Bu gün:


“Yaşımız çox olduğu üçün döyüşməyə qoymadılar, biz də..

Tarix: 08.12.2020 / 13:59  •   Oxundu: 129 dəfə  •  

Azərbaycan 44 günlük Vətən Müharibəsində öz ərazilərini bərpa etdi. Müharibə zamanı hər kəs çalışırdı ki, bir yolla ordumuza dəstək olsun.
Dəstəklərdən biri də əsgərlərə səyyar hamamların təşkili olub. 
Səyyar hamamı Yalçın Cavadov və Zamin Həsrətov təşkil edib. 
Yalçın Cavadov açıqlamasında bildirib ki, indiyə kimi cəbhəboyu ərazilərdə 1500-dən çox əsgər səyyar hamamdan istifadə edib:
“Bu işə oktyabrın sonlarında başlamışıq. İndiyə qədər dörd yerdə olmuşuq. Döyüşlər dayanandan sonra Hadrut qəsəbəsinə gəlmişik. Hazırda buradayıq. Buradan yaxın ərazilərdə yerləşən hərbi hissələrə gedirik ki, əsgərlər yararlansınlar.
Gün ərzində 100-200 əsgər hamamdan istifadə edir. Biz bu işə buralarda hərbi hissələrdə şərait yaradılana qədər davam edəcəyik. Biz Şuşadanıq, ona görə məqsədimiz hamamı Şuşaya aparıb, oradakı əsgərlərimizə də xidmət etməkdir”.
O qeyd edib ki, hamamı öz şəxsi vəsaitimiz və dostlarımızın dəstəyi və köməyi ilə hazırlamışıq:
“Səyyar hamam dörd kabindən ibarətdir. Avtonom rejimdə işləyir. Suyu 38-41 dərəcəyə qədər qızdırırıq. Əsgərlər isti suda çimirlər. Su qızması dərhal baş verir. Ona görə də ehtiyac olduqda bir günə 500-ə yaxın əsgər çimə bilər.
Elə ikimiz də cəbhə bölgəsində əsgərlərə xidmət edirik. Bizim yaşımız 35-dən yuxarı olduğu üçün döyüşə aparmadılar. Biz də bu cür xidmət etmək qərarına gəldik”.
Onlar əsgərləri sabun, şampun, üzqırxan, corab, alt geyimləri, siqaretlə də təmin ediblər.