Bu gün:


İmran Xan: Bu rejim 200 milyon müsəlmana şiddət başladı

Tarix: 01.10.2021 / 11:04  •   Oxundu: 627 dəfə  •  

İslamafobiya dünyadakı zərərli fenomenlərdən biridir və biz ona qarşı birgə mübarizə aparmalıyıq.

Bu sözlər Pakistanın Baş naziri İmran Xanın BMT Baş Assambleyasının 76-cı sessiyasına ünvanladığı bəyanatda əksini tapıb.

O, Baş katibə səslənərək, artan islamafobiyaya qarşı qlobal dialoq təşkil edilməsini təklif edib və paralel olaraq, dinlərarası harmoniyanı artırmaq üçün səylərin gücləndirilməli olduğunu vurğulayıb:
“Ən pis və geniş yayılmış islamafobiya hazırda Hindistandadır. Faşist RSS-BJP rejimi tərəfindən irəli sürülmüş nifrətlə dolu “Hindutva” ideologiyası Hindistanın 200 milyon müsəlman əhalisinə qarşı qorxu və şiddət başladıb. Dəstələr tərəfindən linçə məruz qalmaq, keçən il Yeni Dehlidə baş verən poqromlar, Hindistanı müsəlmanlardan təmizləməyi hədəfləyən ayrı-seçkilik yaradan vətəndaşlıq qanunları, Hindistanda məscidləri dağıtmağa və müsəlman mədəni irsini və tarixini silməyə yönələn kampanyalar hamısı bu cinayətkar rejimin işləridir. Biz işğal altındakı Cammu və Kəşmirdə Hindistan təhlükəsizlik qüvvələri tərəfindən insan hüquqlarının sistematik pozulmasını hərtərəfli sənədləşdirmişik. Bu repressiyalar eyni zamanda işğal olunmuş ərazilərin demoqrafik strukturunu dəyişmək üçün atılan qanunsuz addımarla müşayət olunur. Və bu addımlar işğal olunmuş əraziləri müsəlman çoxluğundan müsəlman azlığına transformasiya etmək üçün hesablanıb”, – deyə baş nazir bildirib.

İmran Xan çıxışı zamanı, həmçinin Əfqanıstan probleminə də toxunub:
“Əgər biz indi Əfqanıstana laqeyd yanaşsaq, gələn il Əfqanıstan əhalisinin 90 faizi yoxsulluq həddinin altına düşəcək. Hazırda Əfqanıstan əhalisinin yarısı yoxsulluq səviyyəsinə görə həssasdır. Qarşıda böyük humanitar böhran durur. Və bunun mənfi təsirləri sadəcə Əfqanıstanın qonşuları üçün deyil, bütün dünya üçün olacaq. Qeyri-stabil, xaotik Əfqanıstan bir daha beynəlxalq terrorçular üçün təhlükəsiz sığınacağa çevriləcək. Unutmayaq ki ABŞ-ın Əfqanıstana girməyinin ən vacib səbəbi də beynəlxalq terrorizmlə mübarizə olub. Buna görə də irəli addımlamaq üçün yalnız bir yol var: Əfqanıstan xalqı naminə hazırkı əfqan hökumətini gücləndirməli və stabilləşdirməliyik”.

O, çıxışını hər kəsi Əfqanıstandakı kritik zamana diqqət etməyə çağıraraq bitirib:
“Orda köməyə ehtiyac var. Dərhal humanitar yardım edilməlidir. BMT Baş katibi çox cəsur addımlar atıb. Mən sizləri beynəlxalq birliyi bu istiqamətdə hərəkət üçün səfərbər etməyə çağırıram”.