Bu gün:


Kəmaləddin Heydərovun şirə zavodunun tikintisi dayandırılır

Tarix: 07.12.2020 / 16:55  •   Oxundu: 158 dəfə  •  

Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun Bosniyadakı 40 milyon avroluq şirə zavodunun tikintisi tamamilə dayandırıla bilər.
Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Jurnalist bildirib ki, hər şey Bosniya və Herseqovina hökumətinin yanaşmasından asılı olacaq: “Zavodun təməli 6 il əvvəl Bosniyanın Doboj şəhərində atılıb, 2017-ci ilin əvvəlində istifadəyə verilməli olduğu halda, ləngimə artıq 4 ilə çatır. Baxmayaraq ki, indiyədək layihənin icrasına 15 milyon avro xərclənib, Doboj şəhər bələdiyyəsi Bosniya hökumətinə rəsmi müraciət edərək zavodun tikintisi üçün ayrılmış 10 hektarlıq ərazinin bələdiyyə mülkiyyətinə keçirilməsini və layihənin davam etdirilməsi üçün yeni investorlar axtarışına razılıq verilməsini tələb edib. Səbəb kimi Heydərova məxsus "Benkons" şirkəti tərəfindən layihənin başa çatdırılmaması əsas gətirilib. Şirkətin Bosniyadakı nümayəndəliyi isə şəhər bələdiyyəsini layihəni təhlükəyə atmaqda ittiham edib. Bununla belə şirkətdən heç kim zavodun tikintisinin nə zaman yekunlaşacağı və fəaliyyətə başlayacağı haqda təxmini  tarix belə deyə bilmir. Heydərova məxsus "Benkons" şirkəti 4 ildən bəridir ki, Bosniya hökumətinə "dünya bazarında neftin qiymətinin aşağı düşməsini" və pandemiyanı əsas gətirir. Neftin qiymətinin FHN şefinin büdcəsinə və biznesinə nə dəxli olduğu bəlli deyil. Amma layihəyə Azərbaycan hökuməti dəstək verib.  Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin rəsmi səhifəsində o, BMT-nin “Etimad layihəsi” kimi təqdim olunur. BMT-nin bayrağı altında tikilmiş zavod hazırda yerli "Euro Stil" şirkətinin taxta və yanacaq anbarına çevrilib. Zavodun ərazisinin icarəyə verilməsinin və yanğın təhlükəsi olan anbara çevrilməsinin Heydərovun büdcəsinə nə qədər qazandırdığı məlum deyil”.