Bu gün:


Türkiyədə qanunsuz yaşayan azərbaycanlılara pasport...

Tarix: 23.12.2022 / 17:39  •   Oxundu: 95 dəfə  •  

Türkiyədə qeyri-qanuni yaşayan Azərbaycan vətəndaşlarına pasportlar təqdim edilib.
Bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan bildirilib.
Bildirilib ki, Azərbaycan Hökuməti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Türkiyə Respublikasına mühacirət etmiş və hazırda orada qeyri-qanuni yaşayan Azərbaycan Respublikasının vətəndaşı olması ehtimal olunan şəxslərə, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş ailə üzvlərinə zəruri yardımın göstərilməsi məqsədilə bir sıra tədbirlər görülüb.
Qeyd olunub ki, məsələ üzrə aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət işçi qrupu yaradılıb və Türkiyə tərəfi ilə razılaşdırmaqla nümayəndə heyəti vətəndaşlarımıza müvafiq yardımın göstərilməsi üçün 2022-ci ilin 27 oktyabr – 07 noyabr tarixlərində və 25 noyabr - 7 dekabr tarixlərində İstanbul şəhərinə iki səfər həyata keçirib. İşçi qrupu üçüncü səfər çərçivəsində hazırda İstanbul şəhərində öz fəaliyyətini davam etdirir.
Müsahibələr, zəruri konsulluq və hüquqi yardımın göstərilməsi ölkəmizin İstanbul şəhərindəki Baş Konsulluğunda həyata keçirilmiş, vətəndaşlarımıza köməklik göstərilməsi üçün bütün şərait yaradılıb.
Nəticədə, bu günədək olan statistik məlumatlara əsasən işçi qrupu tərəfindən 2075 şəxs qəbul edilib, onlardan 1265 nəfərin pasport rəsmiləşdirilməsi üzrə, 159 nəfərin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üzrə sorğuları icraata yönəldilib, 13 nəfər şəxsdən bioloji valideynlik analizi götürülüb, eləcə də 107 digər konsulluq əməliyyatı həyata keçirilərək, 531 şəxsin müraciətləri üzrə müvafiq maarifləndirmə işi aparılıb.
354 ədəd Azərbaycan Respublikasının ümumvətəndaş pasportu vətəndaşlarımıza təqdim edilməsi üçün artıq Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğa göndərilib.
Xarici İşlər Nazirliyi fürsətdən istifadə edərək layihənin təşkilində və həyata keçirilməsində effektiv və səmərəli əməkdaşlığa görə bütün aidiyyəti dövlət qurumlarına öz təşəkkürünü bildirir.
Müvafiq layihənin 2023-cü ildə davam etdirilməsi nəzərdə tutulub.