Bu gün:


Dövlətdən fəxri ad gözləyən korrupsioner şəbəkə

Tarix: 11.03.2023 / 23:48  •   Oxundu: 1 622 dəfə  •  

Vəzifədə yüksəliş formulu


Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin direktoru olmuş Elman Piriyevin 2022-ci ilin aprelində vəzifəsindən azad edilməsinə səbəb iş yerində, Azərbaycan Respublikasının bayrağı altında əməkdaşlarından biri ilə eşqbazlıq yaşaması oldu. Özü də eşqbazlıq etdiyi bu xanım özündən 16 yaş kiçik idi. Elman Piriyev məşuqəsinə o qədər məftun olmuşdu ki, işdə gəzən söz-söhbətə əhəmiyyət belə verməmişdi və nəhayət barəsində deyilən "pedofil" damğasından sonra Elman Piriyevin adını sonra açıqlayacağımız himayədarı məcbur olub onu Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisinə keçirilməsi ilə bağlı "yuxarıya" təqdimat hazırladı.

 

Lakin artıq görülən bu tədbir gec idi. Nə üçün gec idi? Əvvəla ona görə gec idi ki, onun bu eşqbazlığından artıq ailə üzvləri və qohum-qonşusu xəbər tutmuşdu. Hər iki qızı atasından mənəvi olaraq imtina etmişdi. Lakin buna baxmayaraq Elman Piriyevin media orqanlarına səxavətlə səpələdiyi "şirinlik"lərdən sonra bu barədə olan xəbərlər saytlardan yığışdırıldı və onun yeni vəzifəyə təyinatı ilə bağlı "bəh-bəh"lə xoş xəbərlər paylaşılmağa başlandı. İddia edilir ki, hər bir xəbər saytına 1500-2000, instagram və facebook səhifələrinin adminlərinə isə 150-200 manat arası ödənişlər edildi.

 

Oxucularımızda haqlı sual yarana bilər ki, bu Elman Piriyev kimdir? Necə olur ki, çoxillik təcrübəyə malik səriştəli pedaqoq məktəbdə şagirdi tənbeh edən kimi dərhal Elm və Təhsil Nazirliyi o müəllimi işdən çıxarır, mətbuat o müəllimi linç edir, amma Elman Piriyev vəzifədə ola-ola dövlət səviyyəsində hoqqabazlıq verdiyinə baxmayaraq vəzifədə yüksəlir? Cavabı çox sadədir.

 

Nepotizm, korrupsiya və orgiya əlaqələri

 

Elman Piriyevin arxasına arxa olanlardan biri də Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Azər Əziz oğlu Bayramovdur. Sosial şəbəkə istifadəçiləri arasında Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Azər Bayramovun, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin sektor müdiri Samir Məmmədovun, Bakı şəhər İcra Hakimiyyətinin tabelyində fəaliyyət göstərən Bakı şəhəri üzrə körpələr evi və uşaq bağçalarının maddi-texniki təminatı üzrə direktoru Hacı Ramazan (Mirzəyev Hacı Ramazan Məmməd oğlu həm də Azərbaycan təmir-tikinti fəaliyyəti ilə məşğul olan "Məmmədoğulları Holdinq"in sahibidir) və barələrində növbəti sayımızda daha geniş məlumat verəcəyimiz Cavanşir Beydullayev, Hüseynbala Mirələmov, Hadı Rəcəbli və digərlərinin pünhan bir məkanda keyf məclisi təşkil etməsi barədə informasiyanı dəqiqləşdirdikdən sonra şok məlumatlar üzə çıxdı.

 

Bakı Slavyan Universitetində korruspiya və dələduzluğu himayə edən yüksək vəzifəli məmurların izi...

 

Elə isə dövlətin nəhəng maliyyə qurumuna rəhbərlik edən Elman Piriyevin Elm və Təhsil Nazirliyi ilə, onun əməkdaşları ilə nə kimi əlaqələri ola bilərdi?

 

Məlumata görə, yüksək çinli məmurlar məşhur sənət adamının bağ evinə yığışaraq burada orgiya təşkil edirlərmiş. Onların təhlükəsizliyini (bağ evinin avtomat qapısını açıb-bağlamaq, maşınları yerbəyer etmək, marketdən bazarlıq və s.) isə Bakı Slavyan Universitetinin əməkdaşı Yaqut Məmmədovanın oğlu həyata keçirirmiş (2022-ci ilə qədər bu vəzifənin öhdəsindən İlqar Hacıyev gəlirmiş).

 

 Bunun üçün aşağıdakı arqumentləri oxuculara təqdim etmək yetərlidir:

 

1. Elman Piriyevin 2007-ci ildən Bakı meriyasında işlə təmin olunacağını səbirsizliklə gözləyən bacısı qəflətən Elm və Təhsil Naziri tərəfindən 73 saylı uşaq bağçasına müdir təyin olunur. Onun müdir təyin olunmasında Təhsil nazirliyinin o vaxtkı Kadrlar şöbəsinin müdirinin də böyük rolu olur. Lakin bu təyinat həmin şəxsin yeganə təyinatı deyildi.

