Bu gün:


Eşitdik ki, nazir işdən çıxıb, pul bizdə qaldı - Şahid

Tarix: 21.11.2022 / 20:12  •   Oxundu: 117 dəfə  •  

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
İDEAL Media.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Ehtiram Əhmədov ifadə verib.
Ehtiram Əhmədov bildirib ki, "Sehrli Naftalan" sanatoriyasının əməkdaşı olub. Şahidin sözlərinə görə, müxtəlif vaxtlarda sanatoriyaya "putyofka"lar olub. Onun sözlərinə görə, hər "putyofka"dan isə müəyyən məbləğ "otkat" kimi Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovaya verib: "Sanatoriyanın rəhbəri Dilsuz Əzizov idi. Pulu mənə verirdi, mən də həmin pulu Şəlalə Cəfərovaya çatdırırdım.

"Putyofka" lardan ümumilikdə 1 milyon manat "otkat" çatdırmışam".
Digər şahid qismində ifadə verən Qoca Əmiraslanov isə deyib ki, "Möcüzəli Naftalan"nın rəhbəri Elşən Əmiraslanovun oğludur. Şahidin sözlərinə görə, atasının vəzifələrini faktiki olaraq icra edib.
İttihama görə, istintaqın araşdırma apardığı dövrdə "putyofka" xərcləri üçün sanatoriyaya 3 milyon manat pul köçürülüb. Həmin vəsaitin 1 milyon manata yaxın hissəsi isə "otkat" kimi qaytarılıb: "Sanatoriyaya göndərişlər olurdu. Bir "putyofka" təxminən 600-700 manatlıq idi. Hər "putyofka" üçün isə 150 manat "otkat" verilib. Həmin pulları isə nazirliyin iqtisadiyyat şöbəsinin sektor müdiri Dəyanət Fərəcovun vasitəsi ilə maliyyə və icmal büdcə şöbəsinin müdiri Şəlalə Cəfərovaya vermişik. Sonuncu dəfə isə 29 min 509 manat "otkat" verməli idik, sonradan eşitdik ki, Səlim Müslümov işdən çıxıb. Həmin pul bizdə qalıb" - deyə şahid ifadəsində göstərib.

Qoca Səmədov istintaq ifadəsində göstərib ki, 499 min manatdan 125 min manatı 480 min manatdan 120 min manat, 970 min manatdan 240 min manat, 1 milyon 300 min manatdan isə 319 min 500 manat Şəlalə Cəfərovaya çatdırıb.
Onun İfadəsinə görə, 2018-ci ildə isə 500 min manatdan 200 min manat, 355 min manatdan isə 75 min manat çatdırıb.
Kürdəmir rayonunda yerləşən sanatoriyada işləmiş Elçin Ağayev isə nazirliyin iqtisadiyyat şöbəsinin sektor müdiri Dəyanət Fərəcova 4 ildə 204 min "otkat" verdiyini deyib. Həmin pullar da "putyofka" lar üçün köçürülən vəsaitdən nağdlaşdırılıb.

Şahid qismində ifadə verən Arif Məmmədov deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 18 saylı Regional Ərazi Şöbəsinin Qaz, Zaqatala və Balakən üzrə müfəttişi olub. Onun bildirdiyinə görə, ərazi üzrə müəssisələrdə yoxlama aparıblar. Bildirib ki, yoxlamalar zamanı nöqsanlar olan zaman akt tərtib ediblər. O məhkəmədə heç kimə rüşvət vermədiyini deyib.
Amma istintaqa verdiyi ifadəsində isə göstərib ki, ərazi üzrə onlara nəzarət edən rəis müavini Anar Quliyevə 3 min 500 manat rüşvət veriblər.
Arif Məmmədov isə bunu rüşvət qismində vermədiyini açıqlayıb: "Müəyyən tapşırıqları olub, biz də həmin tapşırıqları icra etmişik. Anar Quliyev rayona gəlib, biz ona qonaqlıq vermişik. Bu da il ərzində 3-4 dəfə olub. Ona rüşvət verməmişəm. Bu müəyyən xərclərimiz olub".

Növbəti proses noyabrın 28-də davam edəcək.