Bu gün:


Ərdoğanın mesajından sonra şok iddia

Tarix: 07.07.2022 / 15:25  •   Oxundu: 114 dəfə  •  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mesajından sonra Suriyanın şimalında PKK/YPG terror təşkilatına qarşı yeni antiterror əməliyyat öncəsi yeni gəlişmələr yaşanır.
İDEAL Media.az Teleqraf.com-a istinadən xəbər verir ki, Türkiyə liderinin diqqət çəkdiyi Mənbiçdə fəallıq artıb.
Mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) iddiasına görə, ABŞ, İngiltərə və Fransanın rəhbərlik etdiyi beynəlxalq koalisiyadan 40 nəfərə yaxın nümayəndə heyəti Mənbiçdə YPG/PKK terrorçuları ilə danışıqlar aparıb. PKK/YPG-yə bağlı qondarma Mənbic Hərbi Şurası ilə görüşdə Türkiyənin mümkün əməliyyatı müzakirə olunub. 


Müşahidə qrupu görüşün keçirildiyi binanın Amerika hərbçiləri tərəfindən mühafizə edildiyini bildirib.
Terror təşkilatının media orqanları ABŞ nümayəndə heyətinin YPG-nin Fəratın şərqində nəzarət etdiyi əraziləri gözlənilən irimiqyaslı hərbi əməliyyatdan qorumaq üçün Mənbiç şəhərinin Türkiyəyə təhvil verilməsinin təklif olunduğunu iddia edib. Təşkilatın hərbi heyətə necə reaksiya verdiyi barədə məlumat yoxdur.

Digər tərəfdən, Mənbiç, Xmeym və Qamışlıda PKK/YPG ilə Əsəd rejimi arasında danışıqlar aparıldığı və razılığın əldə olunduğu deyilir.
Sızdırılan məlumata görə, PKK/YPG Türkiyənin mümkün əməliyyatına qarşı rejimlə birlikdə hərəkət edəcək, işğal altındakı bölgələrdə Suriya bayrağını asacaq, Əsədlə birgə əməliyyat mərkəzi quracaq.

Əsəd rejiminin Mənbiç, Kobani və Ayn İsa xəttinə təxminən 550 canlı qüvvə göndərəcəyi, PKK-ya isə zirehli maşın və hərbi texnika verəcəyi də iddialar arasındadır.