Bu gün:


ABŞ-DAN TÜRKİYƏ İLƏ BAĞLI GERİ ADDIM

Tarix: 09.05.2021 / 11:59  •   Oxundu: 219 dəfə  •  

Türkiyəyə dollarla və F-35-lə təsir etmək mümkün olmadı.
 
“Ankara Vaşinqtondan məktub alıb. Bu da ən yeni nəsil qırıcılar olan F-35-lə bağlı problemin həlli üçün iki ölkə arasında dialoqun başlanğıcı ola bilər”. Bu sözləri Türkiyə Müdafiə Sənayesinin rəhbəri İsmail Dəmir deyib. Türkiyə bu proqramdan Rusiyadan S-400 sistemləri aldığı üçün az öncə çıxarılmış və Ankaraya F-35-lərin tədarükü dondurulmuşdu.
 
İsmail Dəmir heç bir ölkənin birtərəfli qaydada F-35 proqramından kənarlaşdırılmasının mümkün olmadığı barədə bir müddət əvvəl Türkiyənin ortaya qoyduğu mövqeni xatırladıb və bildirib ki, ABŞ-dan gələn son məktub Türkiyənin haqlı olduğunu təsdiqlədi. F-35-lə bağlı problemin həll yolunu tapmaq üçün ABŞ-la dialoq başlayacaq.
 
Maraqlıdır ki, sözügedən məktub prezident Co Baydenin “erməni soyqırımı” ifadəsi işlətməklə Türkiyəni incitməsindən az sonra gəlib.
 
Bəs ABŞ hökumətinin Türkiyəni proqrama qaytarması o anlama gəlirmi ki, iki ölkədə arasında S-400-lərlə bağlı ziddiyyət tarixə qovuşur?
 
ANAP sədri Abutalıb Səmədov bildirdi ki, Türkiyənin qanunsuz olaraq çıxarıldığı F-35 proqramına qaytarılması o qədər də asan olmayacaq. Məlumdur ki, qardaş ölkə bu proqrama 26 yanvar 2007-ci ildə, digər 8 ölkə - ABŞ,  İngiltərə, İtaliya, Hollandiya, Avstraliya, Danimarka, Kanada və Norveçlə birlikdə imza atmışdı. Razılaşmaya görə, Türkiyə  təyyarənin 1005 hissəsini istehsal etməli və 100 ədəd F-35 almalı idi. Lakin 2017-ci ilin dekabrında  Moskva ilə Ankara 2,5 milyard dollar dəyərində (onun 55%-i Rusiya krediti hesabına ödənildi) S-400 raketləri ilə bağlı müqavilə imzaladılar və ondan sonra Türkiyəyə 4 diviziya raketlər verildi. Bu addımlar Türkiyə ilə ABŞ arasında dərin böhran yaratdı və bundan sonra ABŞ artıq sənədləşmiş 6 ədəd  F-35-i verməkdən imtina etdi və həmin təyyarələr ABŞ Hava Qüvvələrinin istifadəsinə verildi. Eyni zamanda Türkiyənin istehsal etdiyi hissələrin başqa ölkəyə verildiyi elan edildi: “Bununla sakitləşməyən ABŞ 2020-ci ilin dekabrında  Türkiyəyə qarşı CAATSA qanunu çərçivəsində sanksiyalar tətbiq etdi.
 
Ardınca 21 aprel 2021-ci il tarixdə ABŞ Müdafiə Nazirliyi  Türkiyənin F-35 proqramından çıxarılması barədə Ankaraya rəsmi məktub göndərdi.
 
