
Son zamanlar internetə çıxışı olan hər kəs falçıların və ekstrasenslərin fəallığının necə sürətlə artdığının şahidi olub. Sadə vətəndaşlarla yanaşı, sənət adamları, müğənnillər, məşhurlar da öngörücülərin xidmətindən yararlanmaq üçün növbəyə düzülmüşdür. Hətta iş o yerə gəlib çatmışdır ki, hökuməti təmsil edən vəzifəli şəxslər, nazirlər, komitə sədrləri, rektorlar bir-birini gözdən salmaq, yaxınlarını vəzifəyə gətirmək üçün baxıcılara müraciət edirlər.
Bu gün falçı və cindarlar daha da çoxalıb və aktivləşiblər. Bir çox oxucumuza məlumdur ki, Şəki rayonunun Kiş kəndində Məmməd adlı məşhur cadugər təkcə şimal-qərb zonasında deyil, eyni zamanda Tik-Tok seqmentində də kifayət qədər populyarlıq qazanmış cadugər, baxıcı, falçı, ekstrasens, həkim-dələduzdur.
Kişli Məmməd 2022-ci ilin avqust ayında Rusiya vətəndaşı Bayramova Leyla Telman qızının Cəfərabad kəndində yerləşən mənzilinin həyətyanı sahəsində onları istəməyən şəxslər tərəfindən basdırılmış əməl-felin təmizləmək amacı ilə aldadaraq ondan 2.000 manat pul götürmüşdür.
İDEAL-ın əməkdaşı Kişli Məmmədin qanunsuz törətdiyi əməlləri ilə bağlı onunla telefon əlaqəsi saxlarkən, Kişli Məmməd doğrudan da Bayramova Leyla Telman qızına həqiqətən də 2.000 manat borcu olduğunu etiraf etmiş və yalvar yaxar etmişdir ki, mənə möhlət verin pulu qaytarım. Vətəndaşları aldatmağa vərdişkar olmuş Kişli Məmməd vədinə xilaf çıxmış və borclu olduğu şəxsə pulu qaytarmamışdır.
Fakt üzrə ötən gün Bayramova Leyla Telman qızının hüquqi nümayəndəsi Daxili İşlər Nazirliyinin “102 Çağrı Xidməti”nə müraciət etmişdir. Hadisəyə operativ reaksiya verən Şəki polisinin əməkdaşı Cəmil adlı şəxs bəzi məlumatları öyrəndikdən sonra, ardınca Şəki polis şöbəsinin təhqiqatçısı, polis mayoru Aqşin Gülməmmədov da öz növbəsində bu və ya digər məlumatları dəqiqləşdirdikdən sonra Kişli Məmmədi polis şöbəsinə dəvət etmişlər.
Kişli Məmməd ilk əvvəl onu Şəki polis və prokurorluğu tərəfindən müdafiə edildiyini bildirsə də, biz ona inanmamışdıq, lakin son gəlişmələr onu sübut etdi ki, Kişli Məmmədin dediklərində həqiqət varmış. Belə ki, o, polis şöbəsinə dəvət edildikdən yarım saat sonra dili açılmış, 600 manat borcu olduğunu və hətta bir az da qabağa gedərək “ha indi sizə verdiyim 2.000 manatı məni müdafiə edən polis və prokurorluğa verərəm canım qurtatar” deyərək ifadə etmişdir.
Kişli Məmmədin və onu mühafizə edəmlərin nə danışmasından asılı olmayaraq onun səs yazısı, əlyazmaları, pul köçürmə qəbzləri ortadadır. Ortada olmayan, başlıcası bizi düşündürən və qayğılandıran əsas problem bundan ibarətdir ki, doğrudanmı bu ölkədə bütün falçılar hökumət tərəfindən himayə olunur?
Biz baş verən məlum hadisələri sadalayaq, qoy oxucu bu suallara cavabı özü versin.
