Bu gün:


“Türk Hava Yolları” Gəncəyə və Naxçıvana uçuşları bərpa etdi

Tarix: 15.05.2021 / 14:56  •   Oxundu: 164 dəfə  •  

Türkiyənin "Türk Hava Yolları" şirkəti İstanbuldan Gəncə və Naxçıvana uçuşları bərpa edib.
 
"Türk Hava Yolları" şirkətinə məxsus təyyarə bu gün səhər saatlarında Gəncə Beynəlxalq Hava Limanında qarşılanıb.
 
Qarşılanma mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk və "Türk Hava Yolları"nın Gəncədəki nümayəndəsi Cabir Peçe iştirak ediblər.
 
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev İstanbul-Gəncə-Naxçıvan reysinin 14 aylıq vasilədən sonra bərpa olunması münasibətilə Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk və "Türk Hava Yolları"nın nümayəndələrinə şəhər rəhbəri Niyazi Bayramovun təbriklərini çatdırıb. O bildirib ki, Gəncənin yerləşdiyi coğrafi mövqe olduqca əlverişlidir.
 
Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi, 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması və ümumilikdə Qərb bölgəsinin turizm potensialının günü-gündən inkişaf etməsi bölgəyə gələn turistlərin sayına müsbət təsir edəcək. Sözügedən reys sadəcə Gəncəyə yox, ətraf ərazilərə səfər edəcək olan turistlərin də işini asanlaşdıracaq.
 
Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk bildirib ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər və yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Türkiyə-Azərbaycan əlaqələri daim genişlənir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının vətəndaşları diplomatik, xidməti və ümumvətəndaş pasportları, eləcə də Azərbaycan vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi əsasında Türkiyə Respublikasına vizasız şəkildə səyahət edə bilərlər. İstanbul-Gəncə-Naxçıvan reysi Azərbaycan vətəndaşlarının Türkiyəyə, Türkiyədən də dünyaya çıxışını təmin edəcək.
 
Qeyd edək ki, İstanbul-Gəncə-Naxçıvan reysi həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək. Uçuşlar pandemiya qaydalarına riayət olunmaqla təşkil ediləcək.