“Mehdiyev yaltaqların və axmaqların hamisi olub — Sərt CAVAB

Tarix: 29.08.2020 / 17:41  •   Oxundu: 177 dəfə  •  

AMEA prezidenti Ramiz Mehdiyevin mətbuatla bağlı son çıxışı media mühitində narazılıqla qarşılanıb. Tanınmış mətbuat nümayəndələri akademiki qərəzli davranmaqda günahlandırıblar.

İDEAL MEDİA

“O çıxışı oxudum və olduqca təəccübləndim. Uzun illər mətbuatı idarə edən, nəyi necə yazmaq barədə göstəriş verən Ramiz Mehdiyev indi Azərbaycan mətbuatı haqqında yazır ki, cəmiyyəti ifadə etmir. Bunun adı ikiüzlülük və riyakarlıqdır. Hərdən özü məqalələr yazır, televiziya ilə bağlı fikirlər deyirdi. İnsafən  deyə bilərəm ki, o fikirlərin bir çoxu qəbulolunan idi. Amma niyə özünü ideoloq, filosof adlandıran, gündəlik informasiya mühitini müəyyənləşdirən adam bu problemlərə diqqət yetirmirdi? İndi düşdüyü vəziyyətdə mətbuatın  gerçək durumunu görür və bunları dilə gətirir. Hazırda ona görə Ramiz Mehdiyevi tənqid edirlər ki, o, vəzifə başında olanda bu işlərin öhdəsindən gəlməyib. Vaxtında ancaq özləri üçün bir mətbuat şəbəkəsi, trol dəstəsi yaradıblar. Özlərinə lazım olan ideyaları, tamamilə ölkənin milli maraqlarından uzaq fikirləri səsləndiriblər. İndi həmin mətbuatdır da… Nə dəyişib? Bu, elə Ramiz Mehdiyevin, Əli Həsənovun “ştilxana”da yetişdirdiyi mətbuatdır. Dediyi mətbuat bundan artıq ola bilməz. Çünki onun ölçüləri, çərçivələri yanlış qoyulub, istiqaməti yanlış götürülüb. Biri kəskin şəkildə söyürsə, digəri kəskin şəkildə mənasız təriflər edir, təbliğat aparır”. 

Qulu Məhərrəmlinin sözlərinə görə, hazırkı mətbuat Ramiz Mehdiyevin əsəridir. Ona görə də indi gileylənməyin heç bir mənası yoxdur:

“Bunları biz uzun illər demişik və yazmışıq. Amma o tənqidçilərə Mehdiyevlə Həsənovun münasibəti necə olub? Üstümüzə  dəstə ilə trol sürüsü göndəriblər, təhqir ediblər. Mətbuatın gerçək vəziyyəti haqqında danışan insanların ünvanına böhtanlar yağdırılıb. İndi də hərdən kol dibindən səslər gəlir. Amma belə olmaz. Biz bu düşüncəni ona görə cəmiyyətin diqqətinə çatdırırq ki, mətbuat cəmiyyətin güzgüsüdür. Orada ölkənin təhlükəsizliyi üçün gərəkli olan məsələlər əks olunmalı, özbaşnalıqlar tənqid edilməlidir ki, onlar dövləti zəiflətməsin, iqtisadiyyata zərbə vurmasın, mənəviyyata mənfi təsir göstərməsinlər”.

Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət isə ilk növbədə mətbuat haqqında bu cür ümumi danışmağın yersiz olduğunu vurğulayıb:

“30 il vəzifədə olub bu sahədə iş görə bilməyən adam indi 3 cümlə ilə məsələyə münasibət bildirirsə, elə əsas günahkarlardan biri özüdür. Azərbaycanda mətbuat təbii ki, ağır durumdadır. İmkanlar məhduddur, maddi-texniki baza yoxdur, hətta qonşu ölkələrlə müqayisədə çox zəifdir. Regionun lideri olduğunu bildirən bir ölkənin mətbuatının bugünkü vəziyyətinə görə 30 il boyunca əsas məsuliyyət daşıyanlardan biri elə Ramiz Mehdiyevdir. İndi belə çıxır ki, biz bunun düzəlməsini fəhlədən və yaxud bütün qapıları bağlanmış jurnalistdən, baş redaktordan istəməliyik?! Bu, belə olmur. Ölkədə  bir sahənin ayrıca inkişafı qeyri-mümkündür. Bütün sahələr bir-birinə zəncirvari bağlıdır. Reklam bazarı yoxdursa, söz azadlığı indeksində 168-ci yerdəyiksə, regionda ən az maaş alan jurnalistlər Azərbaycanda çalışırsa, bunun günahkarı mətbuat və jurnalist deyil. Yəni hansı parametrdən yanaşsaq, birinci elə Ramiz Mehdiyev hesabat verməlidir. Bu 30 ildə mətbuatın fəaliyyəti ilə bağlı niyə 100-dən yuxarı məhdudlaşdırıcı qərar verilib? 
Niyə reklam bazarı yoxdur, olmayıb, ya da bunu boğublar? Niyə çoxsaylı jurnalist həbsləri olub? Ramiz Mehdiyev bundan danışmalıdır”.

Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə də Ramiz Mehdiyevin iradlarının əsassız olduğunu diqqətə çatdırıb:

“Azərbaycan cəmiyyəti onu söz və mətbuat azadlığının düşməni kimi tanıyır. Müstəqillik dövründə bütün pis ənənələri mətbuata Ramiz Mehdiyev gətirib. Tezis yazmağın əmənəsini o özü qoyub. Onun düşük tezislərini yazmaqdan imtina edən adamlar küncə sıxışdırılıb, bir tikə çörəklə sınağa çəkilib. Mehdiyevin üzündən çoxlu sayda peşəkar jurnalist mətbuatı tərk edib. Mehdiyev yaltaqların və axmaqların hamisi olub”.

Baş redaktor qeyd edib ki, qeyri-peşəkarlar, dələduzlar məhz Mehdiyevin dəstəyilə mətbuatda önə çıxıb, yüksək vəzifə tutublar: 

“Mehdiyevin qanadları altında olan Vüqar Səfərli barəsində cinayət işi açılıb. Bu adam külli miqdarda dövlət əmlakını mənimsəməkdə ittiham olunur. KİV Fondunun təşkil etdiyi müsabiqələr jurnalistləri məmurlara yaltaqlanmağa vadar edirdi. Mehdiyevin ən böyük arzusu bütün jurnalistləri yaltaq görmək idi. Şükür ki, çətinliklər bahasına olsa belə, simamızı qoruyub, heç kimin qulbeçəsinə çevrilmədik. Azərbaycanda Mehdiyev erası çoxdan başa çatıb. Yaxın ətrafı bunu ona başa salmalıdır”.