Bu gün:


Hərbi vəziyyət elan edilməsi hansı öhdəliklər yaradır? - HÜQUQİ ŞƏRH

Tarix: 28.09.2020 / 00:02  •   Oxundu: 269 dəfə  •  

Azərbaycan Prezidenti İlham Əliyev “Hərbi vəziyyət elan edilməsi” haqqında Fərman imzalayıb.

Fərmana görə, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilib.

Artıq Azərbaycan Milli Məclisi qərar qəbul edib.

Beləliklə, ölkə ərazində hərbi vəziyyət elan olunmaqla, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq ediləcək.

Qanunvericiliyə görə, hərbi vəziyyət elan edilərkən əhaliyə qabaqcadan məlumat verilməklə, hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər.

Beynəlxalq sənədlərə əsasən, 3 gün ərzində BMT və Avropa Şurasının baş katibləri məlumatlandırılır. Hərbi vəziyyətin müddəti bitənədək elan edilmə əsasları aradan qalxmadıqda və ya yeni əsaslar yarandıqda hərbi vəziyyətin qüvvədə olma müddəti uzadılır. Hərbi vəziyyətin elan edilməsi əsasları aradan qalxdıqda və bunun üçün yeni əsaslar yaranmadıqda hərbi vəziyyət ləğv edilir.

Hərbi vəziyyət dövründə Milli Məclis, məhkəmə, prokurorluq orqanları və Ombudsman fəaliyyətini davam etdirir.

Hərbi vəziyyət zamanı xüsusi obyektlərin mühafizəsinin gücləndirilməsi, xüsusi iş rejiminə keçid, karantin rejimi, təhsil müəssisələrinin xüsusi iş rejimi və ya fəaliyyətinin dayandırılması, əhalinin, maddi və mədəni sərvətlərin təhlükəsiz rayonlara təxliyə olunması, istənilən idarə, müəssisə və təşkilatlara məxsus bina və otaqların, nəqliyyat vasitələrinin yoxlanılması mümkündür.

Hərbi vəziyyətdə sərbəst hərəkət etmək, yaşayış yeri seçmə və s. hüquq və azadlıqlara məhdudiyyətlər tətbiq edilə bilər.

Məsələn, hərbi vəziyyətin elan olunduğu əraziyə (ərazilərə) xüsusi giriş-çıxış rejiminin tətbiqi, ölkəyə xüsusi gəlmə-getmə qaydaları tətbiqi, yaşayış və ya olduğu yeri seçmək hüququnun və nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması baş verə bilər.

Məsələn, sabahdan etibarən Azərbaycanın komendant saatı tətbiq edildiyi ərazilərində saat 21.00-dan 06.00-dək şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilir. Həmçinin, xüsusi giriş-çıxış rejiminin tətbiq edilməsi və nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görüləcək.

Komendant saatının tətbiqindən irəli gələn tədbirlərin həyata keçirilməsi Daxili İşlər Nazirliyinə həvalə edilib.

Hərbi vəziyyət dövründə xüsusi əmək şəraiti müəyyən edilir. Yəni, bəzi qəzaların nəticələrinin aradan qaldırılmasına fiziki və hüquqi şəxslər cəlb edilə bilər. Hərbi vəziyyət dövründə tətil və aksiyalar qadağan edilir.

Mülkiyyət formasından asılı olmayaraq daşınar və daşınmaz əmlak (xüsusi mülkiyyətin  əvəzi ödənilməklə) müdafiə ehtiyacları üçün alına və ya istifadə edilə bilər.

Qanunvericiliyə görə, ölkə ərazisinin 25 faizindən çoxunda hərbi vəziyyət elan ediləndə hərbi vəziyyət dövründə, həmçinin hərbi vəziyyət ləğv edildikdən sonra 3 (üç) ay müddətində referendum, seçkilər və ya yerli rəy sorğusu təyin edilə və keçirilə bilməz. Eyni zamanda hərbi vəziyyətlə bağlı tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin, fondların və digər qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması, mitinq və nümayişlərinin qadağan edilməsi də mümkündür.

Hərbi vəziyyət dövründə məxfilik rejiminin gücləndirilməsi, rabitədən istifadə, telekommunikasiya şəbəkə, qurğu və obyektlərinin, poçt obyektlərinin fəaliyyətinin sabitliyinin təmin olunmasına nəzarət gücləndirilir.

Bu dövrdə kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi senzuradan keçirilməsi, xüsusi fəaliyyət rejiminin tətbiq edilməsi, hətta onların fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması haqqında aidiyyəti orqanlara təqdimatlar verilməsi, cəbhəboyu zonada KİV-in fəaliyyətinin tənzimlənməsi öz əksini tapa bilir.

Hərbi vəziyyətlə bağlı qanunvericiliyi pozanlar İnzibati Xətalar, Cinayət və Mülki məcəllələrlə məsuliyyət daşıyırlar.