Bu gün:


Rusiya MN Kəlbəcərin bu kəndindəki ermənilərə növbəti humanitar yardım etdi…

Tarix: 08.10.2021 / 08:34  •   Oxundu: 147 dəfə  •  

Rayonun Həsənriz kəndi “Haterk” adlandırıldı və “Dağlıq Qarabağın yaşayış məntəqəsi” kimi təqdim edildi...

Rusiyanın Azərbaycan torpaqlarının bir hissəsində yerləşmiş sülhməramlı sayılan hərbi kontingenti öz funksiyalarından kənar işlər görməkdə davam edir.
 
Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayılan məlumata görə, Rusiya hərbçiləri inzibati-hüquqi cəhətdən Kəlbəcər rayonunun ərazi vahidi olan Həsənriz kəndində məskunlaşmış ermənilərə növbəti dəfə yardım edib. 
 
Kəlbəcərin bu kəndindəki 16 çoxuşaqlı  və 32  köçkün erməni ailəsinə Rusiyanın xeyriyyə təşkilatları tərəfindən ayrılmış humanitar yardım çatdırılıb.
 
“Bu gün Dağlıq Qarabağın ucqar bölgələrindən birinə - 48 qaçqın ailəsinin və çoxuşaqlı ailənin yaşadığı Haterk qəsəbəsinə gəldik. Onlara xeyriyyə təşkilatları birliyi tərəfindən bağışlanan ayaqqabı və isti paltar gətirdik. Hər bir ailə üzvünə üç cüt ayaqqabı veriləcək: yay üçün, payız-yaz və qış üçün. Kişilər üçün də isti paltarlar paylanacaq” - Rusiya  kontingentinin sözçüsü Dmitri Tusidi bildirib.
 
 
“Dağlıq Qarabağın ən böyük ucqar yaşayış məntəqələrindən biri olan Haterk kəndində ümumilikdə 1,5 mindən çox insan yaşayır. Rusiyalı sülhməramlıların yardıma ehtiyacı olanları müəyyənləşdirmək işi davam edir”- Rusiya MN-in məlumatında belə deyilır.
 
Zəruri şərh:
 
Göründüyü kimi, Azərbaycan mediası və ictimaiyyətinin bütün xəbrədarlıqlarına rəğmən  Rusiya MN Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirməkdən çəkinmir.  Qurumun rəsmi saytında nəinki “Dağlıq Qarabağ” söz birləşməsi işlədilir.  Azərbaycanın digər rayonlarının ərazisi də həmin qondarma “inzibati vahid”in tərkibindəki kimi göstərilir. Üstəlik, respublikamızın müasir rəsmi inzibati-siyasi xəritəsindəki topnimlər təhrif olunur. Bu halda Kəlbəcər rayonunun Həsənriz kəndi “Haterk” adlandırılıb və “Dağlıq Qarabağın yaşayış məntəqəsi” kimi təqdim edilib…