Bu gün:


Ərdoğanın Əsədlə görüşü gündəmdədir

Tarix: 02.01.2023 / 21:03  •   Oxundu: 158 dəfə  •  

Türkiyə hakimiyyəti Suriya ilə münasibətlərin normallaşması kursundan razıdır və hesab edir ki, Ankara ilə Dəməşq nümayəndələri arasında danışıqların gündəliyinin növbəti mərhələsi ən yüksək səviyyədə görüşün təşkili məsələsinin müzakirəsi olacaq.
Bu barədə bazar ertəsi jurnalistlərə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik məlumat verib.
“Hesab edirik ki, iki ölkə arasında körpülərin qurulmasının vaxtı çatıb, siyasi dialoqun vaxtı çatıb. Gündəlikdə duran növbəti məsələ yüksək səviyyədə görüşünün keçirilməsinin mümkünlüyü olacaq. Biz bu günə qədər əldə olunan irəliləyişdən razıyıq”, - deyə o bildirib.

Xatırladaq ki, iki ölkə arasında münasibətlər 2011-ci ildə Suriyada münaqişə başlayandan bəri pisləşib. Türkiyə ilə Suriya arasında diplomatik əlaqələr kəsilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 15-də jurnalistlərə bildirib ki, o, rusiyalı həmkarı Vladimir Putinə Suriya lideri Bəşər Əsədin iştirakı ilə üçtərəfli görüş keçirməyi təklif edib. Onun sözlərinə görə, bu sammitdən əvvəl xüsusi xidmət orqanlarının nümayəndələri, müdafiə və xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılmalıdır.

Dekabrın 28-də Moskvada Türkiyə, Suriya və Rusiya Federasiyasının Müdafiə nazirliklərinin rəhbərləri arasında danışıqlar olub. Yanvarın ikinci yarısında üç ölkənin xarici işlər nazirlərinin görüşü baş tuta bilər ki, onun gündəliyinə Türkiyə və Suriya prezidentləri arasında danışıqlar məsələsi daxil ediləcək.
Mənbə: TRT