
Abşeron rayonu, Mehdiabad qəsəbəsindəki 4 saylı orta məktəbdə dərsə gecikən şagirdə cəza olaraq, müəllim məktəbin döşəməsini sildirib. Üstəlik xəbərdarlıq edib ki, növbəti dəfə gecikmə olsa, məktəbin tualetini də sildirəcək. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Şagirdin bacısı iddia edir ki, qardaşı döşəməni silərkən müəllimi onu videoya çəkib. Müəllim isə deyib ki, şagirdləri belə cəzalandırmaq həmin məktəbin daxili qaydalarıdır. Məsələ ilə bağlı İDEAL TV-yə açıqlama verən 4 saylı məktəbin direktoru Elnurə Cavadzadə faktı təsdiqləyib. O bildirib ki, məktəbin daxili intizam qaydaları var və bu qaydalar çərçivəsində müəyyən cəza tədbirləri görülür. Bir neçə dəfə gecikən, vəziyyətdən sui-istifadə edərək intizam qaydalarını pozan şagirdlər bu şəkildə cəzalandırılır. Elnurə Cavadzadə iddia edib ki, bu cür təcrübə dünyanın başqa ölkələrində də var, o, xüsusilə də Yaponiyanı misal çəkib. Bunu da diqqətə çatdıraq ki, Yaponiyada bu üsul cəza tədbiri kimi, nəzərdə tutulmayıb. Əksər Yaponiya məktəblərində xidmətçi ştatı olmur, təmizlik işləri şagirdlər arasında bölünür. Bu daha çox vəzifə, məsuliyyət bölgüsü kimi nəzərdə tutulur.