Bu gün:


Maşını hansı hallarda geriyə sürmək olar? – CƏRİMƏSİ AÇIQLANDI

Tarix: 11.04.2023 / 16:18  •   Oxundu: 107 dəfə  •  

Son günlərdə sosial şəbəkələrdə Bakıda əks istiqamətdə avtomobil sürən 20 yaşlı tələbənin görüntüləri yayıldı. Heç bir az keçmədi ki, başqa bir maşının da şəhəri arxaya gedərək gəzməsi məlum oldu. 
Videoda tələbənin avtomobili arxa-arxaya sürərək yol hərəkəti qaydalarını kobudcasına pozması açıqca görünür. 
İDEAL isə bu məsələyə tamam başqa aspektdən yanaşır. Maraqlıdır, görəsən, avtomobili arxa-arxaya sürmək nə dərəcədə qanunidir?
Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Lent.az-a açıqlamasında bildirib ki, avtomobilin geriyə hərəkət funksiyası qabağa hərəkət üçün icazə verilən zolaqda mümkündür.


Onun sözlərinə görə, əks istiqamətin zolağında isə buna icazə verilmir:
“Yol təhlükəsizliyi qaydalarına görə, avtomobilin parklanma yerinə girib-çıxma zamanı, yolun dar və ensiz yerlərində dönmə zamanı, 20-30 metr məsafədə və ən aşağı sürətlə geriyə getməsi mümkündür. Axın zamanı hərəkətin əks istiqamətində avtomobili geriyə sürmək çox təhlükəlidir”.
Bəs, hərəkət axınının əksinə avtomobil sürənlər nə ilə cəzalandırılır?
Mövzu ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, bəzi yollarda nəqliyyat vasitəsini geriyə sürmək yolverilməzdir.
Onun fikirlərinə görə, avtomobili yalnız park edərkən geriyə sürmək olar:
“Birtərəfli hərəkət yollarında, magistral yollarda və s. avtomobili geriyə sürmək qəti qadağandır. Hərəkət axınının əksinə avtomobil idarə etmək yolverilməzdir. Sözügedən qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.4-cü (Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə) maddəsində əks olunub. Həmin maddə əsasında 100 manat məbləğində və 4 bal cərimə nəzərdə tutulur. Bu pozuntu zamanı avtomobilin hansı məsafədə geriyə sürülməsinin fərqi yoxdur”.
Xatırladaq ki, bir-iki gün bundan əvvəl Rauf Cabbarbəyli vətəndaş Bakının mərkəzi yollarında 99-ED-717 dövlət qeydiyyat nişanlı "Volkswagen Touareg" markalı avtomobili arxa-arxaya sürərək yol hərəkəti qaydalarını kobudcasına pozub. 20 yaşlı oğlan daha sonra xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, 20 yaşlı Rauf Cabbarbəylinin psixi pozuntusu olduğu məlum olub. Bununla bağlı həkim rəyi də alınıb. Burada sual doğuran məqam ortaya çıxır. 18 yaşında sürücülük vəsiqəsi alan gəncin 2 ildən az bir vaxtda psixi pozuntusu nə zaman və hansı səbəbdən yaranıb? Onun təhsil aldığı ali təhsil müəssisəsindən də tələbənin çalışqan olduğu bildirilib.