Bu gün:


Rusiya müharibəni udur, yoxsa Qərb aldadır?

Tarix: 26.12.2023 / 09:17  •   Oxundu: 86 dəfə  •  

Müharibə uzandıqca həm Qərb ölkələrində, həm də Ukraynanın özündə yorğunluq əmələ gəlir. Yəni ABŞ Konqresi 60 milyard dollarlıq yardımı təsdiq etmədi, Avropada müəyyən pessimist fikirlər səsləndirilir, qarşıdakı ildə Ukraynada prezident seçkisi gözlənilir. Fikrimcə, burada hiylə elementi ola bilər.
Bu sözləri İDEAL-a Ukrayna müharibəsində baş verən durğunluq və Qərbdən verilən pessimist açıqlamalar barədə danışan siyasi şərhçi Elxan Şahinoğlu deyib.
Politoloq Ukraynanın müharibəni yayadək uzatmaq istəyindən bəhs edib:
“Bəhs etdiyimiz addımın Rusiyanı özünü qalib hiss etməsi, Qərbin artıq Ukraynanın işğalı ilə barışdığı təsəvvürünü oyatmaq və arxayınlaşdırmaq məqsədilə atılması da mümkündür. Yaxın dövrə nəzər yetirsək, ABŞ-ın SSRİ-ni də dağıtmaq üçün bənzər metodlardan istifadə etdiyini görə bilərik. Qərb bir tərəfdən yardımın dayandığını, yaxud azaldığını desə də, digər tərəfdən gizli şəkildə Ukraynaya silahlar göndərilir. Çünki müqavimət davam edir və Rusiya hələ də müdafiə xəttini yarıb Donbası tamamilə işğal edə bilməyib.
Müharibədə Rusiyanın da 200-300 min civarında hərbçi itirdiyi bildirilir. Əlbəttə, Ukrayna ilə müqayisədə Rusiyanın canlı qüvvə potensialı çoxdur və Kiyev üçün min kilometrlərlə məsafədə müdafiə xətti yaratmaq asan deyil. Lakin müqavimət hələ qırılmayıb. Ukrayna hazırda mövqe döyüşlərini davam etdirməklə prosesi yaya qədər uzatmaq məqsədi güdür. Mənə elə gəlir ki, hazırki məqamda Ukrayna danışıqlar masasına oturmayacaq. Çünki indi Rusiya ilə danışıqlar masasına oturmaq Ukraynanın bölünməsinə razılıq verməkdir. Biz qarşıdakı qış aylarında da mövqe döyüşlərinin davam etməsinə şahid olacağıq”.