Son aylar Dövlət Departamentinin rəsmiləri dəfələrlə S-400 raketləri ilə bağlı mövqelərinin dəyişmədiyini bəyan etdilər. Bütün bunlardan sonra ABŞ-la başlanacaq dialoqun Türkiyənin F-35 proqramına qaytarılması ilə nəticələnməsi ehtimalı yüksək deyil. ABŞ Türkiyədən ciddi güzəştlər tələb edir və bu tələblərin yerinə yetirilməsi onun nüfuzuna ciddi zərbə vura bilər. Söhbət bundan sonra alınması planlaşdırılan raketlərdən imtina etməkdən və alınmış raketləri quraşdırmamağı nəzərdə tutan “Krit modeli”nin tətbiqindən gedir. Türkiyə dövlətinin rəhbərləri dəfələrlə bu tələblərin yerinə yetirilməsinin mümkünsüz olduğunu bəyan ediblər. Sonuncu dəfə, 6 may 2021-ci il tarixdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - "Türkiyə qalxıb da birilərinin çəki-düzən verəcəyi bir ölkə deyil. Əksinə, dimdik ayaqda duran bir ölkədir" - dedi. ABŞ-ı və onun müttəfiqlərini qıcıqlandıran da budur. Onların narazılığı təkcə S-400 raketləri ilə bağlı deyil. Bu münasibətlərdə yaranmış problemin səbəbi deyil, olsa-olsa daha çox əlverişli bəhanəsidir".
 
A.Səmədov qeyd etdi ki, Qərb dünyasını Türkiyənin apardığı müstəqil siyasət qane etmir. Onlara əvvəllər olduğu kimi hər addımını Vaşinqtonla razılaşdıran Türkiyə lazımdır. O Türkiyə isə xeyli vaxtdır tarixin arxivinə qovuşub, əvəzində nüfuzlu, “cəsarətli, dimdik ayaqda duran bir ölkə” meydana çıxıb: “Bu baxımdan, qarşıda hər iki dövləti ağır danışıqlar gözləyir. Onların bir-biri üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alsaq, qarşılıqlı güzəştlər qaçılmazdır. Ancaq əsas güzəştləri ABŞ etməli və qonşu Yunanıstan kimi dövlətlərlə olan münasibətləri Türkiyəyə tətbiq etmək fikrindən qəti şəkildə vaz keçməlidir. Yalnız bu halda danışıqların müsbət nəticə ilə bitəcəyinə, Türkiyənin F-35 proqramına qayıtmasına ümid etmək olar”.
 
Hərbi ekspert Emin Həsənli isə bildirdi ki, Türkiyənin dünyada və regionda mövqeləri xeyli möhkəmlənib. Türkiyənin hərbi sənayesi son illərdə çox böyük sürətlə irəliləyib, böyük inkişaf səviyyəsinə gəlib çatıb. Türkiyənin müstəqil siyasi mövqeyi, hərbi qüdrətinin artması ona imkan verdi ki, ABŞ-ın bütün təzyiqlərinə baxmayaraq S-400 məsələsində geri addım atmasın. Amerika artıq Türkiyəyə təzyiq yolu ilə təsir etməyin effekt vermədiyi qənaətinə gəlməkdədir: “Xüsusən Pentaqon Ağ Evə Türkiyə ilə müttəfiqliyi pozmağın ABŞ-ın özünə ziyan vuracağını belə görünür ki, anlada bilib. Ona görə də artıq Türkiyəyə doğru müsbət istiqamətdə addımlar atılmağa başlanır. Türkiyə sübut etdi ki, F-35 proqramından kənarlaşdırılsa belə, hərbi gücü azalmayacaq, əksinə, inkişaf edəcək. Əgər ABŞ F-35-lə bağlı problemin həll yolunu tapmaq üçün Türkiyə ilə dialoqa başlayacaqsa, bu, hər iki ölkənin xeyrinə olacaq, hərbi müttəfiqlik əlaqələrindəki problemlər tədricən aradan qalxacaq. Türkiyənin müstəqil siyasətini Qərb qəbul etməyə məcburdur. Artıq Türkiyəyə nə dollarla, nə F-35-lə təzyiq etmək effekt vermir. Amerika gec-tez Türkiyəyə F-35 təyyarələrini verəcək”.