Məsələn, ötən il Mehriban Babayeva adlı falçı məhkəmədə dindirilmişdi. İttiham aktına əsasən, S.Rəcəb tanışı Şahin Əliyevi Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib və onun ümumilikdə 250 min manatını dələduzluq yolu ilə ələ keçiribmiş. Hazırda ölkənin kifayət qədər yüksək vəzifəli şəxsləri falçı İmamirəyə inanır. Qazaxlı İmamirə anası Balaxanım xanımın ruhunu müqəddəs elan edib və indi də özü cindarlıqla, falçılıqla məşğuldur. Onun Qazaxda yaşadığı məkanı falçısevərlər "Balaxanım ananın ocağı” adlandırırlar. Bu ocağın müqəddəs hesab etmələri haqqında Deputat Səməd Seyidov, Rəbiyyət Aslanova, Lənkəranın polis rəisi olmuş Möhübbət Hüseynov, Təhsil Nazirliyinin İcra Aparatının sabiq rəhbəri, təhsil nazirinin müşaviri İlham Pirməmmədov mətbuata açıqlamalar vermişlər və falçıya inandıqlarını bəyan etmişlər. Daha sonra "Cindar" Hüseyn və anası "Azenco" şirkətinin rəhbərinin 217 min manat pulunu ələ keçirdiyi üçün məhkəmədə ifadə verməli olmuşdu. Pulun qaytarılmasını tələb edən "Azenco" şirkətinin rəhbəri Faiq Ağayevin həyat yoldaşına falçının cavabı belə olmuşdur: “Pulu cinlərimə vermişdim, onların da xeyir işi vardı, öz toylarına sərf ediblər”.
Bir həftə əvvəl isə Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyevə məhkəməyə təqdim etdiyi rəsmi ərizəsində göstərmişdir ki, universitetin dekanı Dürdanə Əliyeva tərəfindən ona cadu edilib. Bu cadu səbəbindən də rektorun işləri düz getməyib, möhkəm naxoşlayıb, ölüm həddinə çatıb və işdən çıxarılıb.
Sual oluna bilər ki, Dürdanə Əliyeva bu cadugərləri hardan tapır və onlara bu qədər pulu hardan tapıb verir? Axı özü tələbələrdən rüşvət kimi aldığı pulları tələbələrə geri qaytara bilmir və deyir ki, kiçik qız övladım var, olan qalan pullarımı əlimdən almayın, qızımın gələcəyini nəzərə alın.
Demək ki, məsələnin daha dərin kökləri var. Məsələnin kökü isə, iddialara görə, bundan ibarətdir ki, Dürdanə Əliyevanın Bakı Slavyan Universitetində ilişib qalan şəbəkəsi hələ də aşkar fəaliyyətdə imiş. Dürdanə Əliyevanın özünün və onun yaxın çevrəsinin ziyalı-müəllim statusunda olmalarına baxmayaraq belə bəd əməllərlə məşğul olması, rektorun vəzifədən götürülməsi üçün ona cadu edilməsi, rektor xəstələnib dünyasını dəyişdikdən sonra isə onun yerinə Dürdanə Əliyevin sağ qolunun, yəni Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti Hümmətova Sevil Əhməd qızının rektor vəzifəsinə gətirilməsi üçün cinlərə müraciətin olunması artıq mətbuata yansımağa başlayır. Maraqlıdır ki, ali məktəb müəllimi olan Sevil Hümmətova dərs zamanı tələbələrinə nədən danışır? Əlbəttə ki, Ümumi Rusiya dilçiliyi kafedrasının müəllimi, “Magiya Maya” kimi məşhur olan Maya müəllimənin xidmətlərini reklam etməkdən. Boşanan qadınları, sevgilisindən ayrılan qızları, xəyanətə uğrayan müəllimləri, vəzifədə yüksəlmək istəyən əməkdaşları “Magiya Maya”ya yönləndirməklə həm külli-miqdarda qazanc əldə edir, həm də Dürdanə Əliyevanın işini yüngülləşdirmək, onun guya tənha qalacaq balaca övladına layiqli həyatı təmin etmək adı ilə pul toplayır? İddia olunur ki, Sevil Hümmətova bu işlə özü birbaşa məşğul olmur, Yaqut adlı həmkarının köməyindən istifadə edir. Elədirsə, sual oluna bilər, hökumət, xüsusilə Təhsil Nazirliyi və universitetin rəhbərliyi bu hadisələrdən xəbərdardır? Bu elm ocağı əvvəl rəqs məktəbinə çevrilmişdi, indi isə cadugərlik məbədinə dönüb. Bəs Sevil Hümmətovanın gizlin dostu olan Yaqut kimdir? Onu kimlər himayə edir və dələduzluqla əldə olunan on min manatlarla pul kimlər arasında bölünür? Hansı məhkəmə hakimi cadugərə müraciət edib? Hansı nazirliyin yüksək rütbəli əməkdaşının arvadı oğlunun icra başçısı olması üçün ekstrasensə mənzil hədiyyə edib? Bu barədə növbəti yazımızda tanış olacaqsınız.
Mövzu diqqətimizdədir. Əldə etmiş olduğumuz araşdırmalarımız silsilə şəklində dərc olunacaqdır.
P.S. Mehdiabad qəsəbəsində Yeraz Sevinc ləqəbli digər falçı barədə də İDEAL-a daxil olmuş tükürpədici faktlarla sizi tanış edəcəyik.
Polad Musayev