Bu gün:


Ərdoğan Malazgirt zəfərinin qeyd olunduğu məkanda

Tarix: 25.08.2021 / 19:05  •   Oxundu: 87 dəfə  •  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin 950-ci ildönümü münasibəti ilə ölkənin Muş və Bitlis vilayətlərində təşkil olunan mərasimdə iştirak edib.

İDEAL Media.az xəbər verir ki, Bitlis vilayətinin Ahlat rayonu ərazisində ictimaiyyət qarşısında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin qazanılmasının tarixi əhəmiyyətindən, türk xalqının bu şanlı qələbəyə hər zaman yüksək dəyər verməsindən danışıb, xalqı bu şərəfli tarixin ildönümü münasibəti ilə təbrik edib.

Qeyd edək ki, Azərbaycanın Ankaradakı Səfirliyi və ölkəmizin Qars şəhərindəki Baş konsulluğu tərəfindən Ahlat rayonundakı bayram tədbirləri keçirilən bölgədə birgə qurulan çadırda üç gün ərzində Azərbaycan tarixinin və mədəniyyətinin tanıdılması istiqamətində böyük işlər görülüb.
Burada Azərbaycan tarixini və mədəniyyətini, vətənimizin əsrarəngiz gözəlliyini əks etdirən portretlər, maraqlı kitablar, istehsal məhsulları, milli geyimlər, suvenirlər nümayiş olunur. Ümumiyyətlə bu möhtəşəm məkanda təmsilçilik Azərbaycan həqiqətlərinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Yerli hakimiyyət orqanlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri Azərbaycan çadırını ziyarət edib, ölkəmizə və xalqımıza məhəbbətlərini ən həssas yanaşmalarla tərənnüm ediblər.

Naxçıvan Dövlət Filarmoniyasının “Şuşa” muğam qrupunun möhtəşəm ifası maraqla qarşılanıb.

Tarixdən məlum olduğu kimi, Malazgirt döyüşləri 1071-ci il avqustunda baş verib. Bu savaşda Səlcuqlar və Bizans ordusu üz-üzə gəlib və döyüşdə Səlcuqlar rəşadətli qələbə qazanıblar. Böyük Səlcuk hökümdarı Alp Arslan ilə Bizans İmperatoru Romen Diyojen arasında gedən müharibənin avqustun 26-da səlcuqlu igidlərin Zəfəri ilə başa çatması Anadolunun qapılarını əbədi olaraq türklərə açıb. Bu zəfər sayəsində Səlcuqlarla Bizans arasında 50 illik müqavilə imzalanıb və beləliklə də Şərqi Anadolu torpaqları türklərə təslim edilib. Bəzi mənbələrdə göstərilir ki, bu qələbə münasibətilə Bağdad xəlifəsi Alp Arslanı təbrik edərək onu "İslamın nuru" adlandırıb.