmçinin idman meydançaları, istirahət guşələri, uşaq oyun meydançaları, velosiped yolları və avtomobil dayanacaqları yaradılacaq.
Dövlət başçısı Ağdam şəhərində dördüncü yaşayış kompleksinin təməlini qoyub.