Bu gün:


“Şimal-Cənub” nəqliyyat dəhlizinin əhəmiyyəti

Tarix: 02.12.2020 / 16:50  •   Oxundu: 135 dəfə  •  

Azərbaycan regionun inkişafına töhfə verən ölkələrdəndir. Bu mənada İran ərazisində dəmiryolu xəttinin çəkilməsi “Şimal-Cənub” nəqliyyat dəhlizinin reallaşması baxımından çox vacibdir.
Bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov “Şimal-Cənub” nəqliyyat dəhlizinin əhəmiyyəti və ölkəmiz üçün yaradacağı iqtisadi imkanlar haqda danışarkən deyib.
“Şimal-Cənub” nəqliyyat dəhlizi şimaldan, o cümlədən Rusiyadan yüklərin Azərbaycan üzərindən Hindistana qədər daşınmasına imkan yaradacaq. Nəticədə təbii ki, biz ölkə üzərindən daşınan beynəlxalq yüklərin növbəti mərhələdə daha çox artacağını müşahidə edəcəyik.
Bu, beynəlxalq yükdaşımalardan ölkəyə daxil olan valyutanın həcmini artırmış olacaq. Bildiyimiz kimi, pandemiya başladıqdan sonra Azərbaycan yüklərin daşınması ilə bağlı məhdudiyyətləri tətbiq etməmək qərarına gəldi. Təbii ki, istehsalın azalması və bir sıra hallarda pandemiya səbəbindən yükdaşımalarda qlobal yubanmaların olması müşahidə olunurdu. Amma Azərbaycan üzərindən daşınan yüklərdə xüsusi bir çətinlik olmadı.
Bütövlükdə Azərbaycan üçün beynəlxalq yükdaşımaları qeyri-neft sektorunun prioritet istiqamətlərindən biridir. Nəticə etibarilə bu istiqamətdə həyata keçirilən işlər, o cümlədən investisiya qoyuluşları, infrastrukturun inkişaf etməsi imkan verəcək ki, Azərbaycan növbəti mərhələdə beynəlxalq yükdaşımalar nəticəsində ölkəyə daxil olan valyutaların həcmini artıra bilsin və beynəlxalq yükdaşımalar artıq qeyri-neft sektorunun valyuta gətirən əsas sahələrdən birinə çevrilsin”.