 

2. 2020-ci ildə tələbələrin kollektiv şikayəti əsasında Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyeva Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb edilir. Onun həbs olunması və Anar Nağıyevin həmin universitetə yeni rektor kimi işə başlaması, burada kök atmış korrupsiya ocağı ilə mübarizəsi cinayətkar şəbəkəni kökündən titrətsə də, Nəsimi rayon İcra Hakimiyyətində kimlər "tapşırılmışlar siyahısı" təqdim etməklə aparılan islahatlara mane olur?

 

3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin adlarını çəkdiyimiz məmurları tərəfindən Bakı Slavyan Universitetinə 2001-ci ildən etibarən aşağıda adları qeyd olunan şəxslər "xüsusi tapşırılmış personal" qismində fəaliyyətə başlayırlar:

 

1. Cavanşir Beydullayev

2. Dürdanə Əliyeva

3. Sevil Hümmətova

4. Yaqut Məmmədova

5. İrina Yarməmmədova

6. İlqar Hacıyev

7. Zemfira Mehrəliyeva

 

4. Bu şəbəkənin bir qismi yeni rəhbərlik tərəfindən de-şifrə edilsə də, digərləri "mühafizə və müdafiə bronjiletləri" geyindikləri üçün özlərinin "VİP" olduğunu elan etmişlər. Çünki ortada yüz minlərlə pul məbləğindən söhbət gedir.  Bu şəbəkənin bir qismi (bəziləri indiyədək bir-birindən xəbərsiz fəaliyyət göstərdiyi üçün bu xəbər onları şoka salıb aralarında böyük rezonans doğuracaq) rəhbərliyə dələduzluq və rüşvətlə əldə etdikləri pullardan "şirinlik" verərək hələ də işdə qalıb fəaliyyətlərinə davam edirlər. Digər bir qimsi isə "toxunulmazlıq" statusundan istifadə etməklə öz silahdaşlarının həbs olunması ilə barışmayıb aktiv mübarizə aparmaqdadırlar. Adı çəkilənlər Elman Piriyevin, Samir Məmmədovun, Fərzəli Qədirovun, Hadı Rəcəblinin himayəsi altında Bakı Slavyan Universitetində fəaliyyət göstərmiş və bir çoxu indi də fəaliyyət göstərməkdədirlər.

 

5. Elman Piriyevin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 108, (keçmiş Çapayev) yerləşən hündürmərtəbəli binadakı 4 otaqlı mənzilində gizlənən Yaqut Məmmədova nələrin üstünün açılacağından qorxur və hansı məbləği rəhbəri ilə bölüşmək istəmir?

 

6. Dilarə Hacıyeva yeni tikilmiş çoxmərtəbəli binadan rüşvətlə aldığı mənzili hansı məqsədlə satışa qoyub? Onun qızına bağışladığı və keçən il məşhur avtomobil satışı saytında satışa çıxarıb satdığı bahalı maşından əldə edilən gəlir Bakı Slavyan Universitetinin hansı vəzifəli şəxsinə hansı məqsədlə verildi?

 

7. Bakı şəhər, Nizami rayonu ərazisində yerləşən 73 saylı uşaq bağçası neçə milyon manata satılıb? Adi vaxtlarda vətəndaşa göndərilən pulların mənbəyini soruşan hansı bankın əməkdaşı çirkli  pulların yuyulmasında iştirak edib? Nurlana Əliyevanın hansı yaxın simsarı həmin məşhur bankda yüksək vəzifə tutaraq bu işə kömək edib? Vergidən yayınmaqla həyata keçirilən bu qanunsuz ticarət hansı səlahiyyətli şəxsin xeyir-duası ilə baş tutub?

 

8. Öncə Vergilər Nazirliyində işləyən Elman Piriyev vəzifə səlahiyyətlərindən istifadə etməklə kimlərin ticarət obyektlərini qanunsuz olaraq vergidən azad etdi və beləliklə onların vergi cinayətlərindən yayınmasına səbəb oldu? Əvvəl 3 saylı uşaq bağçasına "sahibəlik" etmiş Esmira Məmmədova hazırda Nəsimi rayonunda yerləşən 115 saylı körpələr evi və uşaq bağçasının müdiridir və bu bağçası da artıq satılmaq ərəfəsindədir. Bilirsiniz kimə və neçəyə? Bu barədə növbəti sayımızda.

 

9. Hacı Ramazan hansı böyük cinayətdə ittiham olunurdu? Nə üçün Azərbaycan Respublikası Baş Prokurorluğu bu məsələni böyüməyə qoymadı. Nəyin və kimin gücünə? Həmin böyük cinayətin bütün detalları tezliklə dərc olunacaq.

 

10. Esmira Məmmədova Sevil Hümmətovanın sədri olduğu seçki dairəsindən namizədliyini vermiş hansı deputatın, hansı yollarla və kimin köməyi ilə saxta səs toplamasına yardım etdi? Buna görə Sevil Hümmətovanın mükafatı nə oldu? Səs yazıları və fotolar növbəti sayımıza.

 

11. Azərbaycan Respublikası Baş Prokurorluğu strukturunda kim və nə üçün Bakı şəhər, Nizami rayonu ərazisində yerləşən 73 saylı uşaq bağçasının külli-miqdar qiymət qarşılığında qanunsuz satışını araşdırdıqdan sonra həmin məsələni ört-basdır edib Dürdanə Əliyevanın həbs edilməsinə razılıq verdi?

 

Davamı var...

 

Polad Musayev