Bu gün:


Prezident İlham Əliyev iki cəbhədə düşməni məğlub edir

Tarix: 12.10.2020 / 16:23  •   Oxundu: 96 dəfə  •  

Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək istiqamətində həyata keçirdiyi hərbi əməliyyatlar uğurla davam edir. Lakin düşmənlə təkcə hərbi cəbhədə yox, informasiya cəbhəsində də müharibə gedir. 

Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə hər iki cəbhədə işğalçı Ermənistanı darmadağın etdiyi müşahidə olunur. Dövlət başçısı hərbi cəbhədə Ali Baş Komandan kimi ordumuzu irəli aparır, informasiya cəbhəsində də əsl sərkərdə kimi döyüşür və qalib gəlir.

Ermənistanın aldığı zərbələr bunun əyani sübutudur. İşğalçı ölkə əvvəlki dövrdə olduğu kimi erməni lobbisinin və xarici havadarlarının köməyi ilə münaqişə haqqında dünyada informasiya vakuumu yaratmağa, öz yalan, riyakar və ikiüzlü siyasətini beynəlxalq ictimaiyyətə sırımağa uğursuz cəhdlər göstərdi. 1990-cı ilin Qarabağ müharibəsində də bunu etmişdilər. 30 il öncə buna nail ola bildilər, amma bu dəfə baş tutmadı.

Çünki nə Azərbaycan həmin ölkədir, nə də bu ölkənin rəhbəri...

Azərbaycan hələ əks-hücum əməliyyatından münaqişədən əvvəl Ermənistan tərəfindən törədilən ardıcıl təxribatları və erməni yalanlarını sistemli şəkildə, bütün mümkün vasitələrdən istifadə etməklə beynəlxalq arenada ifşa etməyi bacardı. 2020-ci ilin iyul təxribatından əvvəl və sonra Azəbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq platformalarda Ermənistanın işğalçı siyasətinin ifşa etdi, düşmən ölkənin Azərbaycana qarşı yeni işğal planları qurduğunu faktlarla sübuta yetirdi.

Sentyabrın 27-də Ermənistanın növbəti təxribatı nəticəsində bərpa olunan hərbi əməliyyatlar dövründə Prezident İlham Əliyev dünyanın 10-a qədər nüfuzlu televiziya kanalına müsahibələr verdi, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, hazırkı vəziyyəti, habelə Azərbaycanın mövqeyini əsaslandıran tarixi, hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı, Azərbaycanın haqlı mövqeyini əsaslandırdı.

Prezident İlham Əliyev Ali Baş Komandan həm döyüş cəbhəsində, həm də informasiya cəbhəsində məharətli sərkərdə kimi ölkəsinin maraqlarını inamla və qətiyyətlə müdafiə edir.

Prezident İlham Əliyev “CNN International”, “CNN-Türk”, “Sky News”, “Euronews”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” kimi dünyanın əsas televiziya kanallarına, o cümlədən Türkiyənin nüfuzlu “TRT Haber”, “Haber Qlobal”, Rusiyanın aparıcı “Rossiya-1”, “Pervıy Kanal”, RBK televiziya kanallarına müsahibələrində Azərbaycana qarşı “feyk-nyuslar”ı ifşa edib, Ermənistanın yalan üzərində qurulmuş informasiya maşınına ağır zərbə vurub.

Dövlət başçısının məsələlərə operativ müdaxiləsi və reaksiyası, hadisələri nəzarətə götürmək, vəziyyəti idarə etmək bacarığı ilə istənilən ağır şəraitdə, taleyüklü anlarda Azərbaycanın milli maraqlarının müdafiəsinin necə təşkil edilməsi ilə bağlı şəxsi nümunə ortaya qoydu.

Prezident istər daxili, istərsə də xarici auditoriya qarşısındakı çıxışları xalqın ürəyindən xəbər verib, onun sözünü və mövqeyini ifadə edib. Bu müsahibələr bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı Prezident İlham Əliyevi onun iradəsini ən layiqli şəkildə müdafiə etmək qabiliyyətinə malik lider hesab edir, ona inanır, güvənir və tam dəstəkləyir.

Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin həm döyüş, həm də informasiya cəbhəsində əldə etdiyi qələbələr onun isbatıdır ki, dövlət başçısı bütün addımlarında Azərbaycan xalqının ona olan dərin inamına əsaslanaraq hərəkət edir və bu etimadı layiqincə doğruldur.

Qələb bizimlədir...